Avropada rekord istilər – Siciliyada havanın temperaturu 48,8 dərəcəyə çatıbbackend

Avropada rekord istilər – Siciliyada havanın temperaturu 48,8 dərəcəyə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada rekord istilər müşahidə olunur.

TİA.AZ xarici KİV-lərə istinadən bildirir ki, ötən gün İtaliyanın Siciliya adasında havanın temperaturu 48.8 dərəcəyə qədər yüksəlib. Bu isə Avropada indiyə qədər qeydə alınan ən yüksək temperatur göstəricisidir.

Lakin Dünya Meteorologiya Təşkilatı (WMO) hələ ki, bu məlumatı təsdiqləməyib. Qurumun məlumatına görə Avropada bu günə qədər ən yüksək temperatur 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada qeydə alınıb – 48 dərəcə.

Məlumata görə, son günlər İtaliyada müşahidə olunan istilik dalğası Afrikadan gələn “Lucifer” adlı yüksək təzyiq sistemindən qaynaqlanıb.

İtaliya Səhiyyə Nazirliyi bəzi bölgələrdə son dərəcə isti hava müşahidə olunacağı ilə bağlı xəbərdarlıq edib və bildirib ki, təhlükə riski ən yüksək olan şəhərlərin sayı cümə günü 15-ə çatacaq.

Qeyd edək ki, Aralıq dənizi sahili olan bəzi ölkələrdə onilliklərdir görülməyən yüksək temperatur müşahidə olunur ki, bu da bir çox ölkədə, o cümlədən İtaliyada meşə yanğınlarına səbəb olub. Siciliya da yanğınlardan ən çox əziyyət çəkən bölgədir. Yanğınlar nəticəsində Siciliyada 2 nəfər ölüb.