Tribuna İnformasiya Agentliyi

Almaniyanın yalançı jurnalisti indi də dələduzluqda ittiham olunur

24 Dekabr

Almaniyada son günlərdə medianın əsas mövzusu adlı-danlı “Der Spiegel” jurnalının əməkdaşı, dəfələrlə müxtəlif media mükafatlarına, hətta “ilin jurnalisti” adına adına layiq görülən Klaas Relotiusun, demək olar ki, yazdığı bütün məqalələri özündən uydurduğunun ortaya çıxması ilə bağlıdır.

Klaas Relotius hətta ABŞ və Almaniya arasında kiçik diplomatik gərginliyə də yol açıb. Belə ki, jurnalistin ABŞ-ın miqrantlarla bağlı qələmə aldığı tənqidi reportajlarının da saxta olduğu aşkar olunub.

İndi isə “Der Spiegel”in əməkdaşının başqa hoqqaları da üzə çıxıb.

BBC-nin verdiyi məlumata əsasən, Klaas Relotius btün bunlardan əlavə peşə fəaliyyətindən dələduzluq məqsədilə istifadə edib.

“Der Spiegel” onu Suriyada yetim qalmış uşaqlara göstərilən yardımları mənimsəmək ittihamı ilə həbs olunmasını tələb edir.

Sonuncu faktı oxucular jurnalın diqqətinə çatıdırblar. Onlar Relotiusun bir çox oxucunun şəxsi elektron poçtlarına məktub göndərərək Türkiyə küçələrində dilənən iki qaçqın uşağa yardım üçün çağırış etdiyini bildiriblər. K.Relotius oxucularından verəcəkləri pulu onun şəxsi bank hesabına köçürməsini istəyib. Lakin məlum olub ki, reportyor bununla bağlı xəbərin əhəmiyyətli hissəsini özündən uydurubmuş.

“Der Spiegel” Klaas Relotiusun fırıldağına inanaraq neçə insanın yardım göstərdiyini araşdırır. Jurnal rəhbərliyi bütün sübitları  toplayıb prokurora verəcəyini bəyan edir.

33 yaşlı K.Relotius hələ ki, sonuncu ittihamla bağlı heç bir şərh verməyib.

Jurnalist bu vaxta qədər ən az 14 materialın saxta olduğunu boyuna alıb.