Tribuna İnformasiya Agentliyi

“AST Telman”ın vəkili “Rövşən Lənkəranski”nin qətlindən danışdı

05 Noyabr

Marina Rusakova: “Telman İsmayılovun heç vaxt Rövşən Caniyevlə işgüzar münasibətləri olmayıb”

Keçmiş oliqarx, “Çerkizov” bazarının və “Mardan Palace”nin eks sahibi Telman İsmayılov(“AST Telman”) keçmiş tərəfdarlarının “qanuni oğru” Rövşən Caniyevin (“Rövşən Lənkəranski”) öldürülməsində əli olması barədə məlumatı təkzib edib. Rusiya, ardınca Azərbaycan mətbuatında yayılan xəbərlərə Telman İsmayılovun vəkili Marina Rusakova münasibət bildirib. Deyib ki, İsmayılov ailə üzvlərinin qanunsuz cinayət təqibindən narahatdır.

Vəkil deyib ki, Telman İsmayılov heç vaxt mərhum “qanuni oğru” “Lənkəranski” ilə işgüzar münasibətlərdə olmayıb. Bu haqda “Yeni Müsavat”a sabiq biznesmenin rusiyalı vəkili Marina Rusakova məlumat verib.

“Telman İsmayılovun heç vaxt Rövşən Caniyevlə işgüzar münasibətləri olmayıb və mətbuatda yazılanlarda müvəkkilimin adının çəkilməsi yersizdir. Telman İsmayılov Moskvalı biznesmenlər Vladimir Savkin və Yuriy Brilyovun qətl işlərindən savayı hər hansı bir işdə ittiham edilmir” deyə, vəkil bildirib.

 Onun sözlərinə görə, bu gün Telman İsmayılova qarşı ittiham 1 nəfərin – Mehman Kərimovun saxta ifadəsinə əsaslanır. Bütün ittiham həmin ifadənin üzərində qurulub. Mehman Kərimovun ifadələrini hər hansı bir sübut, dəlil təsdiqləmir. Mehman Kərimovun belə bir ifadə verməsi üçün ona daha bir ittiham verilib. Bu ittiham Mehman Kərimovun ömürlük həbsə göndərilməsi üçün əsas yaradır. Ona görə də ittihamın götürülməsi müqabilində Mehman Kərimov Telman İsmayılovu şərləməyə razılıq verib. Kərimovdan ifadə təzyiq altında alınıb. Hazırda Moskva vilayət məhkəməsində Telman İsmayılovun adı keçən proses davam etdirilir”.

“AST Telman”ın vəkili “Rövşən Lənkəranski”nin qətlindən danışdı

Xatırladaq ki, biznesmenlər Yuriy Brilyov və Vladimir Savkinin meyitləri 2016-cı ilin mayında Moskva yaxınlığında maşında aşkarlanıb. Hər iki şəxs başlarından aldıqları güllər yaralarından dünyalarını dəyişiblər. Qətl işi ilə bağlı istintaq tədbirləri zamanı məlum olub ki, hadisədən əvvəl Mehman Kərimov hər iki şəxslə telefonla danışıb. İstintaqa cəlb olunan Kərimov bildirib ki, öldürülən biznesmenlərə 800 min dollar borcu olub. Həmin borca görə də onları öldürüb. Istintaq isə Kərimova inanmır, onun cinayətin əsl motivini gizlətmək üçün belə bir ifadə verdiyini ehtimal edir. İstintaqın qənaətinə görə, Telman İsmayılovun killer briqadası olub. Həmin briqada düşmənlərin və İsmayılovların biznes maraqlarına toxunanların aradan götürülməsində iştirak edib. Öldürülən biznesmen Savkinin Telman İsmayılova borcunun olması ehtimalı da var. Telman İsmayılov hər iki biznesmenin qətlini sifariş verməkdə və qanunsuzn olaraq silah gəzdirməkdə ittiham edilir. 2017-ci il noyabrın 11-də Moskvanın Basman Rayon Məhkəməsi Telman İsmayılovun qiyabi həbsi barədə qərar verib. O, həmçinin beynəlxalq axtarışa verilib. Məhkəmə eyni qərarı daha sonra Telman İsmayılovun qardaşı Vaqif İsmayılov haqqında çıxarıb. Qətldə və qanunsuz silah saxlanılmasında ittiham olunan Vaqif İsmayılov da beynəlxalq axtarışa verilib. Vaqif İsmayılov Rusiya Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı olub. 2016-cı ilin sentyabr ayında R.İsmayılov həbs edilib. Qardaşlar həmin ilin may ayında Novorijsk şosesində Vladimir Savkin və Yuri Brilyov adlı iş adamlarının güllələməsində ittiham edilir. Telman İsmayılovun vəkili Marina Rusakova bildirib ki, İsmayılov ittihamları qəbul etmir.

Marina Rusakova bildirib ki, mətbuatda müvəkkilinin Rusiya prezidentinə məktub yazması haqda yayılan  məlumatlar həqiqətə uyğun deyil. Bu haqda bir müddət əvvəl “Kompromat.ru” saytında yerləşdirilən məlumatlar doğru deyil. “Telman İsmayılov Putinə heç bir məktub yazmayıb, uyğun olaraq həmin məktubun mətni də yalandır. Bu məktubun yayılmasında kimin maraqlı olması haqda məlumatsızam. Həmin məktubun Telman İsmayılov tərəfindən yazılmasını qəti şəkildə təkzib edirik” deyə, Telman İsmayılovun Rusiyalı vəkili bildirib.