Tribuna İnformasiya Agentliyi

Azərbaycan millisinin sabiq hücumçusu futbol klubu yaradıb

02 May

Vergilər Nazirliyi yeni futbol klubunu qeydiyyata alıb.

TİA.AZ report-a istinadən xəbər verir ki, “Zenit Bakı” FK-nın hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 3, məhlə 3123, mənzil 107-dir. Klubun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Azərbaycan milli komandasının sabiq futboçusu Kənan Nazim oğlu Kərimovdur.

Kərimov açıqlamasında bilidirib ki, bu il “Şirvan” olaraq yaradılan klubun adı sonradan dəyişdirilib. O, məqsədlərinin I Divizionda çıxış etməkdən ibarət olduğunu deyib: “Əvvəlcə “Şirvan” adı ilə yaradılan klub mənim adımadır. Klubun hazırda yalnız əsas komandası fəaliyyət göstərir və Həvəskarlar Liqasında çıxış edir. Yer aldığımız “B” qrupunun qalibi olmuşuq. Final mərhələsinin oyunlarını gözləyirik. Hələlik nə vaxt baş tutacağı bilinmir. Məqsədimiz I Divizionda çıxış etməkdir. Sponsor tapılsa, belə bir niyyətimiz var”.

Veteran hücumçu komandanın “Vətən” klubunun bazasında məşq etdiyini, oyunları orada və “İnter Arena”nın 4-cü meydanında keçirdiklərini bildirib. O, komandanın oynayan məşqçisi olduğunu da əlavə edib.

Qeyd edək ki, Kənan Kərimov karyerası ərzində “Qarabağ”, “Şəmkir”, “Turan”, “Kəpəz”, “Qəbələ”, “Viləş”, “Karvan”, “Pambıqçı”, “Avtomobilçi” və OİK klublarında çıxış edib. O, Azərbaycan yığmasının heyətində 13 oyun keçirib və bir qol vurub. 42 yaşlı veteran forvard Azərbaycan Premyer Liqasında 100-dən çox qol vuran 10 futbolçudan biridir. Kərimov 101 dəfə fərqlənib.