Tribuna İnformasiya Agentliyi

Arif Qazıyevlə bağlı psixi ekspertiza tələb edilir – “Onun şüuru yerindədirmi?”

29 Noyabr
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
TİA.AZ  report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinin başlanıldığı elan olunub.
Hakim söyləyib ki, “Azercell”ə göndərilən sorğuya cavab gəlib. Sorğuya cavabda qeyd edilib ki, təqsirləndirilən Ə.Əbdüləzizlə zərərçəkmiş İxtiyar Həsənov arasında 2150 dəfə telefon əlaqəsi olub.
Məhkəmədə elan olunub ki, Ə.Əbdüləziz ötən iclaslarda İ.Həsənovla telefonla danışmadığını bildirib.
Daha sonra Ə.Əbdüləzizin vəkili vəsatət qaldırıb. O, cinayət işində adı keçən Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin barəsində psixi ekspertizanın keçirilməsini istəyib.
Vəkil vurğulayıb ki, A.Qazıyev işemik insult keçirib və Səhiyyə Nazirliyinin qərarı ilə bu xəstəlikdən əziyyət çəkən insanlarda göz zəifliyi, yaddaş və şüur pozğunluğu ola bilər.
Vəkilin sözlərinə görə, istintaq A.Qazıyevin səhhəti ilə bağlı ekspertiza keçirməyib: “Xahiş edirəm ki, məhkəmə ekspertiza təyin etsin və ekspert qarşısında Arif Qazıyevin anlaqlı olub-olmadığı ilə bağlı sual qoyulsun. Görək onun şüuru yerindədirmi və hərəkətlərini dərk edirmi?”.
Məhkəmə vəsatəti təmin etməyib.
Ə.Əbdüləzizin vəkili daha bir vəsatət qaldırıb.
O deyib ki, şahidlər ifadələrində “Gəlişim İnşaat” şirkətinin kassirinin “KapitalBank”dakı hesabdan 300 min manat çıxararaq Ə.Əbdüləzizə verdiyini bildiriblər: “Bununla bağlı banka sorğu verilərək belə bir əməliyyatın aparılıb-aparılmadığı öyrənilməsini tələb edirəm”.
Zərərçəkmiş İ.Həsənov söyləyib ki, “Gəlişim İnşaat” şirkəti Meliorasiya və Su Təsərrüfatı Birliyi 29 milyon manatlıq müqavilə imzalayıb, su kanallarının çəkilməsi işini həyata keçirəcəkdi: “Buna görə də idarə şirkətin hesabına 2,5 milyon manat avans köçürmüşdü”.
İ.Hüseynov qeyd edib ki, vəkili olmadığı üçün vəsatətə münasibət bildirmək istəmir.
Vəsatətin müzakirəsi növbəti iclasa saxlanılıb.
Məhkəmənin növbəti prosesi dekabrın 10-na təyin edilib.
İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.
Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb.
Ə.Əbdüləziz elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.