Tribuna İnformasiya Agentliyi

Avstriya parlamentində “Noyabr qırğınları”nın 80-ci ildönümü anılıb

10 Noyabr

Noyabrın 9-da Avstriya parlamentində 1938-ci ilin noyabr günlərində bu ölkədə yəhudi əhaliyə qarşı törədilmiş qətliamlarla bağlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, anım tədbirində Avstriyanın dövlət və hökumət nümayəndələri, İsraildən olan qonaqlar və vaxtilə Holokost hadisələrini yaşamış şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Avstriya parlamentinin sədri Volfqanq Sobotka 1938-ci ildə baş vermiş hadisələrə görə Avstriya hökuməti adından israilli qonaqlardan üzr istəyib.

Federal kansler Sebastian Kurts Avstriyanın daşıdığı tarixi məsuliyyəti yaxşı dərk etdiyini vurğulayaraq, ölkəsində və Avropada antisemitizmə və irqi ayrı-seçkiliyə bir daha yer olmadığını bildirib.

Digər çıxış edənlər milli-sosializm dövründə yəhudilərə qarşı törədilmiş soyqırımını pisləməklə yanaşı, bu gün cəmiyyətdə antisemitizm meyllərinin hələ də mövcud olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, İkinci Dünya müharibəsi başa çatanadək təkcə Avstriyada yəhudi mənşəli 66 min insan qətlə yetirilib.