“AtaSığorta” sığorta ödənişini etməkdən boyun qaçırır?backend

“AtaSığorta” sığorta ödənişini etməkdən boyun qaçırır?

Lerik şəhər sakini daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişini ala bilmədiyi üçün “AtaSığorta”dan narazıdır.

“MediaPost” xəbər verir ki, Elnur Alışov adlı şəxs yaşadığı evini daşınmaz əmlakın icbari sığortası üzrə “AtaSığorta” şirkətində sığortaladıb. Lakin vətəndaş sığorta hadisəsi baş versə də, sığorta ödənişini ala bilmədiyini iddia edir:

“2019-cu ilin may ayında evimi “AtaSığorta”da sığortalatdım. Daha sonra sentyabr ayında torpaq sürüşməsi baş verdi, evin divarlarında iri çatlar yarandı və ev qəzalı vəziyyətə düşdü”.

E. Alışov bildirir ki, evin sürüşmə nəticəsində qəzalı vəziyyətə düşməsi müvafiq qurumlar tərəfindən təsdiqlənib:

“Lənkəran rayon Fövqəladə hallar komissiyası torpaq sürüşməsi nəticəsində evin qəzalı hala düşməsi və evin yaşayış üçün təhlükəli olması barədə rəy verdi. Ekologiya Nazirliyi tərəfindən isə sürüşmənin ilkin əlamət olması və hər an şiddətli sürüşmə ilə əvəzlənə biləcəyi barədə rəy verildi”.

Sığortalı vətəndaşın sözlərinə görə, bunlara baxmayaraq “AtaSığorta” sığorta ödənişini etməkdən boyun qaçırır:

“Bütün bunlara baxmayaraq “AtaSığorta” şirkəti sığorta ödənişimi verməkdən imtina edir. Nəticədə, mən, ailəm və iki azyaşlı körpəm hər an uçmaq təhlükəsi olan evdə yaşayırıq. Şirkət sığorta haqqında qanunun maddələrini pozmaqla yanaşı, həm də dövlət qurumlarının sənədlərini tanımır”.

Məsələ ilə bağlı “AtaSığorta”nın hüquq departamentindən “MediaPost”a bildirildi ki, hadisə vətəndaşın söylədiyi kimi olmayıb: “Biz sığorta haqqında qanunun 6-cı maddəsinə əsasən sığorta hadisəsi və sığorta ödənişi ilə bağlı digər şəxslərə məlumat verə bilmirik. Lakin həmin şəxsə hadisənin təfərrüatları ilə bağlı şirkət tərəfindən məktub göndərilib və prosesdə qanunsuz heç nə yoxdur.”

Hüquqşünas, sığorta mübahisələrinin həlli üzrə mütəxəssis İlkin İbrahimov “MediaPost”a açıqlamasında bildirdi ki, şəxs narazı olduğu halda məhkəməyə müraciət etməlidir: “Elə məsələlər var ki, onlar məhkəmə müstəvisində təsdiq olunmalıdır. Güman edirəm ki, həmin obyektdə ekspertiza keçirilməli və ekspertizadan asılı olaraq bunun sığorta hadisəsi olub-olmaması təsdiq olunmalı, dəymiş ziyan müəyyən olunmalıdır. Bundan sonra məhkəmə sığorta hadisəsini qərar vasitəsilə təsdiqləyə bilər. Həmçinin şəxs şikayətilə bağlı məhkəmədən əvvəl Mərkəzi Banka da müraciət edə bilər”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki