access_time Dərc olunub: 21:02
Çarli Çaplinin heyran olduğu azərbaycanlı bəstəkar

“Cücələrim” kəliməsini eşidəndə uşaqdan böyüyə hər birimizin xatirəsində sevimli bəstə canlanır.


Artıq 70 ilə yaxındır ki, bu bəstə ilə nəsillər yetişir, böyüyür. Ona olan sevgi, istək isə nə azalır, nə də dəyişir.

“Cücələrim” Azərbaycan mədəniyyətini dünyaya tanıdan ən məşhur əsərlərdən biridir. Bu mahnı ilə bağlı deyilmiş və bilinməyən bir sıra məqam var. Məsələn, o yazılandan düz 10 il sonra məşhurlaşıb.
Hər şey isə belə başlayıb. 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli çoxsaylı uşaq şeirlərinin müəllifi Tofiq Mütəllibova bir musiqi dinlədir və xahiş edir ki, ona söz yazsın. Tofiq Mütəllibov sözləri yazıb, bəstəkara təqdim edir.
Maraqlısı odur ki, bu mahnının ilk ifaçısı Muğam Teatrının indiki direktoru Arif Qazıyev olur.
Lakin mahnı yazıldığı tarixdən düz 10 il sonra, 1959-cu ildə məşhurlaşır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında “Cücələrim”i məşhur aktrisamız, rəssam-florist Suğra Bağırzadə oxuyur. Bununla da, əsərin ulduzu parlayır və qısa zamanda dillər əzbərinə çevrilir. Tezliklə, “Cücələrim” sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. 

S.Bağırzadə bu mahnının həyatında böyük rolu olduğunu vurğulayır, həmin illərdən çox zaman keçməsinə baxmayaraq, “Cücələrim”i hər dəfə dinləyəndə eyni həyəcanı keçirdiyini deyir.


Məşhur sovet cizgi filmi “Nu, poqodi!”nin bir bölümündə isə “Cücələrim” sədaları orijinal variantda səslənir.
Bu gün sevilən uşaq mahnısı 100-dən çox dilə tərcümə olunub. Unudulmaz bəstə “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil edilib.

 


“O bəxtəvər bəstəkara dərin salamımı yetirin” 
Mahnının tarixi ilə bağlı ən maraqlı faktlardan biri də Çarli Çaplinin adı ilə bağlıdır. Məlumata görə, ötən əsrin 50-ci illərində Azərbaycanın bir qrup kino nümayəndəsi Fransaya dəvət alır. Vətənimizin kino xadimləri həmin tədbirdə iştirak edən dünya kinosunun məşhur ulduzu Çarli Çaplinlə də görüşmək imkanı qazanırlar. Çaplin qonaqların haradan gəldiklərilə maraqlanır. Həmyerlilərimiz Azərbaycanın adını çəkəndə, dünyaşöhrətli aktyor dərhal piano arxasına keçib, “Cücələrimi” ifa edərək, deyir: “O bəxtəvər bəstəkara dərin salamımı yetirin”.


“Bəxtəvər bəstəkar”ın taleyi 


Bəli, bu bəxtəvər insan Qəmbər Hüseynli idi. “Ay işığında”, “Muğana ceyran” kimi dillər əzbərinə çevrilən ölməz əsərlərin müəllifi…
Lakin onun acı həyat yoluna nəzər salanda görürük ki, böyük sənətkar heç də bəxtəvər ömür sürməyib. Qəmbər Hüseynli 1916-cı il aprelin 16-da Gəncədə dəmirçi ailəsində doğulub. Hələ uşaq yaşlarından atası vəfat edir. O vaxtlar Gəncədə musiqiyə böyük maraq var idi. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül və digər müsiqi dühaları tez-tez Gəncənin qonağı olurdular.

Belə bir mühitdə böyüyən balaca Qəmbər musiqiçi olmaq arzusunda idi. O, 1927-ci ildə Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə, 1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna daxil olur. Sonralar Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovla birgə təhsil alır.
1934-cü ildə istedadlı gənci Bakıya göndərirlər. Qəmbər Bakı Musiqi Texnikumunda tanınmış pedaqoq A.S.Şvartsın violonçel sinfində təhsil alır. Daha sonra qabiliyyətini görüb bəstəkarlıq şöbəsinə keçirirlər. Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını da bu illərdə bəstələyir.
1939-cu ildə bəstəkarı Şuşa Musiqi Texnikumuna direktor göndərirlər. Qəmbər orada da ürəklə çalışır. Amma bir ildən sonra onu təzədən Bakıya çağırırlar. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi kimi çalışır.
Gənc Qəmbər Üzeyir Hacıbəylinin məsləhətilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının təşkilatçısı və bədii rəhbəri olur.
1951-ci ildə Qəmbər yenidən Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq şöbəsində təhsilini davam etdirir. Üç ildən sonra şair Mirmehdi Seyidzadənin librettosu əsasında “Qızıl quş” operasını yazır.
Qəmbər Hüseynli 1961-ci ilin avqust ayında cəmi 45 yaşında dünyadan köçür.
Sevimli bəstəkarın həyat və yaradıcılıq yolunda qaranlıq qalan məqamlara aydınlıq gətirmək üçün Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadəyə müraciət etdik:

“Bəzən bəstəkarlar uzun ömür sürür, saysız-hesabsız əsərlər yazır, lakin ölümündən sonra nə özü yada düşür, nə də bəstələri. Bu baxımdan Qəmbər Hüseynli xoşbəxt sənətkardır. Onun haqda keçmişdə danışmaq çox çətindir. Düşünürəm ki, bir incəsənət xadimi əsəri sevildiyi qədər yaşayır. Odur ki, Qəmbər bəy sağdır və hələ uzun illər yaşayacaq.
Onun Bayram adlı bir qadaşı olub. Bayram da musiqiçi idi, tərtib etdiyi dərsliklər, bu gün də musiqi məktəblərində tədris olunur.
Təəssüf edirəm ki, Qəmbər Hüseynlinin şəxsi həyatında baş verən uğursuzluqlar və qalmaqallar onun sənətlə məşğul olmağına imkan vermədi. Odur ki, bizə barmaqla sayılacaq qədər, lakin mükəmməl əsərləri qalıb.
Ümumiyyətlə, hər iki qardaşın Azərbaycan musiqi sənətinə verdiyi töhfələr danılmaz və əvəzsizdir”.


“Cücələrim” muzeyi


Milyonların sevimli əsəri olan “Cücələrim” mahnısı ilə bağlı 1979-cu ildə bəstəkarın doğma yurdu Gəncə şəhərində muzey yaradılır. Bu unudulmaz əsər, adına muzey yaradılan ilk uşaq mahnısıdır.
Bəs çağdaş Azərbaycan musiqisi övladlarımızın ruhunu oxşaya bilirmi? “Cücələrim” kimi dillərə dastan olacaq uşaq bəstələri indi niyə yazılmır? Bəlkə elə bu səbəbdəndir ki, uşaqlarımız xarici dillərə daha çox maraq göstərirlər?
Bütün bu sualların cavabını uşaq mahnılarının bəstəkarı Məryəm Əlibəyliyə ünvanladıq.
Onun sözlərinə görə, hazırda uşaq musiqiləri yox səviyyəsindədir:

“Düşünürəm ki, bunun birinci səbəbi maddiyatdır. Məsələn, bir bəstəkar, tez-tez toylara dəvət alan müğənniyə bəstə yazmağa daha çox can atır. Çünki bu mahnını satıb, kifayət qədər böyük gəlir əldə edir. Uşaq mahnılarında isə gəlir yoxdur. Bu sahə ilə məşğul olmaq böyük iradə və uşaqlara sonsuz sevgi tələb edir.
Digər səbəb isə yəqin ki, uşaq şeirlərinin qıtlığıdır. Mən bəzən şairlərin kitablarını vərəqləyirəm, şerilərin çoxu nəvələrinin adına həsr olunub. Uşaqların dünyagörüşünü artırıb, maraqlarına səbəb olacaq mövzular isə yoxdur.
Məcbur olub, şeiri də, bəstəni də özüm yazmalı oluram. Müəllifi olduğum “Can bala” mahnısının da bu gün kifayət qədər məşhur olduğunu düşünürəm.
Qəmbər Hüseynlinin “Cücələrim” əsərinə gələndə isə hesab edirəm ki, bu bəstə artıq xalqın mahnısına çevrilib. Arzu edirəm ki, bu səpkidə yazılan mahnılarımızın sayı artsın”.
Eyni sualla son illər uşaq mahnılarından ibarət layihələrlə gündəmdə olan Ülviyyə və Bəbir Bəbirli cütlüyünə müraciət etdik.
Ülviyyə Bəbirli bildirdi ki, müasir dövrdə valideynlərlə yanaşı, televiziya və internetin də bu sahədə rolu böyükdür:

“Biz artıq bir neçə ildir ki, telekanallarımızın birində azyaşlı müğənnillərlə maraqlı layihələr edirik. Onlar üçün yeni bəstələr yazır, tanınan uşaq mahnılarını isə aranjiman edirik. Bu günədək hazırladığımız bir çox layihə dərin maraqla qarşılanıb, onlardan biri isə müğənnillərlə balaca istedadların birgə dueti layihəmiz idi. İl ərzində ən azı üç dəfə balaca dostlarımızla birgə konsertlər təşkil edirik. Konsertlərimizdə hər zaman unudulmaz “Cücələrim” əsərinə də yer veririk”.
Bu bəstənin ən maraqlı ifalarından biri də mərhum kamança ustadımız Habil Əliyevə məxsusdur. Gözəl sənətkar öz ifa tərzi ilə “Cücələrim”ə daha kövrək və fərqli nəfəs verib.
Qürurverici haldır ki, günü bu gün də dünya sənətçiləri, uşaq verilişlərinin yaradıcıları “Cücələrim”in maraqlı ifalarını təqdim edir, fərqli kliplər hazırlayırlar.
Demək ki, 68 yaşlı “Cücələrim” hələ də körpə və sevimlidir.
(publika.az)

Şərhlər