“Aeroflot” Minskdən başqa bütün dünyaya uçuşlara yasaq qoydu – Səbəbbackend

“Aeroflot” Minskdən başqa bütün dünyaya uçuşlara yasaq qoydu – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynaya hücum fonunda ABŞ başda olmaqla 70-dən çox dünya ölkəsi və 13-ə qədər beynəlxalq şirkətin Rusiyaya qarşı tətbiq etdiyi kəskin sanksiyalar şimal ölkəsinin aviaşirkətlərini əməlli-başlı qorxudub. Belə ki, hələ fevralın 28-dən başlayaraq Rusiyanın “Aeroflot” hava yolları şirkəti hava məkanı məhdudiyyətinə görə, əsas marşrutu olan Avropaya bütün uçuşlarını dayandırmaq məcburiyyətində qalıb. Bu isə həmin şirkətin böyük məbləğdə maliyyə itkisinə məruz qalması deməkdir.
Amma bu, hələ işin yarısıdır. Belə ki, bu hətədən başlayaraq “Aeroflot” Belarus paytaxtı Minsk istisna olmaqla dünyanın bütün digər yerlərinə uçuşları dayandıracaq. Yəni tək Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələr deyil, hətta bu sanksiyalarda iştirak etməyən dövlətlərə də şirkət öz təyyarələrinin uçuşlarına müəyyən müddətə qədər yasaq qoyub. Avropaya uçuşların dayandırılması aydın məsələdir ki, şirkət üçün ciddi maliyyə itkisidir. Ona görə də belə təsəvvür yarana bilər ki, əsas uçuş məkanının bağlanması ilə “Aeroflot” şirkəti müflis olduğundan digər marşrutlara münasibətdə də anoloji addım atmağa məcbur olub.
Bir çoxları da bu qadağanın əsasında sanksiyalar fonunda rusların xaricə axınının qarşısını almaq məqsədi dayandığını düşünür. Belə ki, son günlər Rusiyanın bir sıra məşhurları, müğənni Alla Puqaçova, siyasətçi-jurnalist Kseniya Sobçak və digərləri ölkəni tərk ediblər. İddia edilir ki, Kreml bu addımla Rusiya vətəndaşlarının hərəkət azadlığını məhdudlaşdırmağa hazırlaşır.
Lakin “Aeroflot”un bu addımının arxasında başqa məqamlar dayanır. Belə ki, hazırda sanksiyalarla bağlı olaraq Rusiya və rusiyalıların xaricdəki əksər mülklərinə həmin ölkə rəsmiləri tərəfindən həbslər qoyulur. Hətta bu əsasda hazırda xaricdə olan bəzi Rusiya gəmilərinə də həbs qoyulub. Görünür, “Aeroflot”u narahat edən də məhz budur. Onlar hətta sanksiyalara qoşulmayan ölkələrə uçan hava uçaqlarının da müsadirə ediləcəyindən ehtiyatlanırlar. Yəni istifadələrində olan təyyarələrin itirilməsi təhlükəsi “Aeroflot”u belə bir qərar verməyə vadar edib.
Qeyd edək ki, son məlumatlara görə, “Aeroflot” hava yolları şirkətinin sərəncamında 26 ədəd Airbus319-100, 5 ədəd Airbus 320-200, 15 ədəd Boeing 737-800, 9 ədəd Boeing 747-400, 1 ədəd Boeing 777-200, 5 ədəd Boeing 777-300 sərnişin təyyarəsi var.