“Aprelin sonu, mayın əvvəli…” – “Rusiya bu əraziləri aylarla saxlaya bilməyəcək”backend

“Aprelin sonu, mayın əvvəli…” – “Rusiya bu əraziləri aylarla saxlaya bilməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya bu əraziləri aylarla saxlaya bilməyəcək. Düşünürəm ki, aprelin sonu, mayın əvvəlində hər şey yavaş-yavaş bitməlidir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri, tanınmış hərbi ekspert Aleksey Arestoviç BBC-yə müsahibəsində deyib. Arestoviç ABŞ Prezidenti Co Baydenin bu savaşın bir həftə, yaxud bir aya bitməyəcəyinə dair fikrinə də münasibət bildirib. Onun qənaətinə görə, Bayden məhz Ukraynadakı hərbi kampaniyanı yox, ümumilikdə dünyada davam edən qlobal müharibəni nəzərdə tutub: “Onun nəzərdə tutduğu müharibə 2021-ci ilin martında elan etdiyi və Putini “qatil” adlandırdığı, dünyanın avtoritar rejimlərə və demokratiyaya bölündüyünü dediyi müharibədir. Bu, tamam başqa məsələdir.”

Artıq aprelin sonlarına doğru əhalinin Kiyevə qayıtmasının mümkün olacağını deyən Arestoviç bildirib: “Kiyevə o şərtlə qayıtmaq olacaq ki, onları (rus ordusunu-red.) buradan 50 kilometr məsafəyə sıxışdırmaq mümkün olacaq. İndiki kimi yox, doğrudan da tam uzaqlaşdırmaq. Yeri gəlmişkən, elə indi də Kiyevə kifayət qədər böyük sayda insan qayıdır”.

Xatırladaq ki, bundan öncə Rusiya komandanlığı Kiyev və Çerniqov istiqamətlərində “hərbi aktivliyin kardinal şəkildə ixtisar edilməsinə” dair qərar verib. Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin “kardinal şəkildə ixtisar edilməsi” qərarını Ukrayna ilə danışıqların “praktiki müstəviyə keçməsi” ilə əsaslandırıb.

“Ukrayna ilə danışıqların praktiki müstəviyə keçməsi ilə əlaqədar Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi dəfələrlə azaltmaq qərara alınıb”,-müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.