ANKARA-MOSKVA-QƏRB ÜÇBUCAĞINDA AZƏRBAYCAN: KİMLƏR HANSI MESAJLARI GÖNDƏRİR?backend

ANKARA-MOSKVA-QƏRB ÜÇBUCAĞINDA AZƏRBAYCAN: KİMLƏR HANSI MESAJLARI GÖNDƏRİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün diqqəti çəkən iki hadisə qeydə alınıb. Həmin hadisələrdən biri Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı və Qarabağ münaqişəsinin müzakirəsi olub. İkinci hadisə isə Türkiyə və Azərbaycan ordularının birgə hərbi təlimlərə başlamasıdır.
JAMAZ.İNFO xəbər verir ki, hər iki hadisə Azərbaycan üçün əhəmiyyət daşıyır. İstər Ankara-Moskva danışıqları, istərsə də birgə hərbi təlimlər tərəflərin bir-birinə diplomatik və hərbi sahədə dəstəklərinin ifadəsi ilə yanaşı, həm də mesaj göndərmək kimi başa düşülür.
Öncəliklə Ankara və Moskva arasındakı danışıqlara diqqət yetirək. Putinlə Ərdoğanın Ermənistan-Azərbaycan sərhəddində, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardıqları danışıqlarda əsas vurğu bölgədə yeni hərbi əməliyyatların qarşısının alınmasına hesablanıb. Rusiya tərəfinin israrla “Dağlıq Qqarabağ münaqişəsinin müharibə ilə həlli yoxdur” deməsi, ona dəlalət edir ki, Kreml heç bir şəkildə prosesdən kənarda qalmaq fikrindən uzaqdır və hərbi əməliyyatlar olarsa, münaqişə tərəflərinə təzyiq edəcək. Moskva bunu aprel döyüşlərində də nümayiş etdirmişdi. Həmin vaxt Şoyqu və digərlərinin telefon zəngləri ilə hərbi əməliyyatlar dayandırılmışdı.
Həmin danışıqlardan anlaşılan həm də odur ki, Rusiya artıq Türkiyəni regionda söz sahibi hesab edir və onun hər an prosesə qoşula biləcəyinə inanır. Eyni zamanda, Qafqazda bəzi məsələlərdə Türkiyənin önəmli söz sahibi olduğunu qəbullanır. Amma burada bir başqa məsələ daha var. Böyük ehtimalla Rusiya Qafqazda Qərbin söz sahibi olmasındansa, elə Türkiyənin öndə olmasını istəyir. Düzdür, Ankara NATO üzvüdür, lakin Rusiya ilə müttəfiqliyini gizlətmir. Daha doğrusu, bu müttəfiqliyi bir neçə kağız üzərində təsdiqləyib. Hərçənd Kreml hər şeyə rəğmən, Ankaranı nə bir addım önündə görmək istəyir, nə də onunla eyni səfdə dayanmasını. Lakin indiki məqamda Moskvanın başqa yolu da yoxdur.
İkinci məsələ də mahiyyət etibarı ilə mesaj göndərmək niyyəti güdür. Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərə başlaması, özü də indiki məqamda sıradan bir olay kimi qiymətləndirilə bilməz. Əksinə, bunun Ankaranın Kremlə “Azərbaycan tək deyil”, “Hərbi sahədə bütün dəstəyimizi verəcəyik” anlamında söz göndərməsi kimi də başa düşmək olar.
Qeyd edək ki, bu təlimlər Rusiyanın Ermənistanla birlikdə hərbi təlimlər keçirməsindən sonraya təsadüf etməsi, onu deməyə əsas verir ki, Türkiyə nə Azərbaycanı tək qoymaq fikrindədir, nə də regionda meydanı Rusiyaya vermək fikrində deyil.
Bildirək ki, Türkiyənin son davranışları rus mətbuatında və siyasi dairələrində bir müddətdir geniş müzakirə olunur. Rus mediası və siyasətçiləri o fikirdədirlər ki, Ankara hissə-hissə təkcə, Qafqazı deyil, Orta Asiyanı da ələ keçirmək istəyir. Bunun üçün Ankaranın hətta özünəməxsus siyasət yürütdüyü də iddia edilir. Bu siyasətin mərkəzində isə Türkiyənin əsas müttəfiqi Azərbaycan göstərilir.
Azərbaycana gəlincə, iki böyük dövlətdən konkret olaraq birinin tərəfinə keçməsi diqqəti çəkmir. Əksinə, maksimum yanaşma odur ki, tərəflərdən heç biri inciməsin. Düzdür, Türkiyə Azərbaycan tərəfindən qardaş, dost və müttəfiq ölkə olaraq qəbul edilir. Eyni zamanda, bir çox məsələlərdə güvəndiyi tək ölkədir. Amma Bakı Rusiyanın hansı imkanlara malik olmasından da xəbərdardır və həmin imkanlardan ehtiyatlanır. Çünki Kreml istənilən vaxt istənilən addımı atmaq imkanına malikdir.
Müşahidəçilər hesab edirlər ki, Azərbaycan indiki məqamda region dövlətləri ilə münasibətlərini maksimum dərəcədə balanslı saxlamağa çalışır. Onların qənaəti budur ki, rəsmi Bakının başqa çıxış yolu yoxdur. Çünki çevrədəki dövlətlərin hər hansı birinə qarşı çıxmaq, daxildəki sabitliyin pozulmasına gətirib çıxarmaqla yanaşı, təzyiqlərin də artacağı deməkdir.
Qərbin proseslərə kənar müşahidəçi kimi baxdığını da demək mümkün deyil. Sadəcə, Qərbin siyasi dairələri hələlik aktiv tərəf kimi hadisələrə yanaşmır, amma ara məsafəsini də açmır. Qərb ümid edir ki, gec və ya tez Azərbaycan inteqrasiya xəttini dəyişəcək və Gürcüstan kimi onunla müttəfiq olacaq. Amma bunun yaxın zamanlarda mümkün olacağına inanmır. Ona görə də, dolayı vasitələrlə Bakıya yanaşmağa çalışır, təzyiq edir. Bu insan haqları, demokratiya fonunda diqqəti çəksə də, işin içində başqa vasitələrin olduğu da aydın görünür.