“ARTIQ XƏSTƏXANALAR DOLUB, YER QITLIĞI YAŞAYIRIQ” – TƏBİBbackend

“ARTIQ XƏSTƏXANALAR DOLUB, YER QITLIĞI YAŞAYIRIQ” – TƏBİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyevin “Qafqazinfo”ya müsahibəsini təqdim edirik:

– Sosial şəbəkələrdə bir sıra insanlar yazır ki, temperaturları olduqları üçün Təcili Tibbi Yardıma zəng vururlar, onlara isə xəstəxanalarda yerin olmadığı bildirilir. Həqiqətənmi, artıq bizdə xəstəxanalarda boş yer yoxdur və vəziyyət ciddidir?

– Bəli, artıq xəstəxanalarda yer dolub. Biz dəfələrlə mətbuata açıqlayırdıq ki, əgər yoluxma sayı nəzarətimizdən çıxarsa, yəqin ki, xəstəxanaya ehtiyacı olan insanların sayı da artacaq. Bu baxımdan hazırda yer qıtlığı yaşayırıq. Ona görə də biz yüngül və orta xəstələri ağırlıq dərəcəsinə görə bölüb yüngül xəstələri evdə, ağır xəstələri isə xəstəxanada müalicə edəcəyik.

Hazırda yer qıtlığı yaşayırıq. Sağalıb evə gedən xəstə sayı daha azdır, nəinki yeni yoluxan xəstə sayı. Tutaq ki, günə 100 xəstə sağalıb evinə gedir. Amma yeni yoluxma halları 300-ün üzərindədir. Bu zaman, təbii ki, biz xəstəxanalarda yer sayı problemi yaşayacağıq.

– Bir neçə gündür ki, xəstə sayı 300-dən artıqdır. Bu, bizim üçün ikinci dalğa hesab edilə bilərmi?

– Biz ikinci dalğa buna demirik. Sadəcə var olan infeksiyanın təsiredici davranış sonrası təmasın artması nəticəsində daha da yayılmasıdır. Onsuz da virus var idi. Sadəcə heç kim qadağalara əməl etmədi. Virusa inanmadılar. İnanmayan bir insan da başqasıyla təması zamanı bu xəstəliyin yayılmasına səbəb olacaq.

– İndi artıq xəstəliyi yüngül formada keçirənlər evdə müalicə ediləcək. Siz nə kimi məsləhətlər verərdiniz, insanlar evdə özlərini necə müalicə etsinlər?

– Evdə müalicəylə bağlı protokol layihə hazırlanır. Yüngül formadakı xəstələr də ilk olaraq həkim nəzarətində olacaqlar. Xəstəliyin gedişatı yaxşılığa doğru gedirsə, yenə də həkim nəzarətində ola-ola onlarda bir problem olmayacaq. Yox, əgər xəstənin vəziyyəti ağırlaşmağa doğru gedərsə, həmin xəstələr yenidən xəstəxanaya gətiriləcək. Ambulator triyaj olunacaq. Onlardan qan analizləri götürüləcək. Rentgen müayinəsi, kompüter tomoqrafiyası aparılacaq. Bundan sonra həmin xəstənin müalicəsində dəyişiklik edilib-edilməməsinə, xəstəxanada yatıb-yatmamasına qərar veriləcək.

– Siz Operativ Qərargaha bu həftəsonu küçəyə çıxmaq qadağasıyla bağlı təkliflərinizi vermisiniz?

– Bu haqda hələlik bir qərar yoxdur. Ancaq gedişat bunu lazımi edəcək. Bu qadağa olmalıdır. Mən bunun tərəfdarıyam. Çünki biz ən azından həmin gün ərzində yoluxmanın qarşısını alırıq. Düzdür, bu qısa müddətli bir rejimdir. Ancaq ən azından ikigünlük bir gündə yoluxmaqdansa, həmin gün yoluxmamaqla yoluxmanın sayını azaltmağa bir növ təsir göstərmiş oluruq.

– ECMO cihazının qiyməti ilə bağlı məsələ sosial şəbəkələrdə bir sıra müzakirələrə səbəb oldu. Həkim həmkarlarınızdan biri də bu cihazın qiymətinin 6 milyon dollar olduğunu açıqladı. Başqa rəqəmlər də səsləndirildi. Bilmək istərdik ki, bu cihaz bu qədər bahalıdırmı?

– ECMO aparatı tibbi bir cihazdır. Təbii ki, çox bahalı cihazdır. Azərbaycanda müəyyən sayda, yəni, 5-6 ədəd olmalıdır. İndiyə kimi bizdə ECMO aparatına az ehtiyac olub. Amma indiki dönəmdə bu cür cihazlara ehtiyac yarana bilər. Bu da hər insana görə dəyərləndirilir. Çox bahalı cihazdır.