“Akıncı” təkcə raketlərlə deyil, lazer topu ilə də silahlanacaqbackend

“Akıncı” təkcə raketlərlə deyil, lazer topu ilə də silahlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin milli hərbi sənayesi yeni lazer silahı layihəsi üzərində işləyir. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, TÜBİTAK, ASELSAN və Bilkent Universitetinin birgə əməkdaşlığı ilə işlənib hazırlanan IŞIN lazer silahının kiçikmənzilli hava hücumundan müdafiə sistemi kimi tətbiq edilməsi nəzərdə tutulur.

Müdafiə sənayesi və silahlanma məsələləri üzrə ekspert Yusuf Akbabada deyir ki, IŞIN lazer topu Türkiyə Silahlı Qüvvələrinin istəyi və dəyişən müharibə şərtləri əsasında işlənib hazırlanmaqdadır. Bu silah 20 kilovatlıq enerjisi ilə 1.5 kilometr məsafədəki hədəfləri yox edə bilir. Hədəf isə silahın gücünü 60 kilovata, mənzilini 3 kilometrə çatdırmaqdır.

“Bu sistem quru və dəniz platformalarında kiçikmənzilli hava hücumundan müdafiə kompleksi şəklində istifadə edilə biləcək. Ənənəvi hava hücumundan müdafiə sistemlərinə nisbətən xeyli ucuz başa gələcək. Eyni zamanda sürü dronlara və bir sıra pilotsuz təyyarələrə qarşı effektiv şəkildə tətbiq oluna biləcək. Aşağı hündürlükdən uçan raketlərə qarşı da tətbiqi mümkündür”,-ekspert TRT Haber-ə açıqlamasında deyib.

Türkiyə milli hərbi sənayesinin-TÜBİTAK və Bilkent Universitetinin birgə işləyib hazırladığı “Armol” lazer silahı isə artıq 2019-cu ildə silahlanmaya daxil edilib. Bu lazer silahı zirehli avtomobillərin üzərində yerləşdirilib. Yusuf Akbaba hesab edir ki, gələcəkdə həmin lazer silahının “Akıncı” pilotsuz təyyarələrinə inteqrasiyası da mümkündür və artıq bu istiqamətdə araşdırmalar gedir. Çünki onun ağırlığı və texniki özəllikləri buna imkan verir.

Əgər bu baş tutarsa Türkiyə pilotsuz təyyarələrdə lazer silahı yerləşdirən ilk ölkə olacaq. Lazer silahı isə hazırda dünyanın cəmi 3-4 ölkəsində var. Onlardan biri də Türkiyədir.

“Akıncı” pilotsuz döyüş təyyarəsinin “Baykar” şirkəti tərəfindən bu ildən seriya istehsalı başlayıb və ilin sonuna qədər Türkiyə ordusunun arsenalına azı 6 belə pilotsuz sistemin daxil edilməsi planlaşdırılır. “Akıncı” 8 ədəd “hava-yer” və “hava-hava” raketləri daşıya bilir. Bu da pilotsuz təyyarəyə həm də hava döyüşü aparmağa, qırıcılara və pilotsuz təyyarələrə raket zərbəsi endirməyə imkan verəcək.