Ali məktəblərə qəbulun biabırçı nəticələri – Ekspertlər DİM-i ittiham etdibackend

Ali məktəblərə qəbulun biabırçı nəticələri – Ekspertlər DİM-i ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu il ali məktəblərə qəbul imtahanında abituiyentlərin 86 min nəfəri I-IV qrup üzrə müsabiqədə iştirak edib. Onların təxminən 35 mini 150 baldan aşağı nəticə göstərib. Cari ildə qəbul imtahanlarında yüksək bal toplayanların sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. II ixtisas qrupu üzrə 2022-ci ildə 600-dən çox bal toplayan abituriyentlərin sayı cəmi 143 nəfər olub. Ötən il həmin qrup üzrə 196 nəfər, 2020-ci ildə isə 216 abituriyent 600-dən çox bal toplamışdı. III ixtisas qrupunda da eyni vəziyyətdir”.
Bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspertin dediyinə görə, 2022-ci ildə bu qrupda cəmi 342 nəfər 600-dən çox bal toplaya bilib. 2021-ci ildə bu rəqəm 617, 2020-ci ildə isə 555 nəfər olub.
Analoji vəziyyət 500-dən çox bal toplayanlara da aiddir: “Bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfər 0-150 arası bal toplayıb. Bu isə heç də yaxşı hal deyil. Öncəki illərlə müqayisədə cari ildə 0-150 bal toplayanların sayında xeyli artım müşahidə olunur. ​ Bu il cəmi bir nəfər maksimum nəticə göstərib. Hesab edirəm ki, kurikulum sisteminə keçid abituriyentlərin imtahan nəticəsinə təsir edir. Son 2-3 ildir ki, imtahanlar yeni formata keçib. Yəni kurikuluma. Kurikuluma keçdikdən sonra biz onu müşahidə etdik ki, sırf açıq sualların olması ümumi imtahan nəticəsinə təsir etdi”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov isə bildirib ki, ali məktəblərə qəbul imtahanlarında istifadə olunan test suallarını orta məktəbi yeni bitirən şagir cavablandıra bilməz:
“Çünki suallar çox çətindir. Bu sualları ancaq peşəkar müəllimlər cavablandıra bilər. Bu səbəbdən də ildən-ilə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin sayı azalır, 0-150 bal toplayanların sayı artır. Test sualları ildən-ilə daha da ağırlaşdırılır, çətinləşdirilir.​ Qəbul imtahanlarına abituriyentin cavab vermək iqtidarında olmadığı çətin suallar salınır. Çətin test tapşırıqları, ağır suallarla uşaqları bu qədər stressə salmaq, inçitmək nəyə lazımdır? Əlavə hazırlıq olmadan​ imtahanda​ nəticə göstərmək,150 baldan yuxarı qalxmaq mümkün deyil. Bu da təbii ki, məktəb təhsilini kölgədə qoyur, repetitor xidmətindən istifadə edənlərin sayını artırır”.