Tribuna İnformasiya Agentliyi

“Arxiv sənədlərinə görə, Müşfiq Putada deyil, məhz Nargin adasında güllələnib”

01 Noyabr

Sovet repressiyasının qurbanı olan şair Mikayıl Müşfiqin sümüklərinin tapılması istiqamətində hər gün yeni xəbərlər yayılır. Məlumat üçün qeyd edək ki, məşhur  milyarder Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarının axtarışının aparılması üçün Azərbaycan hakimiyyətindən icazə almışdı.

O, atasının qalıqlarını axtararkən Stalin repressiyası illərində cəzalandırılanların bir çoxunun, o cümlədən də Qaradağ rayonunun Puta qəsəbəsində böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdiyini bildirmişdi.

Ardınca mədəniyyət naziri Əbülfəs Qarayev Qaradağ rayonunun Puta qəsəbəsində şair Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirərkən söyləmişdi ki, bu məsələ araşdırılır.  Bu açıqlamadan artıq 1 həftədən çox zaman keçib. Lakin hələ ki Mikayıl Müşfiqin sümükləri ilə bağlı konkret məlumat açıqlanmayıb. Nazir bildirmişdi ki, qəbiristanlıqdakı qalıqların kimə aid olması dəqiqləşdikdən sonra bu məsələ barədə danışmaq olar. O vaxta qədər isə Mikayıl Müşfiqin qəbrinin harada olması ilə bağlı danışmaq tezdir.

Ötən həftə qeyd edilən qəbiristanlıqda qazma işləri aparıldı və bir neçə insan sümüyü çıxarıldı. Onlardan birinin kəllə sümüyündə iki dəlik vardı. Mətbuatda və sosial şəbəkələrdə bildirildi ki, bu kəllə sümüyü Mikayıl Müşfiqə aiddir. Lakin məsələ ilə bağlı rəsmi açıqlama verilmədi. Mikayıl Müşfiq adına ev muzeyinin direktoru Orxan Əzimov “Real” televiziyasına açıqlamasında söyləyib ki, Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların ciddi şəkildə DNK analizinə ehtiyacı var. Muzey direktorunun sözlərinə görə, DNK analizləri üçün şairin bacısı Balacaxanımın qəbri açıla bilər.

Dilavər Əzimli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan tarixçi-alim Dilavər Əzimli söyləyib ki, Mikayıl Müşfiqin Nargin adasında güllələnməsi ilə bağlı arxiv sənədləri var: “Həmin sənədlərdə göstərilir ki, Müşfiq orada güllələnib. Orada güllənənlərə də məzar qazmırdılar. Elə üstünü örtüb, bəzən heç nömrə də yazmırdılar. Ona görə də Nargində olan adamlar deyirlər ki, oraqda hər tərəfdə insan sümüklərinə rast gəlinir. Onun qohumlarının müsahibəsində də təzadlı fikirlər var. Doğrudanmı Mikayıl Müşfiqi Mircəfər Bağırov özü vurub? Mircəfər Bağırovun onu güllələdiyi səhnəni kim görüb? O zaman belə fikir yaradırdılar ki, guya Bağırov kimi istəyirsə güllələyib. Lakin bu, inandırıcı deyil. Bəzən deyirlər ki, Mircəfər Bağırov cəbhəyə gedib, orada rusa azərbaycanca deyib ki, sağa dön. Rus başa düşmədiyi halda onu güllələyib. O zaman deyirdilər ki, guya Xruşşovun oğlunu da Bağırov güllələyib. Yəni belə şayiələr çox idi. İndi doğrudanmı Müşfiqi Bağırov gülləyib? Mənə bir şey bəllidir ki, Bağırov dövrünün adamı olmaqla bərabər, müəyyən sahələrdə xeyli işlər görüb. İkincisi də nə dərəcədə zəmanət vermək olar ki, Bağırov Müşfiqi güllələyib və meyitini də Puta qəsəbəsinə göndərib. Əgər Bağırov Müşfiqə nifrət edirdisə və onu şəxsən güllələyibsə, məntiqlə təbii ki, kənd qəbiristanlığında dəfn olunmasına da imkan verməzdi. Bağırov nifrət etdiyi üçün Müşfiqi dənizə atmalı idilər. Eyni zamanda sənəd də var ki, bu adam Nargində güllələnib. İndi deyirlər ki, DNK analizi götürüləcək. Əgər bacısının qəbri açılsa və belə bir analiz götürülsə, o zaman sistem tamam dəyişəcək. Belə çıxacaq ki, doğrudan da meyiti kiməsə veriblər ki, apar Putada dəfn et. Bu cür olsa belə, yenə də məsələ olduqca qarışacaq. Tarixçi kimi hesab edirəm ki, arxiv sənədləri daha doğrudur. İnanmıram ki, onun Nargin adasında güllələnmə məsələsi yalan məlumat olsun”.