access_time Dərc olunub: 15:11
Müğənnilərin Yeni il qonorarı: tam məclis 6000 manat, 1 mahnı 1500 manat

Prodüser Tolikin məşhurların Yeni il qonorarı haqqında səsləndirdiyi fikirlər müzakirəsiz ötüşməyib.

Belə ki, prodüser “Hər şey daxil” verilişində müğənni Günay İbrahimlinin bayramı evdə sevdiyi şəxslə keçirmək istədiyi üçün 10 min manat qonorar istədiyini deyib: “Bu, mədəni dildə “yox” deməkdir. Günay belə deyir ki, həmin gün onu toylara çağırmasınlar. Əslində, Yeni il gecəsini 10 minə getmir. O, həmin gün məclisdə iştirak etmək istəmədiyi üçün belə deyib. Çünki o, Yeni il gecəsini sevdiyi ilə keçirmək istəyir”.

Müğənni  isə musavat.com saytına açıqlamasında bildirib ki, sözügedən iddia əsassızdır: “Səsləndirilən fikirlər əsassızdır. Mənim tələb etdiyim müəyyən qonorar var. Özəl günlər də adi günlərdən fərqləndiyi üçün qiymət yüksək olur. Kimsə dəvət edirsə, razılaşırsa, onun məclisində çıxış edirəm. Razılaşan olmayanda da ailəmlə keçirirəm”.

Sözügedən məsələ məşhurların bayram qonorarı mövzusunu gündəmə gətirib.

Bəs, digər məşhurlar bayram axşamı səhnəyə çıxmaq üçün nə qədər qonorar tələb edir?

Musavat.com  tanınmışlar arasında sorğu keçirib. Əməkdar artist Lalə Məmmədova həmkarlarının yüksək məbləğ qazanmasını arzulayıb: “Şou-biznes elədir ki, hərə öz yaradıcılığını satır. Təki 10 yox, 100 min qazansınlar. Xaricilər qazanırsa, biz də qazanaq. Təkliflər var. Bir neçə restoran təklif göndərib, hələ cavab deməmişəm. Mənim tələbim 10 min olmayıb. Çünki real qiymət deyil”.

Aparıcı Şəhriyar Əbilov bayramı səhnədə keçirəcək: “Biz heç vaxt mətbuata açıqlamada qonorar demirik. Bu etik deyil. Bilən bilir. Yeni ili səhnədə keçirəcəyəm. Artıq iş təklifləri var”.

Müğənni Nura Suri isə bayramı uşaqları ilə qeyd edəcək: “Mən bayramı uşaqlarımla qeyd edəcəyəm. Yeni il gecəsi səhnəyə çıxmayacağam. Ona görə də qonorar barədə nə isə deyə bilmərəm”.

Müğənni Təranə ilə Musa Yeni il gecəsi 1 mahnı oxumaq üçün 1500 manat tələb edir.

Aparıcı İlkin Həsəni deyib ki, Yeni ildə qaydalar üzrə qiymətlər bir neçə dəfə artır: “Bayramlarda, özəl günlərdə aparıcı və müğənnilərə tələbat çoxalır. Restoranlarda, otellərdə, müxtəlif məkanlarda bayram proqramları keçirilir. Buna görə də sənət adamları, aparıcılar qiymətlərini qaldırırlar. Xaricdə də, bizdə də belədir. Əgər məclis Bakıdadırsa, daha aşağı qiymət olur. Yox rayonlarda və ya ölkə xaricindədirsə, qiymət yüksəlir. Çünki Bakıda bir neçə məkanda çıxış etmək imkanı olduğu halda, paytaxtdan kənarda 1 məkanla kifayətlənməli olursan. Mən də hər il Yeni il tədbirlərində çıxış etmişəm. Keçən il Olimpiya Stationunda böyük konsert proqramı keçirildi, orada aparıcılıq etdim. Ondan əvvəlki il Tarkanın konsertində səhnəyə çıxdım. Mənim istədiyim qiymət 5000-6000 civarında olur”.

Aktrisa Nara Jasmin bayramı səhnədən uzaqda qeyd edəcək: “Mən saat 12-ə kimi ailəmlə olacağam. Sonra sevdiyim şəxslə şəhərin görməli yerlərini gəzəcəyik. Birlikdə şam edəcəyik”.

Müğənni Damla bayramı oğlu ilə bərabər qeyd etməyi planlayır: “Yeni ili oğlumla keçirmək istəyirəm. Çoxlu təkliflər gəlib. Almaniya, İsrail və Moskvadan da təkliflər var. Qonorarla bağlı danışıqlar gedir. Qonorarda razılaşsaq, oğlumla gedəcəyəm. Həm ailəm, həm də sevənlərimlə bayramı qeyd edəcəyəm".

TİA.AZ

Şərhlər