Avtomobil kreditlərinə qoyulan məhdudiyyət götürülə bilər – Məsələ gündəmdədirbackend

Avtomobil kreditlərinə qoyulan məhdudiyyət götürülə bilər – Məsələ gündəmdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda avtomobil kreditlərinə qoyulan məhdudiyyətin aradan qaldırılması məsələsi gündəmdədir. Belə ki, ölkənin avtomobil parkının böyük hissəsini köhnə avtomobillərin təşkil etdiyini deyən bir sıra ekspertlər hesab edirlər ki, yenilənmək üçün kredit şərtlərinin yumşalması lazımdır.
Qeyd edək ki, 2014-cü ildən etibarən banklara avtomobil kreditləri ilə bağlı məhdudiyyətlər qoyulub. İli köhnə olan avtomobillərə ümumiyyətlə kredit verilməsi qadağan edilib. Orta vəziyyətdə və yeni avtomobillərə isə ən azı dəyərinin yarısı qədər ilkin ödəniş tələbi var. Bəzi mütəxəssislər hesab edirlər ki, şərtlərin ağırlaşmasından sonra ölkədə köhnə avtomobillərin sayı artıb. Bu isə öz növbəsində ekoloji və qəza təhlükəsizliyinə zərərdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərovun sözlərinə görə, Azərbaycanda atmosferə atılan zərərli maddələrin böyük hissəsi avtomobillərin payına düşür və xüsusilə Abşeron yarımadasında vəziyyət daha acınacaqlıdır:
“Ölkədə istifadədə olan avtomobillərin əksəriyyəti köhnəlib. Onlar atmosferə daha çox zərərli qaz buraxır. Artıq köhnə avtomobillərdən imtina edib elektrik və hibrid avtomobillərə keçməyin vaxtı çatıb. Biz bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparıb təkliflərimizi vermişik. Əhalinin ətraf mühitə zərərsiz yeni avtomobillərdən istifadəsini təşviq etmək lazımdır”.
Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov da məsələ ilə bağlı açıqlamasında bildirib ki, ölkədə istismarda olan 1 milyon 500 minə yaxın avtomobilin böyük əksəriyyəti istismar dövrünü başa vurub. “Bu avtomobillər həm yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, həm də ətraf mühitin mühafizəsi baxımından yararsızdır, – deyən E.Cəfərov bildirib ki, ölkədə vətəndaşların yeni avtomobillər alması üçün imkanlar genişləndirilməlidir: –  Vətəndaşlara əlverişli kredit şəraiti yaradılmalıdır”.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, bu gün Azərbaycanda təzə avtomobil ümumi avtomobil parkının yalnız 10 faizini təşkil edir:
“Təxminən 20-30 faiz civarında avtomobil 10 ilə qədər ömrü olanlardır, qalanları isə lap köhnələrdir. Hətta  bu gün ölkəmizdə 30-40 ildir istismar olunan avtomobil var. Bəli, avtomobil kreditləri məhdudlaşdırılıb, bundan əlavə dolların bahalaşması da ölkəmizdə avtomobil bazarına ciddi təsir göstərdi. Üstəlik, gömrük rüsumlarını artırlmaqla Dövlət Gömrük Komitəsi bu işə öz “tövhəsi”ni verdi. Avtomobil bazarı son bir ildə bir qədər dirçəlib, taksi fəaliyyəti və s. məsələlərlə bağlı artıq müəyyən tələblər qoyulur və bunun sayəsində yenilənməyə meyil artıb. Amma ümumən vəziyyət çox acınacaqlıdır. Köhnə avtomobil qəza zamanı ölüm riskinin daha yüksək olması deməkdir. Bunu biz təcrübədə çox görmüşük. Məsələn, bir neçə gün öncə Şəmkirdə baş verən qəzada “Mercedes” markalı iki avtomobil toqquşdu və iki nəfər dünyasını dəyişdi. Bu o deməkdir ki, avtomobillərin təhlükəsizliyi normal vəziyyətdə olmayıb. Buna bənzər hadisələr çox olub. Normalda hər qəza ölümlə nəticələnməməlidir, çünki müasir avtomobillərdə müxtəlif təhlükəsizlik elementləri mövcuddur. Amma biz hələ o müasir avtomobillərə çatmamışıq. Dünya sürücüsüz avtomobillə gündəmə gəlir, bir çox ölkələrdə sürücüsüz avtobus, sürücüsüz taksi haqda düşünürlər, biz hələ 1990-2000-ci illərin avtomobillərini necə ala biləcəyimiz haqda düşünürük. Artıq dünyada hibrid avtomobillər, elektromobillər geniş yayılır, amma Dövlər Gömrük Komitəsi hibridlər üçün güzəşt tətbiq etmədi, elektromobillər üçün etdi, halbuki bizim əhalinin onlara inamı çox deyil, çünki onların yanacaqdoldurma məntəqəsi geniş yayılmayıb. Hibridlər isə özü özünü enerji ilə təmin edir, yaxud enerji olmasa benzinlə idarə olunur. Dünya təcrübəsində xüsusən qış aylarında bəzən traslarda yüzlərlə avtomobilin iştirakı ilə qəzalar baş verir, ölüm hadisəsi qeydə alınmır, amma bizdə 2 avtomobil toqquşur azı 2 adam ölür. Bu o deməkdir ki, avtomobillərin texniki parametrləri tələblər çərçivəsində deyil”.
Ekspertin sözlərinə görə, Gürcüstanda ucuz satılan avtomobillər hansısa ölkələrdə vurulmuş, əzilmiş, keyfiyyətini itirmiş avtomobillərdir ki, kosmetik dəyişikliklərlə bizə satılır:
“Avtomobil kreditlərinin məhdudlaşdırılması da bir yandan problem yaradır. Bu kreditlərin tətbiqi iqtisadiyyata sərfəlidir. Bu, bankın işinin, qazancının artması deməkdir. Bunu məhdudlaşdırmaqla avtomobil parkının yenilənməsinin qarşısını aldılar. Bütün bu işlərin başında bank sektoru, müvafiq dövlət qurumları dayanır, müəyyən yumşalmalar edilməlidir ki, avtomobil parkı yenilənsin. İnsanlara deyirik, köhnə avtomobil sürmə, yenisini al, bir yandan da onların yolunu bağlayırıq. Başqa ölkələrdə 5-10 min manata olan avtomobil Azərbaycana 15-20 min manata başa gəlir. Bizdə bu sahədə vəziyyət Gürcüstan və hətta bədnam qonşumuz Ermənistanla müqayisədə bərbaddır. Bu bazarı təhlil etmək, öyrənmək lazımdır. Necə olur ki, onlara avtomobil ucuz başa gəlir, Azərbaycana gələndə kəllə-çarxa çıxır? Niyə insanların seçim etmək, yeni avtomobil sürmək imkanlarını məhdudlaşdırırlar? Niyə biz başqa ölkələrin tör-töküntü, qəzalı avtomobillərini sürməliyik? Əslində bu sualların cavabı ortadadır: gömrükdə güzəştlər tətbiq olunmalıdır, avtomobillərin gömrük qeydiyyatı sadələşdirilməli və ucuzlaşdırılmalıdır. Əks halda avtomobil parkımız getdikcə daha acınacaqlı duruma düşəcək”.
Bank məsələləri üzrə ekspert Samir Əliyevin sözlərinə görə, 2014-cü ildə avtokreditlər məhdudlaşdırılanda məqsəd məhz köhnə avtomobillərin sıradan çıxarılması idi:
“Tıxaclar çoxalırdı, müxtəlif problemlər yaranırdı. Ona qədər ölkədə avtomobil sayı sürətlə artırdı. Ona görə hökumət əvvəlcə avtokreditləri ləğv etdi, sonradan məhdudiyyətlə bərpa etdi. Yeni avtomobillərdə ilkin ödəniş 50 faizə qədər artırıldı, nisbətən köhnələrdə ümumiyyətlə çoxaldıldı. İndi yenidən bu məsələ gündəmə gəlib, amma bu, hökumətin bugünkü niyyətinə uyğun gəlmir. Çünki hökumətin qarşısında əsas məqsəd istehlak kreditlərini məhdudlaşdırmaqdır. Bilirsiniz ki, bankların verdiyi kreditlərin yarıdan çoxunu istehlak kreditləri təşkil edir, bu isə hökumətin narahatlığına səbəb olub. Hazırda biznes kreditlərinin ümumi kredit portfelində payının artırılmasına çalışılır. Belə bir dönəmdə istehlak kreditlərinin vacib hissəsi olan avtokreditlərin yumşaldılması bu prinsipə uyğun gəlmir. Mən düşünürəm ki, bu məsələdə tələsməyə ehtiyac yoxdur. Düzdür, avtomobil parkının yenilənməsinin əleyhinə də deyiləm. Bizim maşın sənayemiz yoxdur və belə bir məqamda idxal şərtlərini asanlaşdırmaq lazımdır. Yoxsa istehlak kreditlərinin artması sahibkarlığın inkişafına ciddi problemlər yaradır. Banklar biznesə yox, istehlak kreditlərinə maraqlı olurlar və nəticədə sahibkarlar pulsuz qalırlar”.