Akademik Musiqili Teatr “Ər və arvad” tamaşasının 110 yaşını qeyd edirbackend

Akademik Musiqili Teatr “Ər və arvad” tamaşasının 110 yaşını qeyd edir

Düz 110 il bundan əvvəl – 1910-cu il may ayının 24-də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin bu ölməz musiqili komediyası ilə şərqdə ilk operetta janrı təşəkkül tapıb. Mədəniyyət tariximizdə önəmli yeri olan “Ər və arvad” musiqili komediyası Azərbaycanda Musiqili Teatrın gələcək inkişafına zəmin yaradıb.
Bu əlamətdar gün münasibətilə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev kollektivi təbrik edib.
Təbrikdə deyilir: “Bir əsrdən çox repertuardan düşməyən “Ər və arvad” tamaşasının maraqlı tarixçəsi vardır. Bütün dövrlərdə tamaşaçılar tərəfindən böyük sevgi və alqışlarla qarşılanan bu səhnə əsəri təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da daim uğurla nümayiş olunur, çox böyük maraq və coşquyla qarşılanır.
Musiqili Teatr bu tamaşa ilə dünyanın müxtəlif ölkələrində – İran, Türkiyə, Gurcustanda çıxışlar edib. Təbrizdə keçirilən beynəlxalq Fəcr festivalında “Ər və arvad” tamaşası ilə iştirak edən teatrımız bu möhtəşəm teatr yarışmasında mükafata layiq görülüb.
110 yaşlı teatrımıza bundan sonrakı onilliklərdə də yeni-yeni uğurlu tamaşalar, bütün yaradıcı və texniki heyətə can sağlığı arzulayıram. Yolunuz açıq, uğurlarınız bol, tamaşaçılarınız saysız olsun hər zaman. Hər vaxt uca olun, ucalıqda olun!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki