Ağcəbədililər Şahin Məmmədovun müdafiəsinə qaxldılar: “Şər və böhtana son qoyun!”backend

Ağcəbədililər Şahin Məmmədovun müdafiəsinə qaxldılar: “Şər və böhtana son qoyun!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun barəsində heç bir həqiqətə uyğun olmayan, qərəzli video-kadrlar nümayiş olunur. İddia olunur ki, guya Şahin Məmmədov Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı işlədiyi dövrdə rayon sakinlərinin hüquqlarını pozub, onlara qarşı haqsızlığa yol verib.

Məlumat üçün deyim ki, baş verənlər rayon ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb və sakinlər onların adından saxta məlumatlar tirajlayan şəxslərin cəzalandırılmasını, barələrində hüquqi ölçü götürülməsini tələb edirlər.

İlk növbədə onu qeyd edim ki, Qarabağ uğrunda döyüşlərdə könüllü olaraq iştirak etmişəm və 1-ci qrup Qarabağ əliliyəm. Müharibədən qayıtdıqdan sonra bütün şüurlu fəaliyyətimi dövlətçiliyin qorunmasına həsr etmişəm. Azərbaycan müstəqilliyinin memarı və qarantı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının Ağcəbədi rayonunda ilk üzvlərindən biri olmuşam və bu gün də bu partiyada fəaliyyətimi davam etdirirəm.

Açıq şəkildə bəyan edirəm ki, Şahin Məmmədov olduqca təvazökar, səmimi, qayğıkeş və dövlətçi bir məmurdur və rayonumuza rəhbərlik etdiyi 14 il müddətində bütün ağcəbədililərin rəğbətini qazanıb. Rayon ictimaiyyətinin fəal nümayəndəsi olaraq tam məsuliyyətimlə bəyan edirəm ki, Şahin müəllimin barəsində sosial şəbəkələrdə yayılan məlumatlar məkrlidir və təxribatçı məqsədlərə xidmət edir. Bu səbəbdən bəzi məqamlara aydınlıq gətirməyi özümə borc bilirəm.

Bəribaşdan deyim ki, son günlər “sosial media fenomeni”nə çevrilən Çərkəz Ağayev demoqoqluğu ilə nəinki rayonumuzda, qonşu rayonlarda da ad çıxarıb və bu “bacarıq” nəticə etibarilə onun “biznesmen” kimi “keyfiyyətləri”ni üzə çıxarıb. Demək kimin kiminlə düşmənçiliyi varsa və haqsız olduğu halda “aydan arı-sudan duru” çıxmaq istəyirsə, Çərkəzi görməlidir. Bunun üçün çox xərc çəkməyə də ehtiyac yoxdur. Cəmi 10 manatından keçmək kifayətdir. Lakin bu dəfə məbləğ bir qədər artıq olub və Çərkəz xərcin bir hissəsini Sənan Həsənoğluna ödəməli olub. O Sənan Həsənoğluna ki, yumşaq ifadə etsək, işində yol verdiyi nöqsanlara görə, əvvəlcə “Space”dən, ardınca AZTV-dən qovulub. Deyilənə görə, Sənanın maddiyyata hərisliyi o qədər çox olub ki, hətta 20 yanvar şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan tədbirləri belə “ənam” almadan ərsəyə gətirməzmiş.

Keçək əsas mövzuya və video-kadrlarda səslənən ittihamlara. İddia olunur ki, guya rayonda su-kanalizasiya xətlərinin çəkilişində Şahin Məmmədova məxsus asfalt-beton məmulatlarından istifadə olunub. Sadəcə söz yığınından ibarət iddiada heç bir fakt göstərilmir.

Daha bir iddia Şahin Məmmədovun Batumidə villasının olması ilə bağlıdır. Kiçik araşdırmam zamanı məlum oldu ki, Şahin müəllim indiyə qədər bircə dəfə olsun nəinki Batumidə, ümumiyyətlə Gürcüstanda olmayıb. Bunun üçün uzağa getmək lazım deyil, Dövlət Sərhəd Xidmətinə kiçik sorğu vermək kifayətdir.

Növbəti dezinformasiya Şahin Məmmədovun icra başçısı olduğu dövrdə qohumlarını İcra Hakimiyyətində işə düzəltməsi ilə bağlıdır. Xatırladım ki, iddiada adıçəkilən Leyla Əliyeva Şahin müəllim rayona rəhbərlik etməmişdən öncə bu vəzifəyə təyinat alıb.

Məktəblərin tikintisi zamanı Şahin Məmmədovun qohumlarının qalib olması ilə bağlı ittihamlar isə təkcə ikrah hissi yaratmır, həm də gülüş doğurur. “Məktəb tikintisinin İcra Hakimiyyətinə hansı formada bağlılığı ola bilər” sualına cavab verə bilməyənlərin ittihamları sadəcə gülüş doğura bilər.

Daha bir iddia: “Şahin Məmmədov  torpaqları satıb”.  Xüsusi ştrixlə qeyd edirəm: Verilən torpaqlar ərzaq qıtlığının aradan qaldırılması üçün Aqroparka verilib və bütün bunlar vətəndaşların razılığı ilə notarial qaydada təsdiq olunub.

Ay Sənan müəllim, axı sən Ağcabədinin 2005- dəki dövrünü də, ondan sonrakı inkişaf dövrünü də çəkmisən. Və  bu qədər fərqi gördüyün halda necə bu mövqedə ola bilirsən?

Sən sadəcə Şahin müəllimə qarşı qərəzli mövqe tutan iki şəxsi efirə çıxartmaqla onun Masallıdakı işinə kölgə sala bilməzsən.

P.S. Sənan Həsənoğlunu Ağcəbədiyə dəvət edirəm. Səfər xərclərini də öz üzərimə götürürəm. Buyur gəl və şahid ol ki, nə boyda Allahsızlığa, imansızlığa yol verirsən! Yox bu da sənin vicdanını sızlatmayacaqsa, daha sənə sözümüz yoxdur. Lakin unutma. Unutma ki, gec-tez öz əməllərinin cavabını alacaqsan! Düşünmə ki, minlərlə insanın lənətini qazanmaqla uzağa gedə biləcəksən!

Nağıyev Ramil Bəbir oğlu

1-ci qrup Qarabağ əlili, YAP-ın Ağcəbədi rayon şöbəsinin təlimatçısı