Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın – Qaydalar dəyişirbackend

Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın – Qaydalar dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əmlak eksperti: “Yaxşı olar ki, ilkin dövrlərdə hökumət müəyyən güzəşt siyasəti yürütsün”

Nəqliyyat eksperti: “Bu hamıya sərf edəcək – hökumətə də, alana da, satana da”

Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilib. Bu məsələ “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Dəyişikliklər artıq Milli Məclisdə təsdiq edilib. Qeyd edək ki, bundan öncə mənzillərin alqı-satqısı zamanı tətbiq edilən bu qayda 2022-ci ildən etibarən avtomobillərin alqı-satqısına da şamil olunacaq.

Əmlak eksperti, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc AYNA-ya açıqlamasında deyib ki, bu qaydanın qəbulu qaçılmaz idi: “Əvvəla o səbəbdən ki, artıq bir çox əqdlər zamanı rüsumlar yalnız nağdsız formada ödənilir. Daşınmaz əmlakın alqı-satqısı zamanı uzun müddətdir bu qaydadan istifadə edilir. Bu qayda ilk növbədə vətəndaşların xeyrinədir. Dövlət avtomobillərin alqı-satqısı uçotunu bu yolla tənzimləmək istəyir. Bu, gələcəkdə ortaya çıxacaq hüquqi problemlərin də qarşısını alacaq”.

“Çox təəssüf ki, əksər sürücülər avtomobilləri etibarnamə ilə idarə edirlər. Onlar yalnız avtomobilin üzərində qərar vermək hüququ qazanırlar. Qanuna görə isə bunu hər il yeniləmək lazımdır. Bu səbəbdən avtomobillərin real sahibləri bəzən ciddi problemlərlə üzləşirlər. Bir çox hallarda isə sui-istifadə hallarına rast gəlirik. Avtomobili öz adında saxlayan keçmiş sahibi sonradan onu geri qaytarmaqla bağlı məsələ qaldırır. Hesab edirəm ki, əmlakın real sahibləri ilk növbədə onu öz adlarına rəsmiləşdirməlidirlər. Hansısa kiçik rüsuma görə, özünü riskə atmağa dəyməz”, – deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, nağdsız ödənişlər büdcədən yayınma hallarının da qarşısını alacaq: “Avtomobillərin dövlət reyestrinin aparılması vacibdir. Bu olmadığına görə, avtomobillərin alqı-satqısı ilə bağlı statistik göstəricilər də bəzən reallığı əks etdirmir. Qiymətləndirmə şirkətləri olaraq bununla bağlı çətinliklər yaşayırıq. Məcbur olub qeyri-rəsmi mənbələrə üz tuturuq. İxtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi zəruri addımdır”.

“İqtisadiyyatda liberallığı təmin etmək, eyni zamanda şəffaflığa nail olmaq üçün nəinki bu sektorda, bütün sahələrdə alqı-satqı prosesləri nağdsız və elektron qaydada həyata keçirilməlidir. Yaxşı olardı ki, ilkin dövrlərdə hökumət müəyyən güzəşt siyasəti yürütsün. Misal üçün, alqı-satqı rəsmiləşdirilmələri zamanı tətbiq edilən rüsumlarda güzəştlər nəzərdə tutulsun. Bu əmlak sahibləri arasında gələcəkdə yarana biləcək problemlərin də qarşısını ala bilər. Yəni, belə bir güzəşt olarsa, avtomobil sahibləri etibarnamələrə deyil, real alqı-satqılara üstünlük verəcəklər”, – deyə Oruc vurğulayıb.

Əlavə edib ki, gələn il avtomobillərin də qiymətlərində artım müşahidə olunacaq: “Bilirsiniz ki, bir çox sahələrdə rüsumların artırılmasına qərar verilib. Bu, idxal zamanı avtomobillərin rəsmiləşdirilməsi rüsumlarına da şamil olunub. Onsuz da Azərbaycanda avtomobillərin qiymətləri baha idi. Gələn ildən isə qiymətlər yenə artacaq”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov da AYNA-ya şərhində söyləyib ki, yeni qaydanın tətbiqi, əsasən uçotun aparılmasını nəzərdə tutur: “Bu qayda bir çox istiqamətlərdə vətəndaşların xeyrinə olacaq. Onların fırıldaqçılıq halları ilə üzləşməsinin qarşısını alacaq – necə ki, hər il yüzlərlə insan müxtəlif fırıldaqların qurbanı olur. Onlar etibarnamə ilə avtomobil alsalar da, sonradan həmin maşınları geri tələb edirlər. Baxmayaraq ki, maşının real sahibidirlər, rəsmiləşdirmə aparmadıqlarına görə hüquqsuz duruma düşürlər”.

“Qanuna edilən dəyişiklik birmənalı olaraq bu kimi halların qarşısını alacaq. Çünki vətəndaş əmlak, o cümlədən avtomobil əldə edərkən nağdsız qaydada ödəniş etməli olacaq”, – deyə mütəxəssis qeyd edib.

Cəfərovun fikrincə, bir müddət sonra ölkədə nağd ödənişlər demək olar ki, tam aradan qalxacaq: “Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, inkişaf etmiş və etməkdə olan dövlətlərin hamısında nağdsız ödənişlərə üstünlük verirlər. Elektron ödəniş oğurluq və digər cinayətlərin qarşısını alır. Biz də buna keçid etməliyik. Daşınmaz əmlak sektorunda tətbiq edilən bu qayda gələn ildən avtomobillərə də şamil olunacaq. Sözsüz, bu qərarı alqışlamaq lazımdır və bundan heç kim – alan, satan, alverçi əziyyət çəkməyəcək”.

Müəllif: Azər Niftiyev