Tribuna İnformasiya Agentliyi

Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb

15 Avqust

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqənin nəticələri açıqlanıb.

TİA.AZ xəbər verir ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

Tələbə adı qazanmış şəxslər 2018-ci il avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bundan əlavə, 61 abituriyent idman sahəsi üzrə, 5 abituriyent isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün bakalavriatura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub. Müsabiqədənkənar qəbul olunmağa əsas verən digər kateqoriya – dünya fənn olimpiadalarının qalibləri ilə əlaqədar hər hansı bir müraciət daxil olmayıb.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 16-dan 20-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: