Tribuna İnformasiya Agentliyi

“Azərbaycan İpoteka Fondu”nun fəaliyyəti ilə bağlı nöqsanlar aşkar edilib

10 May

Hesablama Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin fəaliyyəti ilə bağlı həyata keçirdiyi təhlilin nəticələrini açıqlayıb

TİA.AZ-ın in məlumatına görə, bu barədə “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub.
Sənəddə vurğulanıb ki, dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə cəlb edilmiş vəsaitlər likvidliyin təmin olunması məqsədilə ipoteka kreditlərinin verilməsinə tam istiqamətlənməyib, əhalinin aztəminatlı hissəsinin ipoteka kreditlərindən yararlanmasını asanlaşdırmaq məqsədilə ipoteka kreditləri üzrə zəmanələrin verilməsi qaydalarının hazırlanaraq təsdiq edilməsi təmin edilməyib, həmçinin ipoteka kreditləri üzrə mövcud real tələbatın ödənilməsi üçün strateji maliyyə planlaşma sənədləri hazırlanmayıb.
Bundan başqa, regionlar üzrə verilmiş ipoteka kreditlərinin həcmi Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olub. Mənzillərin orta bazar qiymətlərinin müəyyən edilməsi zamanı, habelə təmirli yaşayış sahəsinin 1 kvadratmetr üçün orta baza qiymətlərinin tətbiqi prosesində zona daxilində ayrı-ayrı ərazilərdə yaşayış sahələri üzrə kəskin qiymət fərqlərinin yaranması, ədalətli orta bazar qiymətinin müəyyənləşməsi çətinliklərlə müşahidə olunub.
Lisenziyası ləğv olunmuş və ya maliyyə göstəricilərinə görə nəzarətə götürülmüş bankların ipoteka krediti portfelinin müvafiq tədbirlər çərçivəsində digər banklara ötürülməsini tənzimləyən müvafiq qaydalar mövcud olmayıb. Dövlət büdcəsindən ayrılmış vəsaitin Cəmiyyətin müvafiq hesabına düzgün mədaxil olunmasına nəzarət məqsədilə Dövlət Xəzinədarlıq orqanı ilə Üzləşdirmə sənədləri rəsmiləşdirilməyib, vəsaitlərin depozitə yerləşdirilməsi zamanı bankların seçim meyarlarında dəqiqləşdirmələr aparılmasına ehtiyac yaranıb. Cəmiyyətin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi mənfəət bölüşdürülməyib, limitlərin ayrılması zamanı müvafiq qaydaların tələbləri gözlənilməyib. Daxili nəzarət tədbirlərinin və monitorinqlərin keçirilməsi zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına nəzarət lazımi səviyyədə olmayıb.
Hesablama Palatasının Kollegiyası analitik təhlilin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib və həmin qərar icra üçün “Azərbaycan İpoteka Fondu” ASC-yə göndərilib.
Təqdim edilən məlumata əsasən, Cəmiyyətin strukturunda zəmanətlərin verilməsi şöbəsi yaradılıb, zəmanət mexanizminin tətbiqi ilə bağlı təşkilatı işlərin başa çatdırılması və zəmanətlərin verilməsinə başlanılması, eyni zamanda strateji maliyyə planlaşması ilə bağlı müvafiq sənədlərin təsdiq edilməsi planlaşdırılıb.