Tribuna İnformasiya Agentliyi

“Aqrolizinq”in şöbə müdirinə qarşı cinayət işi başlanıb – SƏBƏB

18 Mart

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin Damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilov cinayət məsuliyyətinə cəlb edilib.

ONA-nın əldə etdiyi xəbərə görə, K.Şamilov barəsində Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313 (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işinin başlanmasına fermer Rahib Rzayevə lizinqə verilmiş 150 baş damazlıq heyvanların tam ödəniş edilmədən müəyyən edilmiş saxlanc yerlərində aşkar edilməməsi səbəb olub.

Qeyd edək ki, bir müddət əvvəl kənd təsərrüfatı naziri tərəfindən K. Şamilova töhmət verilib.