Ayxan Abbasov: “Dəyişiklik istədim, baş məşqçini dəyişdilər”backend

Ayxan Abbasov: “Dəyişiklik istədim, baş məşqçini dəyişdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sumqayıt” futbol komandasının baş məşqçi vəzifəsindən istefaya göndərilən Ayxan Abbasovun “Report”a müsahibəsi

– “Sumqayıt” niyə sizinlə yolları ayırdı, nə baş verdi?

– Çox da dərinə getmək istəmirəm. Təşəbbüs klubdan gəldi, vidalaşdıq.

– Əslində əvvəlcə özünüz istefa siqnalı vermişdiniz, amma sonra fikrinizi dəyişdiniz. Vəzifənizdə qalmaq istəyirdiniz?

– Dəyişiklik gözlənilirdi. Xeyirlisi belə imiş. “Sumqayıt”da 4 ilə yaxın işlədim, nailiyyətlər qazandım. Çox xırdalıqlara getmək fikrində deyiləm. Hər iki tərəf üçün xeyirli olsun. Yalnız bunu deyə bilərəm.

– Mətbuat konfranslarında, müsahibələrinizdə dəfələrlə heyətlə bağlı problemlərdən söz açmısınız. Bildirmisiz ki, bu heyətlə digər komandalara qarşı mübarizə aparmaq asan deyil. Demək olarmı ki, komandadan ayrılmağınızda bu amil həlledici rol oynadı?

– “Sumqayıt”da çalışanda hər zaman problemləri açıq şəkildə demişəm. Əslində çətinlikləri bilib ora getmişdim. Ovaxtkı komanda ilə indiki arasında dağlar qədər fərq var. Komandanın formalaşması, inkişafı üçün əlimdən gələni etmişəm. Təbii ki, rəhbərlik də hər zaman mənə dəstək oldu. Klubumuz tarixində ilk dəfə avrokuboklarda iştirak etdi. Ardınca yenə Avropa Liqası, Premyer Liqada bürünc medal. Bunlar mənim üçün böyük nailiyyətdir. Şəhərin arzusunu gerçəkləşdirdik. Amma getdikcə daha da inkişaf etməlisən. Çünki digər komandalar güclənir. Yerində saysan, irəli gedə bilməzsən. Əlbəttə, çətinliklər var idi və bunu hamı bilirdi. Belə bir qərar qəbul etdilər. Görək, bundan sonra necə olacaq (gülür). Hər kəs hər şeyi görür və bilir. Ola bilər, klub nəyisə dəyişmək istəyir, planda mən yoxam.

– Klubdan müqaviləni pozmaq təklif olunanda buna reaksiyanız necə oldu: Səbəbini soruşdunuz?

– Səbəb odur ki, rəhbərlik bu gün belə düşünür. Həmişə deyirdim ki, komandada dəyişiklik lazımdır. Yəni, oyunçular alınmalı idi. Bəzi futbolçular gözləntilərimizi doğrultmadılar. Qışdan sonra dəyişiklik mütləq idi. Rəhbərlik isə düşündü ki, bəlkə baş məşqçini dəyişsək, uğurlu olar. Bunu deyə bilmərəm.

– Bəs siz özünüz necə düşünürsünüz: “Sumqayıt”ın problemi baş məşqçi ilə bağlıdır?

– Xeyr, mən bunu deyə bilmərəm. Gərək, özləri bu barədə danışsınlar. Artıq qərar verilib.

– “Sumqayıt” mövsümə yaxşı başlasa da, sonradan eniş yaşandı. Bunun səbəbini nədə görürsünüz?

– Əsas səbəb odur ki, istəmədiyimiz hallarla üzləşdik. Elvin Bədəlovun zədələnməsi bizə baha başa gəldi. Düzdür, onu əvəzləyəcək futbolçular var idi, amma çətinlik çəkdik. Ardınca Əli Qurbaninin zədələnməsi və hücum xətti üçün alternativlərimizin az olması, Murad Xaçayevin cəzalı duruma düşməsi bizi çətin vəziyyətə saldı. Hətta elə oyun oldu ki, 11 nəfəri güclə topladıq. 8 futbolçumuz 3 həftə milli komandada oldu, amma oynamadı. Ruh düşkünlüyü yaşandı. Bəzi matçlarda yaxşı oynasaq da, qələbə qazana bilmədik. Bəlkə futbolçularımız ötənilki uğurun eyforiyasından gec çıxdılar. Müəyyən mövqelərdə rəqabətin az olması, arxayınlıq və bu kimi digər səbəblər çıxışımıza mənfi təsir göstərdi. Futbolda bu hallar hər komandanın, hər bir baş məşqçinin başına gələ biləcək şeylərdir.

– Yəni, dediklərinizdən belə başa düşmək olar ki, problem heyətdən qaynaqlanır…

– Hər kəs bilir ki, “Sumqayıt”ın heyəti güclənə bilmədi. Bu, bizə zərbə vurdu. Hamı istəyir ki, əlinin altında çox futbolçu olsun. Əlimdə olanlardan maksimum istifadə etməyə çalışmışam. Uduzanda bəhanə etməmişəm, legioner istəməmişəm. Heç kimə hər il komandanı Avropa Liqasına çıxarmağı söz verməmişəm. Bunu məndən tələb etsəydilər. razı olmazdım. Amma əzmkar komanda yaradacağıma söz vermişdim. Buna da nail olmuşuq.

– Bu, sizin öz yığdığınız komandadır. Amma son oyunlarda futbolçularda istəksizlik nəzərə çarpırdı. Siz özünüz bunu müşahidə etmişdiniz?

– Bu mövsüm böyük transferlər etməmişdik. Yalnız Rza Səidi gətirmişdik. Ona da vaxt lazım idi. Burada maddiyyat da önəmlidir. Legioner gətirə bilmirdik. Bəzi futbolçuların oyunları alınmırdı, həvəsdən düşürdü. Onları motivasiya etməyə çalışırdıq. Yığmada az oynadıqları üçün çıxışlarında düşüş olurdu. Bir-iki oyunu zəif keçirdikləri üçün kimisə günahlar çıxarmaq düzgün deyil. Bu komanda çox böyük iş görüb. Hər kəsə təşəkkürümü bildirirəm. “Sumqayıt”dan yaxşı təəssüratlarla ayrılmışam.

– Heyətin gücləndirilməməsi maliyyə ilə bağlıdır, yoxsa klub özü bunda maraqlı deyil?

– Təbii ki, burada əsas məsələ maliyyədir. Yerli bazarda çox seçim yoxdur. Hər zaman Azərbaycan əsilli futbolçu axtarırdıq. Onlar da az pula gəlmirlər. Amma legioner seçimi olanda aşağı məbləğə də tapmaq olar. Hansı klub istəməz ki, heyətdə yaxşı futbolçuları olsun?

– Bəs, “Sumqayıt”a legioner futbolçu niyə götürmürlər?

– Bu, klubun öz fəlsəfəsidir. Ora gedəndə bilirdim ki, buna icazə verməyəcəklər. Ona görə də indi narazılıq etmək düzgün olmaz.

– Riad Rəfiyevin həm də menecerlik fəaliyyəti ilə məşğul olduğu barədə iddialar var. Legioner siyasəti sırf bu amillə bağlı ola bilər?

– Xeyr, nə ilə məşğul olduğunu bilmirəm. Mən Riad Rəfiyevi orada ancaq klub prezidenti kimi tanımışam. Yalnız bunu deyə bilərəm.

– Gələcəklə bağlı planlarınız nədir: Təklifləriniz var?

– Yox, cəmi 2 gündür vəzifəmdən ayrılmışam. İstirahətə ehtiyacım var.