“AQSİA bütün işgüzar xanımları bir araya gətirib” – Aida Kahvecibackend

“AQSİA bütün işgüzar xanımları bir araya gətirib” – Aida Kahveci

İyunun 19-da Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin vebinar-konfransı keçirilib. Konfransda Səkinə Babayeva AQSİA-nın sədri seçilib. Eyni zamanda Assosiasiyanın yeni İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası (NTK) formalaşıb.

Nəzarət Təftiş Komissiyasına namizədliyi səs çoxluğu ilə dəstəklənən üzvlərdən biri də “KAHVEÇİ+” şirkətinin direktoru Aida Kahvecidir.

Müsahibədə Assosiasiyanın gələcək perspektivləri, eləcə də ölkədə baş verən proseslərlə bağlı Aida Kahvecinin fikirləri ilə tanış olacaqsınız.

– Adia xanım məlum olduğu kimi, AQSİA-nın vebinar-konfransında qurumun Nəzarət-Təftiş Komissiyasının üzvü seçildiniz. Qarşıdakı planlarınız barədə fikirləriniz maraqlı olardı…

– Artıq xeyli müddətdir ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvlərindən biriyəm. Assosiasiyanın fəaliyyətində yaxından iştirak etməyə çalışıram. Sağ olsun AQSİA üzvləri, mənim fəaliyyətimə yüksək qiymət verdilər. Qurumun Nəzarət-Təftiş Komissiyasının (NTK) üç üzvündən biri oldum. Əslində, bu mənim üçün gözlənilməz idi. Çünki əvvəlcədən məlumatlı deyildim. Sadəcə vebinar-konfransın gedişində namizədliyim irəli sürüldü və konfrans iştirakçılarının dəstəyini qazandı. Qarşıda bizi kifayət qədər məsuliyyətli bir dövr gözləyir. Çünki NTK-nın missiyası qurum daxilində nəzarət tədbirlərini həyata keçirmək, eyni zamanda inkişaf perspektivləri ilə bağlı təkliflərlə çıxış etməkdən ibarətdir. İnanıram ki, bizə göstərilən etimadı layiqincə doğruldacaq, AQSİA-nın fəaliyyətinin artırılmasına öz tövhəmizi verəcəyik.

– AQSİA sahibkar qadınların platformasıdır. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olursunuz. Necə oldu ki, bu sahəyə gəldiniz?

– “KAHVEÇİ+” şirkəti 1968-ci ildə Cəmil Kahveci tərəfindən Türkiyədə yaranıb. Hazırda Türkiyənin üç böyük şəhərində – Bursa, Ərzurum və Yalovada fabriklərimiz, eyni zamanda İraqda, Gürcüstanda və digər dövlətlərdə satış mərkəzlərimiz mövcuddur. Şirkətin Azərbaycan Nümayəndəliyinin əsası isə 1995-ci ildə qoyulub. Ceyranbatan qəsəbəsində istehsal fabriki, şəhərin mərkəzində isə satış mərkəzimiz fəaliyyət göstərir. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, taxta, parket istehsalı və satışı sahəsində Türkiyənin aparıcı şirkətlərindən biriyik. Azərbaycan bazarında lider mövqedəyik və Avropa protokollarına uyğun, eyni zamanda alman texnologiyası əsasında məhsullar istehsal edirik. Məhsulların xammalı Almaniya və digər ölkələrdən gətirilsə də, Azərbaycanda istehsal olunur və “Made in Azerbaijan” brendi altında satışa çıxarılır. Mənim bu sahəyə gəlişimə gəldikdə isə deyə bilərəm ki, bu bir ailə şirkətidir və şirkətin əsasını qayınatam Cəmil Kahveci qoyub. Bu gün biz də Kahveci ailəsi olaraq bu prosesdə fəal iştirak edirik.

– Azərbaycanda fabrikiniz 1995-ci ildə qurulub. Bu gün isə həm istehsal, həm də satışda yeni trendlər formalaşır. Uyğunlaşa bilirsinizmi?

– Şirkətimiz fəaliyyətə başlayan gündən daim öz üzərində işləyib və bazarda baş verən hər bir dəyişikliyə adekvat reaksiya verib. Vaxtaşırı olaraq istehsal prosesində istifadə olunan avadanlıqlarımızı yeniləyir, marketinq və satış siyasətimizi nəzərdən keçirir, o cümlədən əməkdaşlarımızı beynəlxalq təlimlərə göndəririk. Hazırda Almaniyanın “Şröyder” şirkəti ilə əməkdaşlıq şəraitində fəaliyyət göstəririk. Açıq deyəcəm, bu gün Azərbaycan bazarında ən keyfiyyətli və müasir taxta, parket məhsulları tərəfimizdən istehsal olunur. Bilirsiniz ki, hər hansı mənzil və ya ofisə parket vurularkən ilk növbədə onun altında qalan taxta yonulur, sonra bir neçə dəfə rənglənir. Bu proses həm uzun çəkməsi, həm də sonrakı fəsadları (uzun müddət iyin qalması, sağlamlığa təhdid) ilə yorucu və sıxıcı olur. Biz Azərbaycanda ilk dəfə olaraq birbaşa döşəməyə vurulan və müxtəlif rənglərdə parketlər istehsal edirik. İstehsal etdiyimiz parketlər ekoloji cəhətdən tam yararlı və Avropa standartlarına uyğundur.

– İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevlə görüşündə bəyan etdi ki, pandemiya dövründə tikinti materiallarının istehsalına üstünlük veriləcək…

– (Sözümüzü kəsərək). Çox gözəl təklifdir. Bəli, bu bizim ağrılı problemimizdir. Əgər hər hansı məhsulun Azərbaycanda istehsalı varsa və yüksək səviyyədə bu iş həyata keçirilirsə, həmin məhsullara idxal rüsumları artırılmalıdır. Yəni daxili istehsalı gücləndirmək üçün xaricdən daxil olan məhsulları əngəlləmək lazımdır. Sizə bir məlumat verim. Bu gün Rusiyadan Azərbaycana taxta və parket məhsulları gətirilir. Apardığımız araşdırmalar zamanı məlum olub ki, hazırda Rusiyanın taxta bazarında ermənilər üstün mövqedədir və bizim bazara çıxarılan məhsulların əsas hissəsi erməni sahibkarlara məxsus fabriklərdə hazırlanır. Digər bir problem isə xaricdən gətirilən məhsulların satışı zamanı istehlakçıların aldadılmasıdır. Misal üçün, Almaniya, Rusiya və digər dövlətlərin istehsalı adı ilə alıcılara keyfiyyətsiz Çin məhsulları təqdim edilir. Bizim şirkətin hər bir əməkdaşı vətənpərvərdir və bizim üçün əsas missiya soydaşlarımızın hüquqlarını qorumaq, onlara keyfiyyətli və sağlam məhsullar təqdim etməkdir. İnanıram ki, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən islahatlar yerli istehsal məhsullarının bazar payının güclənməsinə, onların mövqeyinin artmasına səbəb olacaq. Dünya artıq yeni mərhələyə qədəm qoyub və bu mərhələ hər bir dövləti daxili bazar yaratmağa, yerli istehsalı artırmağa sövq edir. Yerli istehsal yeni iş yerlərinin açılması, yeni fəaliyyət sahələrinin yaranması, peşəkarlıq vərdişlərinin artırılması, eyni zamanda əlavə sərfiyyatın azalması deməkdir.

– AQSİA-nın fəaliyyətində hansı yeniliklər gözlənilir?

– Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası bu gün ölkəmizdə ən uğurlu qadın plaftormalarından biri, hətta deyərdim ki, birincisidir. Fəaliyyətə başladığı üç il ərzində Asossiasiya qadın sahibkarlar arasında faydalı və qarşılıqlı əlaqələrin qurulması, onların arasında kordinasiyalı fəaliyyətin təşkili istiamətində çox böyük işlər görüb. Bu gün bizim üzvlərimiz arasında istehsalçı xanımlar da var, ticarətçi xanımlar da. Yəni AQSİA bütün sahələrdən olan işgüzar xanımları bir araya gətirməyi bacarıb. Eyni zamanda regionlarda qadınların prosesə cəlbi yönündə çoxsaylı layihələr həyata keçirilib. Cəbhəyanı bölgələrdə onlarla təlimçi xanımın yetişdirilməsi proqramı, bu proqramdan faydalanacaq xanımların inteqrasiyası bu qəbildəndir. Son vebinar-konfransda qərara alındı ki, AQSİA olaraq fəaliyyətimizi daha da genişləndirək. Mütəmadi olaraq yığıncaqlarımız keçirilir və gələcək planlarımız müzakirə olunur. Qarşıdakı dönəmdə AQSİA-dan kənarda qalan xanımların, xüsusən regionda yaşayan xanımların Assosiasiyaya cəlbi, təlimlərin keçirilməsi, dövlət və özəl qurumları ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığın artırılması, onlarla birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. İnanırıq ki, AQSİA ölkənin bir nömrəli qadın platforması olaraq bundan sonrakı fəaliyyətində daha böyük və ciddi uğurlara imza atacaq.

// Azər Niftiyev, SOSİUM.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki