“Aİ-92” markalı benzinin də qiyməti bahalaşacaq” – DEPUTATbackend

“Aİ-92” markalı benzinin də qiyməti bahalaşacaq” – DEPUTAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vahid Əhmədov: “Hər həftə, hər ay qiymətlər dəyişir, əhali çatdıra bilmir, sosial vəziyyət gərgindir”

Vüqar Oruc: “Bazarda müəyyən bahalaşma olacaq, lakin bu, ciddi və qeyd olunan səviyyədə baş verməyəcək”

Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində yenidən dəyişiklik edilib.“Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN həddində qərarlaşıb.

SOCAR-ın rəsmi açıqlamasına görə, ölkəmizdə premium və super markalı benzinin qiymət artımına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub. Qurumdan bildirilib ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə və eləcə də respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.

Qeyd edək ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Sosial şəbəkələrdə “Aİ-95” və “Aİ-98” markalı benzinlə yanaşı, çörəyin qiymətində də artımın olmasına dair məlumatlar yayılıb. İddia edilir ki, ölkənin aparıcı çörək istehsalçıları qiymətləri 30 faizə qədər bahalaşdırıb. Koronavirus pandemiyasının vüsət aldığı, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyü, sosial-iqtisadi problemlərin hökm sürdüyü hazırkı şəraitdə qiymət artımları ciddi etirazlara səbəb olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AYNA-ya deyib ki, artıq ölkəmiz premium və super markalı benizinin istehsalı barədə düşünməlidir: “Bu, artıq neçənci dəfədir ki, baş verir. Hər dəfə SOCAR belə izahat verir ki, adıçəkilən benzin markaları Azərbaycanda istehsal olunmur. Bu, yetərli arqument sayıla bilməz. Bu halda ortaya sual çıxır: Niyə ölkəmizdə istehsal olunmur? Əgər doğrudan da idxal bizi hər dəfə bu addımı atmağa təhrik edirsə, deməli, təcili olaraq bu benzin markalarını istehsal edən zavodlar tikməliyik. Digər yandan qiymətlərə bazar diqtə edirsə, “Aİ-92” markalı benzinin da qiymətlərində enmələri müşahidə etməliyik. Lakin bunlar baş vermir”.

Deputat qeyd olunan məsələni Milli Məclisin plenar və komitə iclaslarında qaldıracağını bildirib: “Hər kəsə məlumdur ki, koronavirus infeksiyası uzun müddətdir dünya ölkələrini, o cümlədən Azərbaycanı əldən salıb. Faktiki olaraq bir çox sahələr iflic vəziyyətinə düşüb. Çoxlu sayda iş yerləri ya bağlanıb, ya da fəaliyyətsiz duruma gəlib. Əhalinin sosial-iqtisadi durumu pisləşib. Bunu etiraf etmək lazımdır. Belə bir dövrdə qiymət artımlarına getmək yolverilməzdir. İstər daxili, istərsə də xarici faktorların təsiri nəticəsində baş versə belə buna getmək olmaz. Bir halda ki, qiymət artımları var, maaş və pensiyaların, işsizlik müavinətlərinin artırılması məsələsinə baxılmalıdır. Demək olar, hər həftə, hər ay qiymətlər dəyişir. Əhali isə çatdıra, ayaqlaşa bilmir, böyük maddi sıxıntılar keçirir”.

Əhmədov əlavə edib ki, “Aİ-92” markalı benzinin də bahalaşacağı gözlənilir: “Bir daha qeyd etmək istəyirəm, əgər xarici amillər benzin qiymətlərinin bahalaşmasına səbəb olursa, bu halda ölkəmizdə istehsal olunan yanacaq markalarının qiymətləri enməlidir. Göründüyü kimi, bu, baş vermir. Hesab edirəm ki, qarşıdakı dövrlərdə “Aİ-92” markalı benzinin də qiyməti bahalaşacaq”.

“VECON CONSULTING” şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Oruc AYNA-ya şərhində qeyd edib ki, yanacaq məhsullarının qiymət artımı adətən ümumi qiymətlərə təsir göstərir: “Sözsüz ki, bu amilin həm iqtisadi, həm də psixoloji baxımdan yan təsirləri olmamış deyil. Yanacağın bahalaşması ölkəboyu ümumi qiymət artımlarına yol açır. Lakin nəzərə alanda ki, yüklərin daşınması əsasən dizel və “Aİ-92” yanacaqları ilə işləyən avtomobillər tərəfindən həyata keçirilir, son qərarın qiymətlərə təsiri cüzi olacaq. Bəzən sahibkarlar qiymət artımlarından sui-istifadə edir, lazım olduğundan daha artıq şişirtmələrə yol verirlər. Nəticədə zərbə istehlakçılara dəyir. Digər yandan, ölkədə azad rəqabət şəraitinin mövcud olmaması qiymət artımlarına rəvac verən faktor rolunda çıxış edir. Biz bunu dəfələrlə təcrübədə müşahidə etmişik”.

Ekspertin bildirdiyinə görə, premium və super markalı benzinlərin bahalaşması bazara ciddi təsir göstərməyəcək: “Bilirsiniz ki, bu markalı benzinlər əsasən A sinfinə aid avtomobillər tərəfindən istehlak edilir. Bunu əsas götürdükdə, ümumi bazara ciddi təsirlər gözlənilmir. Daha çox ölkədə emal olunan yanacaq markaları bahalaşan zaman ümumi qiymət artımlarını müşahidə edirik. Təbii ki, müəyyən təsirlər ola bilər, lakin bu, iddia edildiyi kimi, ciddi səviyyədə olmur.

“Son qərarın daşınmaz əmlak və avtomobil bazarında qiymətlərə təsirinə gəldikdə isə, bunun baş verəcəyi də inandırıcı görünmür. Daşınmaz əmlak bazarında təklif tələbi üstələyir. Premium və super markalı benizlərlə qidalanan avtomobillər isə olduqca bahalıdır və bunu alan şəxslər daha çox komfortuna görə həmin maşınları seçirlər”, – deyə Oruc vurğulayıb.

 

 Müəllif: Azər Niftiyev