Tribuna İnformasiya Agentliyi

Ağsunun icra başçısının oğlu milyonluq obyekti necə aldı…

30 İyun

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb. Bu barədə məlumat yayan unikal.org  saytı bildirib ki, icra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki “Bellezza” gözəllik mərkəzini istifadəyə verib.

Bundan əlavə, icra başçısının oğlunun yeni yaşayış binasının 1 və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.

Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır.

Maraqlıdır ki, nə onun, nə də atasının rəsmi maaşı imkan vermir ki, bu qiymətdə obyekt alsınlar. Məlumat üçün onu da qeyd edək ki, Ənvər Seyidəliyev sabiq  əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümovun dayısıdır.  Ənvər Seyidəliyevin internetdə adını axtarışa verən zaman onun rayonda qanunsuz əməlləri ilə bağlı xeyli materiallar  ortaya çıxır. Bildirilir ki, Seyidəliyev öz yaxın qohumları ilə Ağsuda obyektlərdən və digər bu kimi yerlərdən qanunsuz “vergi” toplayır.

Məlumata görə, Səlim Müslümov nazir vəzifəsindən azad edildikdən sonra dayısı Ənvər Seyidəliyev vəzifəsindən könüllü şəkildə imtina ərizəsi yazıb. Lakin onun bu ərizəsi qəbul edilməyib. Əksinə, onun istefa ərizəsi müvafiq yuxarı orqanlarda qəzəb doğurub. Bildirilib ki, rayonda yarımçıq işləri var, onları başa çatdırmamış istefa verə bilməz…

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, qanunla gəlir vergisinin deklarasiyası nəzərdə tutulub:

“20 ilə yaxındır ki, bu qanun qəbul olunub. Ancaq qanunun tətbiqi haqqında heç bir qərar yoxdur. Buna görə də deklarasiya haqqında qanun tətbiq olunmur. Heç olmasa dövlət qulluqçuları üçün bu qanun tətbiq edilməlidir. Dünya ölkələrində bütün əhali deklarasiya verir. Azərbaycanda isə nə dövlət məmurları, nə də adi vətəndaşlar bu barədə deklarasiya bəyannaməsi vermir. Dövlət qulluqçuları üçün deklarasiya tətbiq edilsəydi, o zaman məlum olacaqdı ki, onların əlavə  gəlirləri var, yoxsa yoxdur. Varsa da bunun əsaslı şəkildə nə qədər olduğu, haradan gəldiyi bəlli olacaqdı. İnsanlar arasında, cəmiyyətdə belə bir fikir yaranır ki, müəyyən yüksək vəzifə tutmuş şəxslərin əlavə gəlirləri var. Bu gəlirlər rüşvət şəklində, qanunsuz sahibkarlıq şəklində ola bilər. Çünki məsələ belədir ki, dövlət qulluqçularına sahibkarlıq fəaliyyəti ilə məşğul olma qadağan edilib. Hesab edirəm ki, deklarasiya haqqında qanun tətbiq olunmasa da belə bir məlumat yayılan zaman, həmin şəxsin işi araşdırılmalıdır. Müəyyən dövlət qurumları bununla bağlı araşdırma işinə başlamalıdırlar. Çünki artıq şübhə var. Əminəm ki, iş yoxlanılsa, icra hakimiyyətinin başçısı və onun oğlunun gəlirləri üzə çıxacaq. Bəlkə də başçısının oğlu heç yerdə işləməyib, yaxud da işlədiyi yerdə onun rəsmi maaşı çox aşağıdır. Araşdırılmalıdır ki, bu adamların gəlirləri nə qədərdir və gəlirin mənbəyi nədir. Çünki söhbət milyonlarla vəsaitdən gedir. Əgər ictimaiyyətdə artıq rəy yaranıbsa ki, bu şəxs rüşvət yolu ilə gəlir əldə edib, o zaman onun işi araşdırmalıdır. Mətbuatda izləyirəm ki, heç kim bu məsələ ilə bağlı təkzib xəbəri vermir. Həm icra başçısı, həm də onun oğlu yayılan məlumatlara münasibət bildirmirlər”.

Əsabəli Mustafayev ile ilgili görsel sonucu

Hüquqşünas bildirib ki, belə olan halda müvafiq dövlət orqanları işə keçməlidirlər:

“Baş prokuroru yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsi var ki, onların işləri korrupsiya haqqında yayılan məlumatı yoxlamaqdır. Burada konkret fakt var. Lakin güman etmirəm ki, belə bir yoxlama olacaq və araşdırma aparılacaq. Çünki mətbuatda tez-tez bu cür məlumatlar gedir ki, hansısa vəzifəli şəxsin milyonluq villaları, obyektləri var. Ancaq bu məlumatların heç biri araşdırılmır. İndiyə qədər bu məlumatların hansınınsa yoxlanılması haqqında ictimaiyyətə məlumat verilmir. Görünür, bu məlumat da araşdırılmayacaq. İctimaiyyətdə bir müddət müzakirə olunduqdan sonra yaddan çıxıb gedəcək. Belə faktlar yoxlanmadığı üçün Azərbaycanın adı təəssüf ki, beynəlxalq aləmdə korrupsioner ölkə kimi hallanır. Müvafiq orqanlar isə heç bir əməli tədbir həyata keçirmirlər. Lakin bu, belə olmalı deyil. Məsələ ilə bağlı mətbuatda məlumat yayılıbsa, bu faktın dəqiqliyi araşdırılmalıdır. Müvafiq orqanların, qurumların bilavasitə işi bundan ibarətdir”.