“AQSİA uğurlu qadın platformasıdır”backend

“AQSİA uğurlu qadın platformasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərifə Quliyeva: “AQSİA-nın uğurlu fəaliyyəti dövlətin qadınların inkişafına verdiyi dəstəyin göstəricisidir”

İyunun 19-da Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin vebinar-konfransı keçirilib. Konfransda Səkinə Babayeva AQSİA-nın sədri seçilib. Eyni zamanda Assosiasiyanın 15 nəfərdən ibarət tərkibdə yeni İdarə Heyəti formalaşıb. İdarə Heyətinə namizədliyi səs çoxluğu ilə dəstəklənən üzvlərdən biri də “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyevadır. Müsahibədə Assosiasiyanın gələcək perspektivləri, eləcə də ölkədə və dünyada baş verən proseslərlə bağlı Zərifə Quliyevanın fikirləri ilə tanış olacaqsınız.

– Zərifə xanım məlum olduğu kimi, AQSİA-nın vebinar-konfransında qurumun İdarə Heyətinin üzvü seçildiniz. Qarşıdakı planlarınız barədə fikirləriniz maraqlı olardı…

– Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda qadın siyasətinə xüsusi önəm verilib. Ulu Öndər hər zaman və hər sahədə qadınlarımızın inkişafına dəstək verib. İndiyə qədər çoxsaylı dövlətlərdə səfərlərdə olmuşam və gəldiyim qənaət bundan ibarətdir ki, Azərbaycan qadınları istər təşkilatçılıq, istərsə də digər keyfiyyətlərinə görə, fərqlənməyi bacarır. Heç şübhəsiz qeyd etdiyim kimi, burada vacib məqamlardan biri Azərbaycan dövlətinin dəstəyi ilə bağlıdır. Cənab Prezident İlham Əliyev də bu siyasəti davam etdirir, qadınlarımız hər zaman dövlət başçısının dəstəyini hiss edirlər. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu xüsusda diqqətdən kənarda qala bilməz. Sürətlə qloballaşan və yeni trendlərin meydana gəldiyi mövcud şəraitdə Azərbaycanda bütün sahələrdə kollektiv birliklər, assosiasiyalar yaradılmasını müşahidə etdik. Ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) təsis olunub. Artıq üç ilə yaxındır Assosiasiya fəaliyyət göstərir və ölkəmizin aparıcı ictimai birliklərindən biridir. AQSİA-nın bu səviyyəyə gəlib çatması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qadın sahibkarlara xüsusi dəstəyi, sədrimiz Səkinə Babayeva kimi uğurlu iş adamının fəaliyyəti ilə bağlıdır. Məhz Səkinə xanımın yüksək təşkilatçılıq qabiliyyəti, üzvlərin dərin rəğbətini qazanması AQSİA-nı ölkənin nüfuzlu təşkilatlarından birinə çevirib. AQSİA-da gənc sahibkar xanımlar tanıdım, onların gələcək uğurlarında və tərcümeyi-hallarında mütləq ki, Assosiasiyanın özünə məxsus yeri olacaq. Sevindiricidir ki, AQSİA-da sistemli fəaliyyət qurulub, hər bölməyə bir peşəkar xanım rəhbərlik edir. Məsələn, AQSİA-nın ictimaiyyətlə əlaqələrinin qurulmasına məsul şəxs – Əməkdar jurnalist, uzun illər ölkə televiziyalarından sevə-sevə izlədiyimiz, həm də AQSİA İdarə Heyətinin üzvü Mətanət Ağamirli çox uğurlu kadrdır.

– Pandemiya dövründə AQSİA Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq, “Biz birlikdə güclüyük” devizi altında yardım aksiyaları həyata keçirdi

– Bilirsiniz ki, koronavirus pandemiyası bütün bəşəriyyəti təhdid altında saxlayır. Artıq milyonlarla insan bu virusa yoluxub, yüzminlərlə insan isə həyatını itirib. Azərbaycan da bu prosesdən kənarda qalmayıb. COVİD-19 infeksiyası insandan insana yoluxur və bu səbəbdən sosial izolyasiya və gigiyena tədbirləri mütləqdir. Dövlətimiz vətəndaşların sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığı azaltdı və bu səbəbdən müəyən iş yerləri bağlandı. Belə bir taleyüklü və həlledici bir məqamda AQSİA Heydər Əliyev Fondunun başlatmış olduğu yardım kampaniyasına qoşuldu və çoxlu sayda ailəyə ərzaq yardımları etdik. Binəqədi, Yasamal, Nəsimi, Nərimanov və digər rayonlarda ehtiyacı ola ailələrə yardımlar paylanıldı. AQSİA rəhbərliyi bu işi də yüksək səviyyədə təşkil etdi və prosesə öz töhfəsini verdi. Çox sevindirici haldır ki, dövlətimizin rəhbərliyi, Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu ağır günlərdə xalqımıza atalıq-analıq qayğısı göstərdi, hər zaman xalqın yanında oldular. Virus yenicə yayılmağa başlayanda artıq dövlətimiz önləyici tədbirlər görməyə başlamışdı. Tibb işçiləri arasında maarifləndirmə işləri aparılırdı. Xəstəxanalar hazır vəziyyətə gətirilirdi. Hazırda çoxlu sayda yeni xəstəxanalar, o cümlədən modul tipli yeni xəstəxanalar istifadəyə verilib. Tibb mərkəzlərimiz ən müasir avadanlıqlarla təhciz edildi.

– Siz həm də həkimsiniz. Cəmiyyəti düşündürən əsas suallardan biri virusun nə zaman bitəcəyi ilə bağlıdır…

– Əsrlərdir dünyada bu cür viruslar və yoluxucu xəstəliklər olub, pendemiyalar və epidemiyalar elan edilib. Malyariya, vəba, taun, xolera və s. bu qəbildəndir. Hər zaman insanlar bu pandemiyaları adlamağı, geridə qoymağı bacarıb. Ulu Öndər Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə, ötən əsrin 70-ci illərində Azərbaycanda texoma adlı yoluxucu xəstəlik yayılmağa başladı. Bu xəstəlik əsasən rayonlarda yaşayan əhali arasında yayılırdı və korluğa gətirib çıxarırdı. Dövlətimizin rəhbəri Heydər Əliyev böyük səy göstərdi və bu yoluxucu xəstəliyin qarşısı alındı. Sizə bir məlumat verim. O zaman görkəmli oftomoloq, hörmətli akademikimiz, mərhum Zərifə xanım Əliyeva gecəsini-gündüzünə qataraq, texomaya qarşı mübarizə aparırdı. O və rəhbərlik etdiyi komanda zavodlarda, fabriklərdə, laboratoriyalarda insanların arasında olur, onları bu ağır xəstəliyin ağuşundan alırdı. Məhz Zərifə xanımın sayəsində bu xəstəliyin, hansı ki, minlərlə insanı kor qoya bilərdi, qarşısı alındı. SSRİ tarixində ilk dəfə olaraq bu yoluxucu xəstəliyə qarşı uğurlu fəaliyyətinə görə, ittifaq mükafatı aldı. Zərifə xanımın peşəkar fəaliyyətinin nəticəsi idi ki, o zamandan Azərbaycan texoma bəlasından qurtuldu. Zərifə xanım bu yoluxucu xəstəliyin kökünü kəsdi. Heç şübhəsiz koronavirus da əbədi olmayacaq. Lakin biz ondan qısa müddətə qurtulmaq istəyiriksə, qaydalara riayət etməliyik. Mən buradan vətəndaşlara çağırış edir, onları sosial izolyasiya şərtlərinə əməl etməyə, ara məsafəsini qorumağa, maska taxmağa və gigiyenik qaydalara riayət etməyə çağırıram.

– Son dövlər Azərbaycanda islahatlar həyata keçirilir. Bu islahatları nəsillərin dəyişməsi, yeni idarəetmə sisteminə keçid kimi qiymətləndirmək olarmı?

– Cənab Prezident İlham Əliyev olduqca çevik, dinamik, yeni trendlərə uyğunlaşan, zamanında məntiqli və düşünülmüş qərarlar qəbul etməyi bacaran bir liderdir. Dəfələrlə təcrübədə görmüşük ki, Möhtərəm Prezidentin qərarları ölkəmizi çox ağır sınaqlardan qoruyub. Sözün əsl mənasında Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi varisidir və atdığı bütün addımları, həyata keçirdiyi layihələri birmənalı olaraq dövlətimizi gücləndirməyə xidmət edir. Cənab İlham Əliyev 2018-ci il prezident seçkilərindən sonra bəyan etdi ki, ciddi islahatlar aparılacaq. Sonrakı dönəmdə həyata keçirilən islahatlar bütün sahələr əhatə etdi. İqtisadi sahədə, sosial sahədə, xidmət sahəsində, o cümlədən hakimiyyətin bütün qollarında, istər icraedici olsun, istər qanunverici, bütün istiqamətlərdə islahatlar həyata keçirildi. Bu islahatların mahiyyətində dövləti gücləndirmək, vətəndaşların rifah halını yüksəltmək, peşəkar kadrların potensialından dövlətimizin güclənməsi naminə istifadə etmək dayanıb. Çox təəssüf edirəm ki, bu gün Cənab Prezident İlham Əliyevin etimadını doğrultmayan, vətəndaşlara yuxarıdan aşağı baxan, korrupsiya və rüşvətə bulaşan məmurlar var. Onların əməlinə hüquqi qiymət verilib və Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, bundan sonra da veriləcək. Bəzən belə iddialara rast gəlirik ki, Yeni Azərbaycan Partiyasını mən qurmuşam, nə bilim, nizamnaməsini mən yazmışam, hamısı yalandır. Yeni Azərbaycan Partiyasını Ulu Öndər Heydər Əliyev qurub, yaradıb, Nizamnaməsini də özü yazıb. İndi kimin nə haqqı var ki, bu yola xəyanət eləsin.

– Həm bir lider, həm də doğması kimi Ulu Öndəri necə xatırlayırsınız?

– Mənim atam Rzaqulu Quliyev uzun illər təhlükəsizlik orqanlarında çalışıb. Atam Heydər Əliyevlə təkcə qohum olmayıb, həm də bir-birinə arxa-dayaq olublar. Atam həmişə bizə təlqin edib ki, Heydər Əliyev nəinki bizim nəslin, bütün xalqın fəxridir və onun adına heç zaman xələl gətirməyin. Mən mətbuata müsahibələrim zamanı da bu barədə danışmışam. Ulu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, parçalanmaq təhlükəsindən xilas etdi. Təsəvvür edin, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nə baş verəcəkdi? Azərbaycanın mövcudluğu, müstəqilliyini qoruya biləcəyi böyük sual altında idi. Bu gün sürətlə inkişaf edən, regionun lider, dünyanın isə önəmli dövlətinə çevrilən müstəqil, qüdrətli və böyük Azərbaycan – Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev ideyaları bu gün də yaşayır və Cənab Prezident İlham Əliyev ölkəmizi tərəqqiyə, inkişafa aparır. Azərbaycana qarşı yönələn heç bir təzyiq ölkəmizi uğurlu inkişaf yolundan sapındıra bilməz və bizi qarşıda çox uğurlu dövrlər gözləyir. Azərbaycan xalqı öz seçimin çoxdan edib və bu seçim Ulu Heydər Əliyev siyasi kursu – Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yoludur.

Azər Niftiyev, SOSİUM.az