Tribuna İnformasiya Agentliyi

“AMAY Abdulla”nın binalarına görə institut direktoru dindirildi

14 Sentyabr

Dələduzluqda təqsirləndirilən “Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Əli Ağaevli (Əli Hacı) şahid qismində ifadə verib.

O bildirib ki, 2012-ci ildə oğlu Elşən üçün ev alıb: ” Mənzili Azər Xəlilov və Abdulla Abdullayevdən aldım. Pul əvəzinə öz avtomobilimi verdim. Uzun müddət keçdi. Xaricdə səfərdə idim. Bakıya qayıdanda oğlum üçün aldığım mənzilin başqasına satıldığını bildim. Məhkəməyə müraciət etdim”.

Prosesdə şahid qismində “AMAY” MMC-də baş mühasib vəzifəsində çalışan Vidadi Qurbanov dindirilib. O deyib ki, Abdulla Abdullayevlə birgə ittiham olunub və şərti cəza alıb.

Şahid məhkəmədə 2013-ci ildə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib.

Zərərçəkmişlər Vüsal Orucov və Saleh Məmmədəliyev onlara dəyən ziyanın ödənildiyini və şikayətçi olmadıqlarını deyiblər.

Proses sentyabrın 21-də davam edəcək.

Qeyd edək ki, “Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Onların barəsində həbs qətimkan tədbiri seçilməyib. Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər. Məhkəmədə elan olunmuş ittiham üzrə Anar Məmmədovla Ramiz Quluzadə özlərini qismən təqsirli bildiklərini, digərləri isə özlərini təsirli bilmədiklərini deyib.

Xatırladaq ki, “Xudafərin” MMC “AMAY Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.