Araik Arutyunyan Azərbaycana siyasi, hüquqi kozırlar verir – Paşinyan yolu…backend

Araik Arutyunyan Azərbaycana siyasi, hüquqi kozırlar verir – Paşinyan yolu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi, eyni zamanda Müdafiə Nazirliyi reaksiya verməlidir. Digər tərəfdən, belə olan halda rus sülhməramlılarının Azərbaycanda qalmaq məsələsi Milli Məclisə daşınmalıdır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Qarabağdakı erməni separatçılarının rəhbəri Araik Arutyunyanın təkcə qondarma və qanunsuz silahlı dəstələri deyil, habelə yerli sakinləri də silahlandırması, eyni zamanda, bu prosesdə rus sülhməramlılarının siyasi-hərbi dəstəyindən yararlandıqları barədə səsləndirdiyi məlumata münasibət bildirərkən deyib.
Həmsöhbətimizə görə, bu təxribatlarda məqsəd Azərbaycan Ordusu ilə rus sülhməramlıları arasında qarşıdurma yaratmaqdır:
“Araik Arutyunyan Paşinyanın yolu ilə gedir, bir növ Azərbaycana siyasi, hüquqi kozırlar verir. Bundan yararlanmalıyıq. Paşinyan da bir zamanlar Araikin indi səsləndirdiyi bəyanatlarla çıxış edirdi. Arutyunyanı Rusiya sülhməramlıları danışdırır. O, Rusiya kəşfiyyatının adamıdır. Məqsədləri də Azərbaycan Ordusu ilə rus sülhməramlıları arasında qarşıdurma yaratmaq və ondan yararlanıb ordumuzun geri çəkilməsinə çalışmaqdan ibarətdir. Necə olur ki, Ermənistanın müdafiə naziri Azərbaycanın Qarabağ bölgəsinə gəlib, ordumuzun mövqelərini çəkir. Birgə Monitorinq Qrupu niyə ölçü götürmür? Deməli, Rusiya sülhməramlıları Azərbaycana qarşı növbəti təxribat hazırlayır”.
Ekspert qeyd edir ki, belə vəziyyətdə Azərbaycan təxribata uymamaq şərtilə vacib addımlar atmalıdır:
“Bu bir növ ölkəmizə yönəlik siyasi çağırışdır, ona cavab verməliyik. Buna hazır olmalı, təxribata uymamaq şərtilə vacib addımlar atmalıyıq. İndi qəti addımlar atmaq real deyil. Rus sülhməramlıları da bunu istəyir. Həmin əraziyə müdaxilə etsək, Rusiya bundan ölkəmizə qarşı istifadə edəcək. Özləri 5-6 rus əsgərini öldürüb, ordumuzun üstünə atacaq. Çalışmalıyıq ki, məsələdə usta mövqedə dayanaq, asta olaq, eyni zamanda tamamilə gözləmə mövqeyində qalmayaq. Azərbaycan bu istiqamətdə informasiya müharibəsinə başlamalıdır. Dünyanı agah etməliyik ki, Rusiya burada təxribat törətməyə hazırlaşır”.
Cümşüd Nuriyevin fikrincə, Azərbaycana qarşı terrora çağıran Arutyunyanla bağlı beynəlxalq məhkəməyə müraciət etməliyik:
“Separatçı Araik Arutyunyan həbs olunmaq üçün çoxdan axtarışa verilib. Amma Rusiya ilə ekstradisiya haqqında müqavilə bağlasaq da, onlar Arutyunyanı tutub, ekstradisiya etmir. Görünən odur ki, Arutyunyan yeni konspekt alıb və onun icrasına başlayır. Belə olan halda, bununla bağlı beynəlxalq məhkəmələrə müraciət etməliyik”.