“ARAZ” VƏ “OBA” MARKETLƏRDƏN ŞİKAYƏTLƏRİ AQTA ARAŞDIRMALIDIR – EYYUB HÜSEYNOVDAN ÇAĞIRIŞbackend

“ARAZ” VƏ “OBA” MARKETLƏRDƏN ŞİKAYƏTLƏRİ AQTA ARAŞDIRMALIDIR – EYYUB HÜSEYNOVDAN ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə sosial şəbəkələrdə “Araz” supermarketlər şəbəkəsi ilə bağlı şikayət xarakterli paylaşımlara tez-tez rast gəlirik. Təəssüflər olsun ki, biz yalnız şikayətləri görürük, problemi aradan qaldırmaq üçün görülən işlərdən səs-soraq gəlmir. Məsələ ilə bağlı TİA.Az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, problemin kökündə qurumlar tərəfindən ictimai rəyin nəzərə alınmaması dayanır:

“Araz” supermarketlər şəbəkəsi ilə bağlı yazılan şikayətlər ona görə nəticəsiz qalır ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən və bir çox qurumlar tərəfindən ictimai rəydə olan məsələlər təqib olunmur. Mən AQTA-da ictimai şuranın üzvüyəm. Sədr müavini Rəşad Mafuzovun iştirak etdiyi tədbirdə dedim ki, filan vaxt, filan məkanda təhlükəli mallar göstərildi. Bunu agentlik təqib edirmi? O da mənə kobud şəkildə cavab verdi ki, nə bilirsiniz etmirik? Dedim eybi yox, öyrənərəm. Məlum oldu ki, ora heç bir məktub göndərilməyib, axtarış getməyib. Qida Təhlükəsizliyi Agentliyinin mühüm çatışmayan tərəflərindən biri KİV-də gedən məlumatların təqib olunmamasıdır. Agentlik o vaxt öz hədəfinə çatacaq ki, ictimai rəylə, jurnalistlərlə səmərəli işləyəcək. Çox təəssüflər olsun ki, bir çox qurumlar ictimai rəyə tüpürmək istəyir. Digər bir məsələ dövlət qurumları arasında üfüqi əlaqələrin zəif olmasıdır. Məsələn, bir dövlət qurumuna məlumat göndərirsən ki, filan qanun pozulub. Mənə cavab yazırlar ki, Eyyub müəllim, başqa yerə göndərin. Sanki qurum atasından qalma mülkiyyətdir. “Araz” və “Oba” marketlər şəbəkəsindən gələn şikayətlər mütləq dövlət qurumları tərəfindən, o cümlədən, AQTA tərəfindən izlənilməli, nəticələr barədə məlumat verilməlidir”.

Aytac

TİA.Az