Avropa Liqası: “Neftçi” “Fənərbağça”ya rəqib ola biləcək?backend

Avropa Liqası: “Neftçi” “Fənərbağça”ya rəqib ola biləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün “Neftçi” Avropa Liqasında III təsnifat mərhələsinin cavab görüşünü keçirəcək.
TİA.AZ xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu kollektiv Finlandiyanın paytaxtı Helsinkidəki “Bolt Arena”da HİK-in qonağı olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü türk əsilli almaniyalı referi Deniz Aytekin idarə edəcək.
Bu komandalar arasında avqustun 3-də “Bakcell Arena”da oynanılmış ilk qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. UEFA səfər qolu qaydasını ləğv etdiyindən, istənilən hesablı heç-heçə cavab görüşünü əlavə vaxta aparacaq.
“Neftçi” və HİK bunadək Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edib. Azərbaycan klubu Yunanıstan “Olimpiakos”u (0:1; 0:1), Finlandiya təmsilçisi isə İsveç “Malmö”sü (1:2; 2:2) ilə görüşlərin yekununda uduzaraq, mübarizəni Avropa Liqasında davam etdirib.
Komandalar meydana itkilərlə çıxacaqlar. “Neftçi”dən Namik Ələskərov zədə, Uqo Basto isə koronavirusa yoluxması səbəbindən oynamayacaq. HİK-ə gəldikdə, müdafiəçi Kevin-Kuassivi Benisson, yarımmüdafiəçilər Santeri Vyayanyanen və İqor Çukoviçin zədə səbəbindən meydana çıxması sual altındadır.
Qeyd edək ki, cütün qalibi Avropa Liqasının pley-off mərhələsində Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşacaq. Məğlub klub isə mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə “Torshavn” (Farer adaları) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk görüşdə “Makkabi” böyük hesabla qalib gəlib – 7:2.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
12 avqust
20:00. HİK (Finlandiya) – Neftçi (Azərbaycan)
Hakimlər: Deniz Aytekin, Kristian Diets, Markus Sinn, Martin Petersen (hamısı Almaniya).
Helsinki. “Bolt Arena”.
İlk oyun – 2:2.