Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbul elan edilibbackend

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbul elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında (11-illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Müsabiqəyə yalnız sentyabrın 26-dan 30-dək elektron ixtisas seçimi ərizələrini təsdiq edən abituriyentlər buraxılacaqlar.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib onu təsdiqləməlidirlər.

İxtisas seçmək hüququna yalnız imtahan nəticələri müsabiqə şərtlərini ödəyən və heç bir təhsil müəssisəsinə qəbul olmayan abituriyentlər malikdirlər.

“Abituriyentin elektron ixtisas seçimi ərizəsi” ilə işləmək üçün abituriyent aşağıdakılara diqqət etməlidir:

1. Məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə 1000-9999 intervalında olan ixtiyari 4 rəqəmli təhlükəsizlik şifrəsi müəyyənləşdirir. Bu şifrə abituriyentin öz elektron ixtisas seçimi ərizəsinə hər dəfə daxil olmaq istədiyi halda proqram tərəfindən soruşulacaq. Abituriyent şifrəni unutmamalı və məxfi saxlamalıdır.

2. www.dim.gov.az internet saytında yerləşdirilmiş ixtisas seçiminə aid linkə (www.eservices.dim.gov.az/erizebak/ixtisas2 internet ünvanına) daxil olur.

3. Şəxsi kabinetinin istifadəçi adı və parolunu açılmış səhifədə müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basır.

4. Şəxsi kabinetinin istifadəçi adı və parolu düzgün daxil edildiyi halda ekranda “Şifrəni daxil edin” və “Şifrəni təkrar daxil edin” sahələri açılır. Abituriyent bu sahələrə 4 rəqəmli təhlükəsizlik şifrəsini daxil edir və “Növbəti” düyməsini basır.

5. Növbəti addımda abituriyentin iş nömrəsi, soyadı, adı, atasının adı, bölməsi, test imtahanlarında əldə etdiyi nəticələr və digər məlumatlar əks olunan yeni səhifə açılır. Bu səhifəyə ixtisas kodlarını daxil etmək üçün nəzərdə tutulmuş 20 boş sahə yerləşdirilmişdir.

6. Qəbul olmaq istədiyi 20-dək ixtisasın kodunu istəyinə uyğun ardıcıllıqla müvafiq sahələrə daxil edir. Abituriyent orta ixtisas təhsili müəssisələrinin kodları ilə yanaşı ali təhsil müəssisələrinin boş yerləri olan ixtisaslarının kodlarını da göstərə bilər. Əgər abituriyent ali təhsil müəssisəsinin ixtisas kodunu daxil edirsə, onun dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla olmasını mütləq qeyd etməlidir (“DS/Öd” sahəsində). İxtisas kodu iki dəfə daxil edilə bilər. Lakin kodların qarşısındakı qeydlər (dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla) mütləq fərqli olmalıdır. Əks halda bu kodların ikincisi səhv kod kimi qəbul olunacaq və ərizəni təsdiqləmək mümkün olmayacaq. İxtisas kodu sahəsinə orta ixtisas təhsili müəssisəsinin ixtisas kodu daxil edilərsə, bu ixtisas üzrə təhsilin dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla olmasını qeyd etmək lazım deyil.

7. İxtisas kodlarını daxil etdikdən sonra “Yadda saxla” düyməsini basır. Bu düymə basıldıqdan sonra orta ixtisas təhsili müəssisələrinin ixtisas kodlarının qarşısındakı “DS/Öd” sahələri görünməyəcək. Elektron ərizəyə növbəti dəfə daxil olarkən abituriyent orta ixtisas təhsili müəssisəsinin ixtisas kodunu ali təhsil müəssisəsinin ixtisas koduna dəyişmək istəyərsə, kodu daxil etdikdən sonra “Yadda saxla” düyməsini basmalıdır. Bundan sonra ixtisas üzrə təhsilin dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla olmasını qeyd etməlidir. İxtisas kodu düzgün daxil edilibsə, kodun qarşısında ona uyğun olan təhsil müəssisəsinin və ixtisasın adı, təhsil forması və ixtisasın dövlət hesablı və ya ödənişli olması barədə məlumat proqram tərəfindən göstərilir. Səhv olan ixtisas kodunun qarşısına proqram səhvin mahiyyəti barədə məlumat çıxarır.

8. “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləyənədək öz ərizəsinə təkrar müraciət etməklə seçdiyi ixtisasların siyahısında dəyişikliklər apara bilər. Abituriyent ixtisas seçimində dəyişiklik etdikdən sonra “Yadda saxla” düyməsini basmalıdır.

9. Seçimini dəqiqləşdirdikdən sonra “Təsdiq et” düyməsini basmaqla elektron ərizəni təsdiqləyir. “Təsdiq et” düyməsi basıldıqda proqram abituriyentə bundan sonra düzəliş aparmağa imkan verilməyəcəyi barədə xəbərdarlıq edir və seçim üçün “Təsdiq” və “İmtina” düymələrindən birini basmağı təklif edir. Abituriyent “İmtina” düyməsini basmaqla təsdiqdən imtina edib elektron ərizədə yenidən düzəliş apara bilər. Əgər abituriyent “Təsdiq” düyməsini basarsa, elektron ərizə təsdiqlənir və bundan sonra elektron ərizədə düzəliş etməyə imkan verilmir.

10. “Çap variantı” düyməsindən istifadə etməklə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni çap edir.