Astarada 3 medalı ilə palçıq evdə qalan qazinin acınacaqlı durumu: “Ona nə verək, pulumuz yoxdur” – FOTOLARbackend

Astarada 3 medalı ilə palçıq evdə qalan qazinin acınacaqlı durumu: “Ona nə verək, pulumuz yoxdur” – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sosial şəbəkədə Astara rayonunun Səlivə kəndində Vətən müharibəsi qazisi Məlik Məlikovun yaşadığı evin görüntüləri paylaşılıb. 
Məlumata görə, qazinin palçıqdan hörülmüş balaca daxmada ailəsi və atası ilə birgə yaşadığı bildirilir.
Paylaşımı jurnalist Kamil Həmidov edib.
Ev kimi təqdim edilən tikilidə yaşayan müharibə iştirakçısı ölkə başçısı tərəfindən üç medalla təltif edilib. Müharibə iştirakçısının belə bir şəraitdə yaşaması müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri dövlət qurumlarını və məmurları müharibə iştirakçılarının, qazilərin güzəranının yaxşılaşdırılması üçün addım atmamaqda qınayıblar.
Astara rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıqova Modern.az-a məsələ ilə bağlı açıqlama verib. O qazi Məlik Məlikovun ev istədiyini deyib: “Həmin evlər əllilliyi olan qazilərə verilir, bu qazimiz sığorta da almayıb. Çünki onun xəsarətləri yüngüldür, əlliliyi yoxdur. Amma biz əlimizdən gələn qədər ona və digər qazilərə yardımlar etmişik. Adi günlərdə ərzaq göndəririk, bayramlarda 100 manat pul verilir. Qazilərimiz bizdən razıdır. Bunu özləri də təsdiqləyə bilər. Onlar bizim baş tacımızdır, balamızdır”.

“Qazi 100 manata bayramı necə keçirə bilər” sualına gəlincə, icra başçısının müavini belə cavab verib:

“Nə qədər verməliyik pul? 1000 manat? Büdcədə nə qədər varsa, nə qədər imkan çatırsa, köməklik edirik. Bütün qazilərə necə lazımdır köməklik olunur, yaraları da, müalicələri də olunur. Rayonda iş olan kimi biz qaziləri işlə təmin edəcəyik. İlk sırada onlardır. Amma İcra Hakimiyyəti tərəfindən ev tikilməsi mümkün deyil. Büdcədə o qədər vəsait yoxdur. Çünki vətəndaşlara ev tikilmir, balaca rayondur, büdcəmiz kifayət etmir. Əlilliyi olsaydı, heç olmasa, “YAŞAT” Fondu köməklik edərdi. İnşallah, o qazimizə dövlətimiz ev tikər”.