Allahverdi Yolçuyev: “İnsan qocalanda lazımsız adam olur? Belə yaramaz!”backend

Allahverdi Yolçuyev: “İnsan qocalanda lazımsız adam olur? Belə yaramaz!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ölkədə karantin rejiminin elan olunması insanları evə “həbs edib”. Aktiv fəaliyyətdən uzaq düşən peşə sahiblərinin arasında sənət adamları da var. Tanınmış səhnə ustaları karantin rejiminə əməl etməklə yanaşı, öz pərəstişkarlarını da buna səsləyirlər. Yenisabah.az karantin rejiminə nümunəvi qaydada əməl edən aktyor Allahverdi Yolçuyevlə söhbətləşib:
 
– Allahverdi müəllim, karantin rejimini necə keçirirsiniz? Evdə, dörd divar arasında qalmaq çətin deyil ki?

 

– Əmin olun ki, evdə keçirdiyim bir dəqiqə də boş keşmir. Televizora baxıram, dost-tanış zəng edir onlarla söhbət edirəm. Necə deyərlər, ən yaxşısı elə ev imiş. Evdə darıxıb, sıxılmıram, əsasən cavanlar evdə darıxır. Nəvələrim də darıxır evdə, deyirəm öyrəşin. Müharibədə bəs necə dözüb insanlar? Hər saniyəsi ölüm olan müharibə vaxtları olub. Bəzi insanlar bunu ciddi qəbul etmir, amma bu düzgün yanaşma deyil. Bütün dünya vəlvələ içindədir, elə şey olar? Ən yaxşısı evdə qalıb, həm ailəni, həm də özünü qorumaqdır.
 
– Cəmiyyətin karantin rejiminə münasibəti size qane edirmi? Sizcə, hamı vəziyyətin ciddiliyinin fərqindədir?
– Bəzi adamlar məsələnin ciddiyətini anlamırlar, soail şəbəkələrdə səviyyəsiz-səviyyəsiz sözlər yazır, insanları ələ salırlar. Çox qəribədir, insanlar nə qədər də cəzalandırılsalar yenə də dərs çıxarmırlar. Bu insanlar niyə belə tərsdir? Həyatdan beziblərmi, ya tərbiyələri, intellektləri yoxdur, anlamıram. Çətin məsələdir. Yalançı çobanın məsəli var, bu ona bənzəyir. Deyirlər ki, boş şeydir, yalandır. Bütün dünya ayağa qalxıb, nə yalan? Virus canlı bir orqanizmdir, əgər 7 milyarddan çox virus yaransa, deməli hər insana biri düşəcək. Bu canlıdır, elə belə daş, divar deyil. Həkimlər çox sağ olsunlar, həqiqətən. Onlara bu son aylarda ən yüksək dəyər verilir. Dünyada nə qədər həkim dünyasını dəyişib. Bizdə gecə-gündüz çalışırlar. Çox şükür statistikaya nəzər yetirəndə görürük ki, ölkəmizdə rəqəmlər bir az azdır. Amma buna arxayın olmaq olmaz. Çölə çıxdıqca yayılacaq, çoxalacaq. Bu bəla nə qədər çəkəcək, sonra təzə nələr yaranacaq, heç kim bilmir.
– Siz sosial durumu yaxşı olmayan sənət adamlarındansınız. Hətta bir neçə gün əvvəl maddi dəstəyə ehtiyacınızın olduğunu dilə gətirdiniz. Maraqlanan, kömək edən, əl tutan oldumu?
– ATV-də efirə gedən “Bizimləsən” verilişinə açıqlama vermişdim. Bundan sonra zəng vurub hal-əhval tutdular, real köməklik göstərdilər. Camaat bilir ki, neçə illərdir işləmirəm, səhhətim o qədər də yaxşı deyil. Müraciətdən sonra Zaur Baxşəliyev öz komandası ilə gəldi. İctimai TV-dən Saleh Bağırov şəxsi vəsaiti hesabına mənə ərzaq alıb gətirdi. Hacı Nuran öz komandası ilə gəldi, ona da minnətdaram. Vallah , mən ömrüm boyu hamıya əl tutmuşam, kömək etmişəm. Etdiyim yaxşılıqlar bu gün qarşıma çıxır. Hamı sağ olsun.
 
– Yaşlı aktyorların müxtəlif bəhanələrlə teatrdan uazaqlaşdırılmasına necə baxırsınız? 
– Həmkarlarımın çoxuna nisbətən yaşlı olsam da, mən teatra lazımlı adamam. İnsan qocalanda lazımsız adam olur? Belə yaramaz! Aktyor yaşlananda onu mütləq teatrdan çıxarmalıdırlar? Ola bilməz axı, yaşlı obrazlar var. Hər obrazın öz aktyoru var, cavan oğlan qoca kişi rolunu oynasa nə dərəcədə yaxşı görünər? Mən dublyajda da teatrda da həmişə onu deyirəm. Mədəniyyət sahəsi elədir ki, gərək maaş ola, insanların həyat tərzi daha da yaxşılaşdırıla. Sovet dövrü elə idi ki, hamı eyni idi, indi qiymətlər hər gün dəyişir. Neftin qiyməti qalxıb-düşdükcə insanların həyatı da dəyişir. Belə bir zəmanədə yaşayırıq. Amam təslim olub, ruhdan düşmək lazım deyil. Zəmanə ilə aayqlaşmaq lazımdır.