“AKADEMİK SAYMAZLIQ” – Mehdiyev dövlətə meydan oxudu, cavabını da çox pis aldı…backend

“AKADEMİK SAYMAZLIQ” – Mehdiyev dövlətə meydan oxudu, cavabını da çox pis aldı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin mətbuatda və sosial şəbəkələrdə yayılan videosuna baxdıqca, uzun illərdir yüksək postlar tutan və ölkənin idarə olunmasında birbaşa iştirak edən məmur-oliqarx tayfasının iç üzünün, çürük mənəviyyatının, saymazlığının, yekəxanalığının yaratdığı qıcıq, ikrah hissi daha da artır. Və görünür ki, bu adamların adının qarşısına dövlət adamı, ictimai xadim, akademik və s. bu kimi epitetlər qoymaqla, layiq olmadıqları orden-medallar, adlar verməklə heç nə dəyişmir. Çünki onların “missiyası” tamam başqadır və bu “missiya”nı ömürlərinin son günlərinə qədər daşımaqda israrlıdırlar…

Koronavirusla bağlı tətbiq edilən və mükəmməllikdən çox-çox uzaq olan karantin tədbirlərinin insanları sosial durumundan tutmuş psixoloji vəziyyətlərinə qədər demək olar bütün istiqamətlərdə az qala çökdürdüyü göz önündədir. Görəsən, belə bir durumda hökumətə, cəmiyyətə, xalqa meydan oxuyurcasına, qanunlara, qadağalara məhəl qoymadan təmtaraqlı toy məclisi keçirib ətrafa acıq verməkdə məqsəd nədir? Onsuz da 5 gün tez, 5 gün gec, toylara icazə veriləcək. Guya Ramiz Mehdiyev, onun kürəkəni və bunlar kimi digər məmur-oliqarx tayfasının nümayəndələrinin, tutaq ki, 10-15 gün, yaxud bir ay gözləməyə imkanları yoxdurmu? Əlbəttə ki, var və əslində onlar da kasıb-kusublar kimi gözlərini Operativ Qərargahın qərarlarına zilləyərək, toylara icazə verilməsini gözləməyə borcludurlar. Ancaq yox, onlar heç zaman özlərini nəyəsə borclu hesab etməyiblər, əksinə hamının, xalqın, millətin, dövlətin bunların ata-babalarına borclu olduğunu zənn ediblər və edirlər də. Burada əslində, kasıb-kusubun xeyir işindən, yasından az qala aş qazanını belə götürüb şöbəyə aparan hüquq-mühafizə orqanları da dərhal tədbir görməməklə, tapşırıq gözləməklə öz “güclərini” göstərdilər və bu, əhalinin onlara münasibətinə heç də müsbət çalar qatmadı. Ümumiyyətlə, sanki bu “toxunulmaz tayfa”ya kimsə deyib ki, gedin kef edin!…

Bəs görəsən, pərakəndə, nizamsız və reallığa uyğun olmayan sosial yardım sistemi, bəzən polis-vətəndaş qarşıdurmasına gətirib çıxaran mənasız karantin qadağaları əhalinin əsəblərini tarıma çəkdiyi, bir sözlə, dövlətin və xalqın sınağa çəkildiyi bir dönəmdə bütün yazılan və yazılmayan qanunları veclərinə almadıqlarını, toy-büsat qurub özlərinin hamıdan üstün olduqlarını göstərməyin adı nədir – dövlətin, cəmiyyətin ayağının altını qazmaq deyilmi? Nə sübut etmək istəyirlər bununla – toxunulmaz olaraq qaldıqlarını, hökumət, Operativ Qərargah filan saymadıqlarını, “ən yüksək kasta” olduqlarını, nəhayət, ictimai rəyə, xalqın, millətin hislərinə tüpürdüklərinimi?…

Ümumiyyətlə, müşahidələr göstərir ki, Ramiz Mehdiyev PA rəhbəri vəzifəsini itirdiyi gündən dövlətə və cəmiyyətə yalnız problemlər yaratmaqla məşğuldur. Hər kəsin artıq kənara çəkilib, yaşına uyğun həyat sürəcəyini gözlədiyi halda, adam AMEA-nın prezidenti postundan yapışdı. Ardınca akademiyanı “köhnə qvardiya”nın “axsaq döyüşçüləri” ilə doldurmağa, onları böyür-başına toplayıb yığıncaqlar keçirməyə, təlimatlar verməyə başladı. Mətbuatda müxtəlif siyasi eyhamlı yazılar dərc etdirdi. Yeri gəlmişkən, siyasi qalmaqala səbəb olan belə yazılardan birinin “Azərtac”-da yayılması üçün onun rəhbəri Aslan Aslanova şəxsən zəng edərək, “Mən Təhlükəsizlik Şurasının üzvüyəm, nə icazə, yay!”, – deyə, təzyiq göstərdiyinə dair məlumatlar var…

Qısası, R.Mehdiyev hələ də özünü köhnə vəzifəsində, mövqeyində hesab edir və sanki birincilik havasını başından çıxara bilmir. Və bu işdə onu “həvəsləndirənlər”in olduğu da göz önündədir. Məsələn, həmin məclisdə iştirak edən və akademik adını daşıyan başqa biri – Abel Məhərrəmov Mehdiyevin şəninə sağlıq deyib, badə qaldırır. Görünür, Bakı Dövlət Universitetinin sabiq rektorunun bir dəfə təyyarədə keflənib “tost söyləməsindən” sonra vəzifəsilə vidalaşması yadından çıxıb. R.Mehdiyevə ithaf etdiyi sağlıqda Məhərrəmov “biz xırda adamlarıq” deyir və Mehdiyevi göylərə qaldırır, Azərbaycanı uzun illərdir məhz onun idarə etdiyinə işarə vurur. Böyük ehtimalla, bunu söyləyəndə Abel müəllimin yenə kefi kök olubmuş. Ancaq buna baxmayaraq, növbəti gün jurnalist ona həmin məclislə bağlı sual verəndə bu “xırda adam” əjdahaya dönüb və deyib ki, “niyə məni narahat edirsiniz, mən evdə istirahət edirəm…” Bir tərəfdən “xırda adamlarıq” deyir, digər tərəfdən də əlavə edir ki, məni narahat edirsiz. Jurnalist də qayıdıb soruşmur ki, axı sən kimsən, özünü kim hesab edirsən? Bu adam universitet rektoru, deputat, akademik olub, ziyalı sayılır. Görəsən, bu titulların daşıyıcısı olan şəxs üçün adi etika qaydalarına riayət edib, bir jurnalistin sadə sualına cavab verməsi çoxmu çətindir? Görünür çətindir. Amma Ramiz Mehdiyevin qarşısında “məddah bülbül” kimi cəh-cəh vurmaq çətin deyil. Və bu “xırda adam” Azərbaycanın ən öndə gedən, ən böyük tarixə malik ali təhsil ocağının uzun illər rektoru olub…

Həmin məclisdə olan və sonradan bu barədə açıqlama verən “naçalnik razvedkanın sədri” (Özünü belə təqdim edib-Müəll.) Siyavuş Novruzov isə “düz eləmişəm” deməklə, əslində növbəti dəfə hamıya öz yerini göstərdi – xüsusilə də YAP-da olan yüzlərlə, bəlkə də daha çox sayda alim, elmlər namizədi, professor və sair ziyalılara – dedi ki, sizin sözçünüz, sifətiniz mənəm, səsinizi çıxarmayın! Doğrudur, YAP sonradan Novruzova töhmət verdi. Ancaq bu, sadəcə məlum karantin qadağasını pozması ilə bağlıdır. Siyavuş Novruzovun nəinki YAP-a, ümumilikdə Azərbaycan siyasətinə, parlamentinə gətirdiyi kobudluq, yekəxanalıq və primitivlik isə hansısa töhmət tədbirinin çərçivəsinə sığacaq şeylər deyil…

Bədbəxtçiliyimiz də ondadır ki, belələrinə yüksək vəzifələr, adlar verilib. Lakin onlar nə qədər yüksək postlara təyin olunsalar, akademik, deputat, nazir və digər buna bənzər adlar alsalar da, xırda, cılız olaraq qalıblar. Ramiz Mehdiyev isə belə bir çətin dönəmdə göstərdiyi “dövlətçilik tərbiyəsilə” az qala 30 ildə ölkənin idarəçiliyində necə iştirak etdiyini və nəyə xidmət göstərdiyini bir daha ortaya qoymuş oldu…

Ramiz Mehdiyevin kürəkəni, həmin toyun sahibi, keçmiş deputat İlham Əliyev isə dünən jurnalistin toyla bağlı sualına cavab olaraq, “Mənim kefim yaxşıdır, elə edin ki, kefimiz yaxşı qalsın” deyə cavab vermişdi. Və bir növ göstərmək istəmişdi ki, bu ölkədə kimlərin kefi yaxşıdır. Ancaq onun bu gün qandallanması və 15 sutkalıq həbsə göndərilməsi bir daha göstərdi ki, həyatda heç nə, xüsusilə də hakimiyyət, nüfuz, vəzifə və s. əbədi deyil. Ona görə də Ramiz Mehdiyev də daxil olmaqla, hələ də özünü “göylərdə” hesab edən məmur-oliqarx tayfasının “bərkgedən” üzvləri nə qədər tez yerə ensələr, özləri üçün bir o qədər yaxşı olar…

Cəlal Məmmədov