“AKINCI” PİLOTSUZ TƏYYARƏLƏRİNİN MÜDHİŞ İMKANLARI – Səlçuk Bayraktar açıqladıbackend

“AKINCI” PİLOTSUZ TƏYYARƏLƏRİNİN MÜDHİŞ İMKANLARI – Səlçuk Bayraktar açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin dünyada ad çıxarmış və 44 günlük Qarabağ müharibəsindən sonra barəsində dünyanın aparıcı ölkələrinin hərbi mütəxəssislərinin danışdığı “Bayraktar TB2” pilotsuz döyüş təyyarələrini istehsal edən “Baykar” şirkətinin texniki işlər üzrə direktoru Selçuk Bayraktar seriya istehsalı yeni başlayan “Akıncı” taktiki pilotsuz təyyarəsinin müdhiş qabiliyyətlərini açıqlayıb. 

Virtualaz.org xəbər verir ki, Selçuk Bayraktar SavunmaTR-yə verdiyi müsahibədə bu pilotsuz təyyarələrinin təkcə yerüstü hədəfləri məhv etmək qabiliyyətinə deyil, eyni zamanda hava sahəsinin mühafizəsi və hava döyüşü aparmaq imkanlarının da olduğunu bildirib.

“Bayraktar”ların “atası” deyib ki, 2000-ci illərin əvvəllərində ilk dəfə Türkiyədə pilotsuz sistemlər texnologiyası üzrə işə başlayanda qarşılarına böyük hədəflər qoymuşdular.

“Bu gün gəldiyimiz nöqtədə istər ölkəmizin, istər dost və müttəfiq ölkələrin ehtiyaclarına cavab verən, dünya miqyasında haqqında tez-tez söz açılan insansız hava aparatı istehsal etmiş olmaqdan çox məmnunuq. 2000-ci illərin əvvəllərində qarşımıza hədəf qoyduq və indi olduğumuz nöqtəyə yetişdik”,-Selçuk Bayraktar deyib.

O, əlavə edib ki, Türkiyəyə qarşı texnologiyada embarqoların qoyulmasına baxmayaraq “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri hazırda 93 faiz yerli sənayenin imkanları ilə istehsal edilir.

Bayraktar qeyd edib ki, pilotsuz təyyarələrin maya dəyərinin əsas hissəsini proqram təminatı və idarəetmə sistemləri təşkil edir. Bu isə türk mühəndislərinin və proqramçılarının məhsuludur. 

“Lazım olan hissələrin 93 faizi yerli imkanlar hesabına istehsal edildiyi üçün bu gün heç bir çətinlik çəkmədən “Bayraktar”ları Azərbaycana, Qətərə, “Antonov” kimi dünyanın ən böyük təyyarələrini istehsal etmiş Ukraynaya ixrac edirik. Bir çox ölkə ilə ixrac danışıqları aparırıq”,-o deyib.

S.Bayraktar onu da bildirib ki, “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin peyk naviqasiya sisteminə malik TB2/S versiyasının da sınaqları tamamlanıb və hazırda silahlanmaya daxil edilib. Onlar fərqli strateji vəzifələrin yerinə yetirilməsində istifadə olunacaq.

“Baykar” şirkətinin bu ildən seriya istehsalına başladığı “Akıncı” taktiki pilotsuz təyyarəsi isə həm də hava sahəsinin müdafiəsində istifadə olunacaq.

“Akıncı” pilotsuz təyyarələri öz döyüş imkanlarına görə “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrindən daha üstündür, 6 ədəd MAM-L və MAM-C ağıllı raketlərini daşıya bilir. Eyni zamanda “hava-hava” tipli raketlərlə silahlanıb. S.Bayraktar deyib ki, bu il ərzində şirkət 6 ədəd “Akıncı” Türkiyə Silahlı Qüvvələrinə təhvil verəcək.

“Bölgəmiz siyasi qeyri-stabilliyin, daxili savaşların və ölkələrarası çəkişmələrin tez-tez yaşandığı bölgədir. Cənub sərhədlərimizdə Suriya vətəndaş müharibəsinin sonunun necə olacağı məlum deyil. Onun yanında daxili çatışmaların getdiyi, ölkəmizə terrorçu qrupların sızdığı İraq var. Şimal-qərbdə Ermənisan-Azərbaycan gərginliyi ilə bağlı hələ problemlər yaşayırıq. Aralıq dənizində, Egeydə problemlər yaşanır, Yunanıstanla dəniz və hava sahəsi ilə bağlı ziddiyyətlər də o cümlədən. Bu baxımdan hava sahəmizin qorunmasının nə qədər mühüm əhəmiyyət kəsb etdiyini ifadə etmək yanlış olmaz”,-S.Bayraktar deyib.

O bildirib ki, Türkiyənin hava sahəsini qorumaq üçün F-16 təyyarələri müntəzəm olaraq patrul uçuşları həyata keçirir. Bu isə maddi baxımdan xeyli bahalı işdir. Eyni zamanda F-16 qırıcılarının havada qalmaq müddəti də məhduddur. Bu baxımdan pilotsuz təyyarələrin hava sahəsinin mühafizəzinə cəlb edilməsi Hərbi Hava Qüvvələrinin imkanlarını xeyli artıracaq. Çünki “Akıncı” taktiki pilotsuz təyyarələri ASELSAN tərəfindən hazırlanan AESA radarı və TÜBİTAK tərəfindən hazırlanan “Gökdoğan”la “Bozdoğan” “hava-hava” raketləri ilə təchiz olunub.

S.Bayraktar bildirib ki, “Akıncı” PUA-ları bu raketlərlə və radarlarla uzun müddət havada uçuş həyata keçirəcək, hava sahəsinə nəzarət edəcək və nəticədə Hərbi Hava Qüvvələrinin imkanlarını genişləndirəcək. Onlar aşkarladıqları hava hədəflərinə “Gökdoğan” və “Bozdoğan” raketləri ilə zərbə endirə biləcək, yəni tam olmasa da qırıcıların funksiyasını yerinə yetirərək hava döyüşü aparacaq.

1350 kiloqram faydalı yük qaldıra bilən “Akıncı” pilotsuz təyarələri dəniz hədəflərini də izləyib məhv etmək qabiliyyətindədir, S.Bayraktarın sözlərinə görə, sifarişçinin istəyindən asılı olaraq bu pilotsuz təyyarələrin daşıdığı faydalı yükü dəniz hədəflərini məhv edəcək silah sistemləri ilə əvəzləmək olar.