access_time Dərc olunub: 17:19
Azərbaycanlı alimin “kəşfi” Rusiya və Ukraynanı güldürdü-FOTO

AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Həsənovunsosial şəbəkələrdə Yerin fırlanmasını şübhə altına alan mövqeyi Ukraynaya gedib çıxıb və sosial şəbəkə ünvanlarında istehzaya səbəb olub. TİA.AZ kuryoz.com-a istinadən xəbər verir ki, Əkrəm Həsənov öz fikirlərini 2015-ci ilin fevralında açıqlasa da, onun mövqeyi Ukrayna mətbuatına bir neçə gün əvvəl gedib çıxıb.

Xatırladaq ki, o zaman Əkrəm Həsənov sadə elmi izahı olan məsələləri önə çəkərək Yerin öz oxu ətrafında fırlanmasını şübhə altına almışdı. Bu günlərdə isə Ukraynanın "dialog.ua” saytı bu məlumatı yayıb ("В Азербайджане сомневаются, что Земля вертится вокруг своей оси"). Ardınca Ukrayna və Rusiyanın bir sıra viral media ünvanları bu materialı tirajlayıblar. Xəbər sosial şəbəkələrdə gülüşə səbəb olub.
Əkrəm Həsənov qütb gündüzləri və ya gecələrini əsas gətirərək Yerin fırlanmasına şübhə etmişdi: "Dünyanın elə hündür yerləri vardır, misal üçün Norveçdə, üç ay müddətinə qədər Günəş batmır. Əgər Yer kürəsi fırlansaydı, Günəş batardı. Deməli, anlamalıyıq ki, bizə verilən dünyəvi məlumatlar elmi də olsa belə, bunu sübut edən böyük dəlillərə ehtiyacımız vardır. Həmçinin 6 ay gündüz və 6 ay gecə olan ölkələr var. Bəs Yer kürəsi necə fırlanır ki, həmin bölgələrdə gecə və gündüz 6 ay davam edir. Belə çıxır ki, həmin ölkədə Yer kürəsi 6 ay fırlanmır? Buna görə də biz unutmamalıyıq ki, hər oxuduqlarımız, elm olaraq anladıqlarımız da hələ bizə qaranlıqdır. Düşünürəm ki, bu müzakirələrin müsbət elmi tərəfini ortaya qoyacaq elmi kəşflər hələ qabaqdadır”.
Reallıqda isə Əkrəm Həsənovun "qabaqda” axtardığı elmi kəşflər artıq çox arxadadır və bu barədə dəlillər elə coğrarafiya fəninin orta məktəb proqramında var. Yer kürəsinin oxu Günəşin hərəkətindən yaranan xəyali ekliptika müstəvisinə paralel deyil, ekliptika səthinə nəzərən 23,5 dərəcə mailidir. Məhz bunun nəticəsində həm fəsillər dəyişir, həm də uzun qütb gecələri və gündüzləri yaranır. Bunu başa düşmək üçün aşağıdakı şəkilə diqqətlə baxın. Yay fəsli olan yarımkürənin qütbündə dayandığınız zaman Yer öz oxu ətrafında nə qədər fırlansa da, Günəş gözünüzdən itməyəcək. Həmçinin qış fəsli olan yarımkürənin qütbündə dayandığınız zaman Yerin öz oxu ətrafında fırlanması Günəşi sizə göstərə bilməyəcək.
Qeyd edək ki, bu barədə xəbərlər Ukrayna və Rusiyanın sosial şəbəkələrində Azərbaycan elmini ələ salan şərhlərlə müşayiət olunub. Xatırladaq ki, bir müddət əvvəl bir ərəb şeyxi də Yerin fırlanmadığını demişdi, öz mövqeyini izah edərkən Yerin cazibə qüvvəsinin mövcudluğundan xəbərsizliyini büruzə vermişdi və gülüş obyektinə çevrilmişdi.

 

Şərhlər