Tribuna İnformasiya Agentliyi

“Arsenal”ın təcrübəli futbolçusu: “Qarabağ”la oyunda bəxtimiz gətirdi

06 Oktyabr

İngiltərənin “Arsenal” klubunun futbolçusu Sokratis Papastatopulos“Qarabağ”ın məğlub edilməsində əsas simalardan oldu. İspaniyalı Naço Monrealın dördüncü dəqiqədə başla zərbəsinin yunan mərkəz müdafiəçisinə dəyməsi qolla nəticələndi.

Papastatopulos Oxu.Az-a verdiyi müsahibəsində yeni sistem barədə danışıb.

O bildirib ki, “Qarabağ” onlara ikinci hissədə çətin anlar yaşadıb:

“İlk hissədə yeni sistemə uyğunlaşmağa çalışdıq. Müdafiə xəttimiz yaxşı çıxış etdi. Düzdür, müdafiədə çətin anlar yaşadıq. Ancaq qapımızdan qol keçməsinə imkan vermədik. İkinci hissədə taktiki sistemi dəyişdik. Arada qələbə qazanmaq üçün fərqli taktika ilə çıxmaq yaxşı haldır. Mən Dortmund “Borussiya”sında oynayanda, Tomas Tuxel bizi üçlü müdafiə xətti ilə oynadıb”.

30 yaşlı futbolçu bu matçda bəxtlərinin gətirdiyini də etiraf edib:

“Bu qələbə qrupdakı vəziyyətimiz üçün çox vacib idi. Düzdür, bu görüşdə bəzi epizodlarda bəxtimiz də gətirdi. Oyundan oyuna çıxışımızı yaxşılaşdırırıq. Bu matça bir qədər yorğun çıxmışdıq. Çünki həftənin bütün günləri oyunlara çıxırıq, məşqlər edirik. Ancaq qələbə qazandığımız üçün çox şadıq”.

Qeyd edək ki, Sokratis Papastatopulos digər qol müəllifləri Emil Smit-Rouv və Mateo Qenduzi kimi “Arsenal”da ilk qolunu məhz “Qarabağ”a vurub.