backend

Ana olmaq istəyirəm!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Ana olmaq istəyirəm, amma ki… Ammalar çoxdur.  

Ana olmaq istəyirəm, amma ki… Ammalar çoxdur. 

 

Ələxsus da, bizim kimi mental dəyərləri, dini humanizm, dövlətin qanunlarından üstün tuturlarsa, insanın şəxsi həyatına dair bilmədiklərini müzakirə etmək, qınamaq, təhqir etmək. Bunlar bir daha təsdiq edir ki, bizim cəmiyyət düzələn deyil.

Facebukda olan “Xoşbəxt qadınlar klubu”nda çox az sayda xoşbəxt qadın var. Daha çox qara dünyalı, paxıl, qurdlu, iyrənc düşüncəli insanlardır. Ağlı olanlar baş qoşmazlar.

Dünən bir status yazdım:

İkinci dəfə ana olmaq istəyirəm, amma ərə getmədən. Ər və ya qanuni ailə olmadan övladlığa götürmək çətindi, süni mayalanma çox bahadı, qalır yaxın kişi dostundan donor kimi sperma götürmək. Hər 3 halda, qadını qadınlar da, kişilər də qınayır, əxlaqsız sayır. İndi ana olmaq istəyən mütləq ərə gedib kişini özünə yük etməlidir. İndiki zamanda əsl kişi tapmaq da çətinləşib. Artıq donor sperma üçün 5 nəfər könüllü namizəd var. Siz nə düşünürsünüz?

Bu statusum birmənalı qarşılanmadı. Tanıyanlar, yəni publisist, bloqçu olduğumu bilənlər dərhal statusun troll olduğunu, araşdırma apardığımı, onlarla mırtlaşdığımı iddia etdilər. Halbuki, real fikir və vəziyyət idi.

Ailə məcəlləsinin 15-ci maddəsinə görə ana olmaq istəyən qadın 1 il 9 ay, məhkəmə müddətini də nəzərə alsaq, 2 il yarım ailəli olub kişini bədbəxt etməli, ya da qadın kişiyə dözməlidir. Hamiləlik dövrü və uşağın 1 yaşı tamam olmamış qadının razılığı olmadan nigaha son verilməsi barədə kişi iddia qaldıra bilməz. Ona görə statistikaya baxsaq, ölkədə ailələr orta hesabla 2-3 il mövcud olur. Boşanma halı yaralı və qeyri-etik keçdiyindən anaya verilən övlad atasız qalır, qanun buna icazə versə də. Ata aliment ödəyir, amma övladını görmür. Bu isə deməkdir ki, boşanan ailələrinin 80%-ində boşanmadan sonra övlad atasız qalır, atasını görə bilmir.

Hələ uşaq evlərinə atılan və ailəsi olmayan övladları demirəm. Sizcə, mənim yazdığım status niyə bu qədər insanı narahat etməməlidir?

Ərə uşaq doğmaq, sonra kişini alimentlə yükləmək, əmlak davası etmək üçün getməyin.

Ərə gedib əri tərəfindən atılan, rəsmi boşanmayan və kişisiz, ərsiz yaşayan nə qədər ailə var? Az deyil, bu ailələrdə də övlad ata üzünə həsrətdir, atasız böyüyür. Xaricə işləmək üçün gedən ailəli və ailəsiz xaricdə yaşayan, işləyən kişilərimizin sayı 100000 nəfərdən az deyil. Bu halda da, ata pul yollasa da, övlad atasının üzünü ildə 2 dəfə görür, o da ən yaxşı halda. Yəni ki, yenə də övlad atasız böyüyür, yenə ailə formal xarakter daşıyır, yenə yük ananın üzərinə düşür, yenə də övlada ana baxır.

Əri ölmüş, həbs edildiyindən atalıq hüququndan məhrum olmuş nə qədər ana var, onların övladı bəs atasız qalmır?

Adi son2 il yarımlıq statistikanı nəzərinizə çatdırım.

2015-ci il ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 63,1 min nikah və 11,7 min boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,3 təşkil edib.

Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2494 nəfər gələn və 1082 nəfər ölkədən gedən qeydə alınıb.

Belə ki, 2016-ci il ərzində 68,8 min nikah qeydə alınıb. Təəssüf doğuran yeganə fakt boşananların sayının az olmamasıdır. Belə ki, keçən il boşanmaların sayı 12,8 minə çatıb.”

Azərbaycanda 2017-ci il ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Aktual.az-a  verilən məlumata görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Bu rəsmi statistikadır, uydurma deyil.

Xoşbəxt qadınlar klubunda bir özəl status açdım ki, seçim və qərarımı dəqiqləşdirim, bilmədiyimi bilim. Amma bir daha əmin oldum ki, qadının ən böyük düşməni qadındı, bizim cəmiyyət çox qısqanc, paxıl, şərçil, təhqir edən, aqressivdir. Orada mənə dəstək olan hər kəsə minnətdaram. Peşman olmadım, hər kəs öz səviyyəsizlik  və düşüncəsizliyini göstərdi. Şərhləri oxuyub gülürdüm.

Əminliklə deyirəm, qadının düşməni qadındır. O da ki, hədəf və ya paylaşılmayan “kişi”dirsə, lap betər, təhlükəli düşməndir.

Əksəriyyət elə bildi ki, donor anonimdir, halbuki status açıq bildirir ki, donorlar məlumdur, şəxsən tanışam, subaydırlar.

Dirəşənlər var idi ki, “ərə get, uşaq doğ, boşan, kəbin kəsdir.” Ay balam, uşaq doğmaq üçün ərə getmək, sonra təkrar boşanmaq nəyimə lazımdır axı? Əlavə vaxt, pul itkisidir. Ailə Məcəlləsini oxuyun. Hamilə qadın və uşağı 1 yaşına çatmayan qadınla boşanmaq olmaz. Boşanacağamsa, niyə ərə gedim axı? Bu nə dar düşüncədir?! Dindar da deyiləm, kəbin və siğələri qəbul etmirəm, nigah varsa, ancaq dinin deyil, dövlətin qanununu qəbul edirəm.

 

“Övladlığa götür”, statusda yazmışam ki, şərtlər ağırdı, mən bu şərt və tələblərə uyğun deyiləm.

Ana və ata olmaq istəyən, ola bilməyən, tək insanlar… Yarımçıq, natamamdırlar. Kök altındadırlar. Nə cəmiyyətin üzvü kimi cəmiyyəti saymaya bilir, nə də öz istəyindən imtina edə bilir.

Övladlığa övlad götürmək istəyənlərə qoyulan rəsmi və qeyri-rəsmi tələblər onu valideyn olmaq hüququnu məhdudlaşdırır.

  1. Nazirlər Kabinetinin15 avqust 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş xəstəliklər siyahısında olan xəstəliklərdən birinə tutulmuş şəxslərə də uşaq övladlığa götürməyə icazə verilmir:

“Bu xəstəliklər aşağıdakılardır: Vərəm (aktiv və xroniki), bədxassəli onkoloji, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion, ruhi xəstəliklər, əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər, daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri”. Bu xəstəliklərdən ən azı biri hökmən ailəsi olan və olmayan hər kəsdə var.

  1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş və səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər övladlığa uşaq götürə bilməzlər.
  2.  Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Lakin, ögey ata (ana) uşağı övladlığa götürəndə yaş fərqinin olması tələb edilmir: “Valideynləri olan uşaq yalnız onların razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin notariat qaydasında yazılı razılığı tələb olunur. Valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər”. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə isə onun razılıq verməsi zəruridir. Övladlığa uşaq götürmək, kiməsə ailə sevincini yaşatmaq məgər əxlaqsızlıqdır?

Ya da ki, uşaq evində böyüyən, hər iki valideynindən məhrum olan və 18 yaşınadək övladlığa götürülməyən və ya qeyri-sağlam adamlara, ailəyə övladlığa verilən övladlarımız bəs xoşbəxtdirlərmi, psixoloji sarsıntı içində deyildirlər?

Ailə quran və ailə daxilində övlad doğan hər kəs xoşbəxtdirmi, övlad sağlam mühitdə tərbiyə alıb, böyüyürmü? Ailədaxili şiddət, aqressiyaları, kənar müdaxilələri, iki tərəfin bir-birinə qarşı hörmətsiz yanaşması bəs övlad üçün sağlam mühit yaradırmı?

 

Ya da ki, ailənin tərəflərindən biri ərinə və ya xanımına sırf övlada görə dözməsi, bir-birilərinin həyatını zəhərləməsi, eləcə də övladı zəhərləmələri, ailədən kənar münasibətlər, tərəflərinin biri və ya ikis tərəfindən atılan xəyanət addımı, kənarda saxladığı qeyri-qanuni, lakin siğəli, kəbinli ailələrin olması doğru addımdır, tərbiyəsizlik deyildirmi?

Kiminsə şəxsi iş və ya həyatına müdaxilə edərək, kiminsə ana olmaq, ata olmaq hüququna qarşı aqressiv yanaşmaq, önyarğı ilə qınamaq, empatik düşünməmək nə dərəcədə doğrudur.

Dinə gəlincə, cənnət və cəhənnəm yoxdur, dindar deyiləm, sizin Allahınızdan isə qorxmuram, çünki sevirəm. Sevginin təməlində qorxu olmamalıdır. Çünki belə sevgi zamanı qorxu yaradan səbəb keçərsə, o zaman sevgi də keçər, həm də ki, qorxudan yaranan sevgi ikiüzlülük, özünü aldatmaqdır. Cənnət və cəhənnəm insanların əməllərini və özünü idarə etmək üçün uydurulan mifdir. Elm dövrüdür, dini deyil, multimədəni, müxtəlif dini və ya dinsizlik baxışları olan şəxs-vətəndaşların yaşadığı demokratik, liberal, dünyavi ölkədə yaşayırıq. Bir də dininiz elm və maariflənmə, liberal dindir. Valideyn olmaq haqqı, eləcə də yeni həyat vermək haqqı hər kəsə verilib.

 

Uşağı abort edəncə, ya da doğum uşaq evinə verəncə, atasız və ya anasız böyüt.

Əxlaqsızlıq, fahişəlik, tərbiyəsizlik ana olmaq istəyində deyildir, uşağı atasız böyütmək istəyində deyil, uşağa görə kişiyə və ya qadına dözməkdə deyil, əxlaqsızlıq tanımadığınız insana ləkə yaxmaqda, onun haqqında bilmədiyiniz sözləri deməkdədir, ona şər atmaqdadır, onu ləkələməkdədir, ona əxlaqsız deməkdədir. yalan danışmaqdadır, ailəli olub ailəyə xəyanət etməkdədir, bunu mən demirəm, bunu sizin dininiz İslam deyir.

Arada beyninizi işlədib, dəmir kimi paslanmasın, beyinə gedən damarlarda qan işləsin, tromb yaranmasın. Beyniniz sizi idarə edir, ayaqlarınızı ayağı deyildir.

Süni mayalanma və ya donor, surroqatlıq kimi imkanlara üz tutanların qınanılması ayrı bir dərddir. Bilən də, bilməyən də həmin insanı humanistlikdə deyil, əxlaqsızlıqda ittiham edir, həmin insanın hüquq və azadlıqlarını əlindən alır. Sonsuz olan birisinə kiminsə kömək etməsi, uşaq sevincini yaşatması məgər əxlaqsızlıqdır? Bəlkə hətta öz yoldaşının üçün tibbi metodların müdaxiləsi ilə valideyn olmaq hüququnu qanunun o insana verdiyini unudur insanlar? Yazılan qanunlar pozulmursa, yazılmamış qanunları üstün tutmaq nə dərəcədə ağıllı, şüurlu addımdır? Niyə süni mayalanma, surroqat valideyn xidmətindən istifadə edənlər qınanılmalı və əxlaqsız hesab edilməli, övladları isə təcrid edilməlidir axı? Ya da niyə donor kimi iki tərəfin razılaşması və qanunla bunun tənzimlənməsi mexanizmi olduğu və qanunun qadağa etmədiyini “əxlaq qoruyucu və ya polisləri” qadağan etməlidir?  Surroqatlıq valideyn olmaq insana valideyn olmaq sevincini bəxş etməkdir. Surroqat tərəf daşıyıcıdır.  Niyə görə reproduktiv sağlam olmayan insanı valideyn olmaq hüququndan məhrum etməliyik? Din və milli mentalitet insan hüquqlarına ziddirsə, mən onları qəbul etmirəm, mənim fikrimcə, hər kəsin öz seçimi olmalıdır.

Bizim cəmiyyət reproduiktiv sağlam olub, uşaq doğan və sonra onu atan, ondan imtina edən, abortla məhv edəni də qınayır, uşaq doğmaq imkanı olmayan, amma övlad sahibi olmaq istəyəni də qınayır. Bu tarazı və doğru yanaşma deyil.

Çoxsaylı şərhlərə və sınaq statusa görə belə qənaətə gəldim:

Əgər ana olmaq istəyirsənsə, hökmən ərə getməlisən. Yəni uşağın üstündə bonus və ya cəza kimi bir kişi də olmalıdır. Beləliklə, cəmiyyət və qanun qadını ikiqat cəzalandırır.

 İkinci dəfə ərə getməmək və kişiyə dözmək məcburiyyətində qalmamaq üçün ikinci dəfə ana olmaq arzusundan qadın rəsmən imtina etməlidir. Bəlkə heyvan saxlasın, tutuquşudan, balıqdan, o daha doğrudur, bircə uşaq olmasın.

Sevgisizlik, diqqətsizlik, uğursuzluqların sayəsində aqressivləşən bir cəmiyyətdə yaşayırıq. Uşaqlarımızı sevgiylə deyil, aqressiya ilə böyüdüb, tərbiyə etdikcə, sevgi, diqqət və uğura qarşı aqressiv, nifrət dolu olacağıq. O qədər xəbis, pis düşünən, neqativ enerji ilə yüklənən insanlar var ki, sevənləri, sevgi, diqqət və qayğı göstərəni dərhal qınayır, daşlayırlar. Hamınızı yığıb kökünüzü kəsmək lazımdır. Ana-bacı, ata-qardaş səviyyəsindən çıxa bilmir, inkişaf etmir, mütaliəsiz nadan olursunuz. Dəfələrlə olub ki, ictimai yerlərdə aqressiv davranış, davalar, mübahisələrə biganə qalmayıb, qarışmışam. İnsan olun, sevgi, pozitiv enerji dolu insan olun. Sifətinizdən zəhrimar deyil, sevgi və sevinc yağsın!
Qaranlıq olmaq, qara rəngdə olmaq asandır, bütün rəngləri qaraltmaq olur, siz məsum, bəyaz olun, digər rəngləri ağardın, bu asan deyil, amma cəhd edin!

Həkim olmayana yaranızı, xəstəliyinizi bildirməyin. Ya yaranı irinə çevirib sağalmaz edəcək, dərinlədib sümüyə dirəyəcək, ya da səhv diaqnoz və müalicə üsulu seçib, sizi öldürəcək.

Atalar deyib ki, hürən it dişləmədiyi üçün öz yolu ilə gedən karvana mane ola bilməz… Hürün!