access_time Dərc olunub: 16:21
QAZ TƏZYİQİNİN AZLIĞI NƏDİR?

Paytaxtda və rayonlarda mavi qazın evlərə fasilə ilə verilməsinə artıq alışmışıq. 




Şəhərin bəzi yerlərində qaz təzyiqinin azlığı və tez-tez təmir adı altında böyük bir ərazilərin bağlanmasının səbəbindən saatlarla, hətta bir gündən çox müddətdə də mavi qaz təchizatı kəsilir. Paytaxtla yanaşı rayonlarda, eləcə də Sumqayıtda da analoji hal yaşanır. Şəhərin bəzi mikrarayonlarında əhali qazın təzyiqinin aşağı olmasından əziyyət çəkir. Yalnız gecə saat 12-dən səhər saat 8-ə kimi normal təzyiqli qaz görmək mümkündür.  


Hətta 2 dəfə uzun fasilələrlə səhər saat 9-dan axşam saat 18:00-a kimi mavi qaz verilməsi dayandırılıb.

29,367 milyard kub metr mavi qaz istehsal Azərbaycanda əhalinin qaza olan 2.75 milyard kub metrlik tələbatını ödəməkdə çətinliklərin olması anlaşılan deyil. Halbuki, yalnız SOCAR-ın illik  qaz hasilatı 6, 266 milyard kub metrdir. Bu isə əhalinin mavi qaza olan tələbindən 2 dəfədən çox artıqdır.  Əhalinin mavi qaz istehlakı ölkə üzrə ümumi qaz istehsalının 10 %-dən çox olmamasına baxmayaraq, yenə də qaz təminatında problemlər yaşanır.

İstehlakçıların məişət təchizatı zamanı aşağı təzyiqli qaz kəmərlərində süni qaz təzyiqi 0,002 milli bar (0,02 kqs/sm2), təbii qazla təchizatı zamanı 0,003 milli bar qədər (0,03 kqs/sm2),maye qazla - 0,004 milli bar (0,04 kqs/sm2) normalar qəbul olunur. 


Arayış üçün bildirək ki, binalara çəkilən qaz kəmərlərində təzyiq 3 yerə bölünür :

1) Sənaye müəssisələrində, kommunal və kənd təsərrüfatı müəssisələrində yerləşən ayrıca qazanxanalarda - 0,6 milli bar (6 kqs/sm2);

2) Kənd təsərrüfatı və kommunal müəssisələrdə, (hamam, camaşırxanalarda,   kimya fabriklərində, çörəkbişirmə və s),  qurulanlar binalarda - 0,3 milli bar (3 кqs/sm2);

3) Yaşayış və ictimai binalarda, istimai iaşə müəssisələrində (restoranlar, yeməkxanalar, bufetlər və s) və məişət xidməti (bərbərxanalar, camaşırxanalar, atelye və s.) müəssisələrində - aşağı təzyiq (0,005 milli bar-a qədər).

 Bakıda qazın təzyiqinin az olmasının əsas səbəbi nədir? 

Redaksiyamıza daxil olan məlumata görə, qaz azlığının əsas səbəbi 2 il əvvəl yəni, 2015-ci ilin noyabr ayında yeni yaranan Bakı Regional Qaz İstismarı Departamenti ilə bağlıdı. Bundan sonra qaz kaflarının çıxışı 30 milli bara salınıb. Halbuki yuxarıdan da göründüyü kimi qazın aşağı təzyiqi 0.05-dən 0.5-ə kimi, yəni 50 milli bara kimi olmalıdır. 


Əslində əgər qaz tənzimləyicilər düz quraşdırılsa, əhali sayına görə tənzimləyicinin qaz keçirmə qüvvəsi düz olmalıdır. Bu, normal qazdır. Sadə kombinin işləməsi üçün 18 milli bardan yuxarı qaz olmalıdır. Amma burda bir problem var. Bakının bir çox rayonları, məsələn, Nəsimi, Xətai, Nərimanov rayonları tək bir mənbədən, yəni QRES-dən yox, eləcə də başqa rayonlardan qaz alır. Rayonun qaz təchizatı, başqa rayonlarla sıx əlaqədədir. Eyni vaxtda rayonların girişindəki qazın təzyiqi də aşağı salınıb. Nəticədə isə hər bir rayonun birbaşa aldığı xəttin qaz təzyiqində problem olmadığı halda, ətraf rayonlardan aldığı qazın təzyiqi əksər hallarda 20-30 milli bardan yuxarı olmur. Bu isə o deməkdir ki, qaz tənzimləyici şkaf 60-70 milli bar almalı, vaxtında ana xəttə gələn zəif qaz və özündən əvvəl duran qaz xətləri əhalinin istifadəsi nəticəsində 20-25 milli bar qaz alır. Tənzimləyicinin isə iş prinsipi belədir ki, özünə daxil olan qazın 50-60%-dən çoxunu buraxmasın. Deməli, əgər tənzimləyiciyə qaz 20 milli bar  daxil olursa, deməli ordan 10 milli bar çıxır və bunun üstünə də əhalinin həmin əhatə dairəsindəki, sıxlığını gəlsək, sakinin evinə qaz 5-10 milli bar ancaq daxil olur. Bu da hətta sədə kombinin yanması üçün çox azdır. 4 gözlü sobada qaz ancaq közərir.

Qaz İstehsalçıların Hüquqlarının Müdafiə Komissiyasın sədri  Nüsrət Qasımov qaz azlığı ilə bağlı TİA.AZ-a danişdı: “Proyektsiz, layihəsiz smetasız tikilən köhnə tikililərdə qaz qonşu -qonşudan, yəni biri o birinə paralel olaraq çəkilib. Bunun özünün də norması var. Yarım düymə boru ilə ancaq 2 ədəd cihaza qaz vermək olar. 19 millimetrlik boru ilə 3 cihaza, 32 millimetrlik boru ilə 4-5 cihaza qaz vermək olar. Ancaq xırda diametr turba ilə 5-6 evə qaz verirlərsə, o təzyiq hamısını yarımçıq qoyacaq və heç kimə çatmayacaq.


Belə bir problem ancaq köhnə tikililərdə olur. Təzə binalarda olmur. Çünki təzə binalar layihə- smeta sənədləri əsasında tikilir. Lazım olan təzyiqin  lazım olan həcmdə verilməsi layihədə nəzərdə tutulur”.

 “Çünki müasir texnologiyalarla işləmirlər. Bizi Almaniya, Amerika, İngiltərəylə müqayisə etmək olmaz. Xaricdə qaz kəmərləri plastik fosfat turbalarla çəkilib, korroziya məsələsi yoxdur. Onlarda yüksək texnologiya var. Bütün zirzəmilərin hamısına detektor deyilən cihaz qoyurlar. Orda qaz sızması olarsa, o detektor dərhal siqnal verir və qazın yolunu özü avtomatik olaraq bağlayır və insanalar da  bundan xəbər tutur. Biz hələ o texnologiyaya gedib çatmamışıq.

Biz cəmi 25 ilin gənc ölkəsiyik. Müasir texnologiya avtomat QPS-ə (qaz paylayici stansiya) keçməmişik ki, təzyiq azaldılsın, avtomotik olaraq, öz-özünə sərf artıqca təzyiq artsın. Ona görə də belə hallarda 104 xidməti və 185 qaynar xətt xidməti yaradılıb. Abonentlər müraciətlər etsin və öz tələblərini qoysunlar ki, təzyiq azdır. Aktiv olsunlar öz haqlarını tələb etsinlər  və ya yazılı surətdə bizə və dövlət orqanlarına müraciət etsinlər. Kömək etməyə hazırıq.

 

Qaz təzyiqinin azlığı cihazlardan da ola bilər

 

Xaricdə istehsal olunan cihazlar bizim ölkənin şəbəkəsinə uyğun deyil. Onların işçi təzyiqi 200 mm su sütunu təzyiqinə bərabərdir. Amma bizdə optimal işçi təzyiq 130 mm-dir. Ona görə bu cihazlar tənzimlənməli, yerli şəraitə uyğunlaşdırılmalıdır.


Son zamanlar Bakıda çoxlu yeni, hündürmərtəbəli binalar tikilir. Gündə 3-4 bina istismara verilir və köhnə xətlərə qoşulur. Axı, qaynaqçı qaz təzyiqi altında işləyə bilmir. Qazın təzyiqini söndürməli və ya almalıdır ki, qaynaqçı işləyə bilsin, təzə binaları köhnə xətlərə qoşa bilsin. Bundan başqa da "Azəriqaz" İstehsalat Birliyinin12 min km-dən çox qaz xətti, 2 milyon da abonenti var. Əgər hər hansı bir yerdə 50 və ya 200 nəfərin belə bir problemi varsa, bu o demək deyil ki, şəhərdə qaz şəbəkəsi tamamilə iflic olunmuş vəziyyətdədir. Bu da normal haldır.

Bakı şəhəri 1930-cu illərdən başlayaraq, qazlaşdırılmağa başlayanda köhnə xətlər hamısı o vaxtlar qumbrinlə izalyasiya olunmamıs, həll olunamış basdırıldı. Elə xətlər var ki, gündə 2 dəfə qazın təzyiqinin kipliyi yoxlanılmalıdır. Yoxlanılmasa,burda qaz sızması baş verər  və çoxmərtəbəli binaların zirzəmisinə dolar. İndi binaların hamısının  zirzəmisi avtodayanacaqdı. Görün dolsa orda necə güclü partlayış baş verər, fəlakət olar.Həm istəyirik ki, partlayış olmasın, həm də istəyirik ki, qaz bağlanmasın. Bu, mümkün olan şey deyil. Mütəmadi olaraq, qaz xətti sızmaya qarşı kipliyi yoxlanmalı, nəzarətdə olmalı və təmir işləri də görülməlidir. Təsəvvür edin ki, 12 min km-lik qaz kəmərinin gündə 50 -500 km ara məsafəsi təmir olunmalıdır”.


Qeyd edək ki,  ötən günlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Azəriqaz” İstehsalat Birliyinin 2016-cı il ərzində 144,4 milyon kub metr təbii qazı itkiyə verməsi ilə bağlı məsələni şərh edərkən, “Azəriqaz” İstehsalat Birliyinin özəlləşməsinin vaxtı çatdığını bildirmişdi.  

Onun sözlərinə görə, 144,4 milyon kub metr təbii qaz çox böyük itkidir: “İndiki zaman üçün bu qədər itki çoxdur. Ümumiyyətlə, “Azəriqaz” İstehsalat Birliyi itkilərin harada olması ilə əlaqədar müəyyən işlər görməlidir. Bu itkilər boru xəttində ola bilər. Həmçinin ola bilər ki, itkilər başqa yerlərdə olsun. Məsələn, təbii qaz Bakının kəndlərində müəyyən şitilliklər və sahələr var ki, oralara verilir. Amma yazmırlar. Əvvəlki variantlardan istifadə edirlər. Yəni bu, araşdırılmalı məsələdir. Çünki itki həddindən artıq böyükdür. Bu qədər itki ola bilməz”.


Deputat “Azəriqaz”ın özəlləşdirilməli olduğunu düşünür: “”Azəriqaz”la bağlı problemlər çoxdur. Hesab edirəm ki, birliyin özəlləşdirilməsinin vaxtı gəlib çatıb. Çünki özəl şirkətlər insanlara yaxşı qulluq etməkdə maraqlı olur. Amma “Azəriqaz” İstehsalat Birliyi dövlət şirkəti olduğu üçün marağı da azdır. Bu qədər də itkisi var. Özəl şirkət olsaydı, belə itkiyə yol verməzdi”.

Vahid Əhmədov bu qış qazla bağlı xeyli problemlər yaşandığını xatırladıb: “Bu problemlər həm paytaxt Bakıda, həm də rayonlarda baş verib.

Bildiyiniz kimi ölkədə qazlaşma prosesi gedir. Amma son vaxtlar bu proses zəifləyib. Məsələn, Quba rayonunda təxminən 50 faizə yaxın qazlaşma var. Kəndlərin çoxunda qazlaşma yoxdur. Göründüyü kimi “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqədar problemlər çoxdur. Bunun da çıxış yolunu həmin sistemin özəlləşməsində görürəm”.

İlahə

Şərhlər