AMEA həbs edilən deputatla bağlı açıqlama yaydıbackend

AMEA həbs edilən deputatla bağlı açıqlama yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Eldəniz Səlimovun Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur”

“Deputat Eldəniz Səlimovun akademik Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur və bu şəxsin AMEA prezidentinin dəstəyilə deputat mandatı alması haqqındakı fikirlər tamamilə absurddur”.

Bu açıqlamanı avqustun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi yayıb.

AMEA bildirib ki, Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının xəttilə 2015 və 2020-ci illərdə parlament seçkilərinin nəticələrinə əsasən Azərbaycan Milli Məclisinin deputatı olub: “Görünən odur ki, bəzi maraqlı dairələr gündəmi dəyişmək, sensasiya yaratmaq və diqqəti ölkənin taleyüklü məsələlərindən yayındırmaq üçün cəmiyyətdə baş verən bütün xoşagəlməz hadisələri hər vəchlə AMEA prezidentinin ayağına yazmağa, onunla bağlamağa cəhd göstərirlər. Ancaq belə niyyətlərin baş tutması qeyri-mümkündür. Çünki Azərbaycan ictimaiyyəti kimin kim olduğunu yaxşı bilir. Bu cür yoxlanılmamış, əsassız məlumatları tirajlayan həmkarlarımızı isə öz peşə öhdəliklərinə məsuliyyətlə yanaşmağa, jurnalist etikasının qaydalarına ciddi əməl etməyə və uydurma, böhtan məlumatların, mənasız sensasiyanın arxasınca qaçmamağa çağırırıq”.

Eldəniz Səlimov avqsutun 3-də həbs olunub.

Binəqədi Rayon Məhkəməsində hakim istintaq dövründə onun həbsdə saxlanması haqda prokurorun təqdimatını təmin edib. Deputatın barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu günMilli Məclis onun deputat toxunulmazlığına xitam verib, dünən isə o, hakim partiyadan çıxarılıb.

E.Səlimov iyulun 29-da Xaçmaz rayonunda “Starıy dvor” restoranında Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etmə vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham irəli sürülüb.

Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Həmçinin 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə də əlavə cəza kimi bu maddədə əksini tapıb.

E.Səlimovun həbs olunmasına baxmayaraq, o, hələ deputat hesab olunur. Konstitusiyanın 89-cu maddəsinə əsasən, bu cür hallarda E.Səlimov ya özü könüllü qaydada mandatdan imtina etməlidir, ya da onun təqsirliliyinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır.(Meydan TV)