Almaniyadan Rusiyaya qarşı sensasiyalı hədə – “Şimal axını-2” qaz kəmərinin tikintisi dayandırılacaq…backend

Almaniyadan Rusiyaya qarşı sensasiyalı hədə – “Şimal axını-2” qaz kəmərinin tikintisi dayandırılacaq…

Almaniya hökuməti rusiyalı müxalifətçi Aleksey Navalnının kimyəvi silah hücumuna məruz qalmasına cavab kimi bütün variantları, o cümlədən “Şimal axını-2” qaz kəmərinin tikintisinin dayandırılmasını nəzərdən keçirir.

Bunu Almaniyanın xarici işlər naziri Hayko Maas ZDF telekanalına açıqlamasında deyib. O bildirib ki, hansı qərarın qəbul olunacağı Rusiyadan asılıdır:

“Biz bütün variantları gündəmə gətirib, uyğun vaxtda qərar verəcəyik. Rusiya təhqiqatda iştirak edərsə, “Şimal axını-2” layihəsi ilə bağlı mənfi qərarın qəbulunu əngəlləyə bilər”.

H.Maas əlavə edib ki, sanksiyalar nəticə vermirsə, bu, o demək deyil ki, onların tətbiqindən imtina etmək lazımdır: “Bəzən tədbirlər görməklə, deməliyik ki, biz qaydasız dünyada yaşamaq istəmirik”.

Xatırladaq ki, Almaniyada “Şimal axını-2” layihəsinin dayandırılması barədə söhbətlər Aleksey Navalnının zəhərlənməsindən sonra aktuallaşıb. Ölkənin aparıcı siyasi qüvvələrindən olan yaşıllar (“İttifaq-90” / “Yaşıllar”) layihədən tamamilə imtina olunmasını tələb edib. Digər parlament partiyası – Azad Demokratlar isə məsələ aydınlaşana qədər tikintiyə moratoruim qoyulmasını istəyib. İqtidar partiyası – Xristian Demokrat İttifaqının sədrliyinə namizəd Fridrix Merts də bu mövqeni dəstəkləyib.

“Şimal axını-2” (Nord Stream 2) layihəsi Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya ikinci magistral qaz boru kəmərinin çəkilməsini nəzərdə tutur. 1234 km uzunluğunda kəmərlə ildə 55 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Lakin layihə ilə bağlı Navalnı hadisəsindən əvvəl də ciddi problemlər var idi: ABŞ bu layihənin həyata keçirilməsinə qarşı çıxır. 2019-cu ilin dekabrında ABŞ Konqresi kəmərin çəkilməsində iştirak edən şirkətlərdən işi dayandırmağı tələb edərək, əks halda, onlara sanksiya tətbiq olunacağını bildirib.

Nəticədə dəniz dibində boruları döşəyən İsveçrənin “Allseas” şirkəti işləri dayandıraraq gəmilərini ərazidən geri çəkib. Həmin an kəmərin 93,5 %-i artıq çəkilmişdi və cəmi 160 kilometrlik hissəsi qalmışdı. Bundan sonra Rusiya özünün “Akademik Çerskiy” və “Fortuna” gəmilərini layihənin logistik mərkəzi olan Almaniyanın Mukran limanına göndərərək kəməri öz gücünə tamamlayacağını bildirib. Lakin ABŞ qanunvericiləri layihənin qarşısını almaq üçün bütün iştirakçı şirkətlərə, onları sığortalayan firmalara, eləcə də Mukran limanına qarşı sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış ediblər. Sanksiyaların ABŞ-ın bu ilin oktyabrında başlayacaq növbəti maliyyə ili üçün hərbi büdcəsinə daxil edilməsi nəzərdə tutulub. Əgər Almaniya özü layihəni dayandırmağa qərar verərsə, ABŞ-ın sanksiyalarına ehtiyac qalmayacaq. (pressklub.az)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki