Tribuna İnformasiya Agentliyi

Afaq Bəşirqızından ağır sözlər: “Bir az abır-həyamız qalıb, onu da…”

02 May

Xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızı Azərbaycanda “18+” anonsu ilə təqdim olunan film və tamaşalara münasibət bildirib

Aktrisa Yeniçag.az-ın suallarını cavablandırıb.
– Afaq xanım, son vaxtlar tamaşaçı cəlb etmək məqsədi ilə “18+” anonslardan istifadə olunur. Ümumiyyətlə, Azərbaycan kino və teatrında erotik səhnələrə münasibətiniz necədir?
– Çox normal baxıram. Biz Cek Londonu da oxumuşuq, Hüseyn Cavidi, Cəfər Cabbarlını da. Əgər bədii əsər hansısa açıq-saçıq səhnəni tələb edirsə, buna normal yanaşmaq lazımdır.
– Amma mentalitet baxımından belə tamaşa və filmlər cəmiyyətdə birmənalı qarşılanmır…
– Əgər mentalitetdən söhbət gedirsə, ətrafda, real həyatda baş verənlərə münasibəti göstərmək rejissorun, nəticə çıxarmaq isə tamaşaçının səlahiyyətinə daxildir. Biz Qərb mədəniyyətindən danışırıqsa, buna sivil münasibət bəsləmək lazımdır. Əlbəttə çadraya bürünmək başqa məsələdir. Əgər teatrdan söhbət gedirsə, rejissor bunu düşünməlidir ki, hansı tamaşanı qoyur və tamaşaçı bunu “yeyəcəkmi”?! Və ən əsası aktyor bunu rejissorun istədiyi kimi təqdim edə biləcək, ya yox?!
– Yeri gəlmişkən, Azərbaycanda aktrisalar yataq səhnəsini canlandırmağa qorxurlar, ya fikirləşirlər ki, cəmiyyət təpkisi ilə qarşılaşacamsa, bunun müqabilində yüksək qonorar versinlər?

– Teatrda qonorar yoxdur, 255-300 manat məvacibdir.
– Yəni məvacib azdır deyə “soyunmurlar”?
– Yox, niyə ki… Əgər o sənəti qəbul edibsə, neçəyə soyunub, neçəyə geyinməsindən söhbət getmir. Çünki artıq o fanatdır və kəfənini geyinib bu sənətə gəlib. Əslində bu suala cavab verə biləcək adam varsa, o da rejissordur. O, tamaşaçısını inandırmalıdır ki, sən gəlib bu tamaşaya baxacaqsan.
– Azərbaycanda elə tamaşalar olub ki, hətta, ziyalılarımız etiraz əlaməti olaraq zalı tərk edib… Məsələn, “Qatil” əsəri…
– Elçinin “Qatil” əsərini çox sevirəm. Mən də eşitdim ki, ikinci quruluş zamanı zalı tərk edənlər olub. Təəssüf ki, mən ikinci quruluşda aktyorların ifasında o tamaşaya baxmamışdım. Hətta mənim ürəyimdən keçdi ki, kaş mən də o əsərdə oynaya bilərdim. O yaşda, o dövrdə, o fiziki gücdə ola biləydim. Sözümün canı budur ki, rejissor düzgün seçim etməli, intim səhnəyə qədər tamaşaçısını hazırlamalı və inandırmalıdır.
– Sizcə, niyə Türkiyə, Rusiya, yaxud da Avropada ərsəyə gələn hər hansı bir film, yaxud tamaşaya Azərbaycanda çox normal baxılır, amma bizim aktrisalarımız belə obrazlara çəkiləndə “topa tut”ulur?
– Avropada elə aktrisalar var ki, intim səhnələri açıq-aydın nümayiş etdirir, eləsi də var bunu yalnız hiss etdirirlər. Əgər Afaq Bəşirqızı kimi fikrimi öyrənmək istəyirsinizsə, deyim: bir az abır-həyamız qalıb, onu da verək bada, bu çətin məsələdir. Biz səhnədə abır-həyamızı bada verə bilmərik…