Tribuna İnformasiya Agentliyi

Adil Vəliyevin rayonunda ÖZBAŞINALIQ – “Otağın birini, damı söküb getdilər…”

07 Aprel

Sabunçu rayonu Əmir Bağırov küçəsində – “Balaxanı Oil” neft şikətinə məxsus ərazidə qeyri-qanuni məskunlaşanlar illərdir evlərinin qəflətən söküləcəyi qorxusu ilə yaşayırlar. Şikətin neft ərazilərini mühafizə edən “Tornado” mühafizə xidmətinin bir qrup əməkdaşı ötən həftə Ə.Bağırov küçəsi, 78-də II qrup əlil Hafiz Müseyibova məxsus evi söküb. Yaxınlıqdakı digər evlərin sakinlərinə də xəbərdarlıq edilib ki, günlərin bir günü onların da evlərini sökməyə gələcəklər.

Neftlə çirklənmiş bu ərazidə 1993-cü ildən indiyədək minlərlə ev tikilib. Məhəllə ikiyə yerə ayrılıb, imkanlıların evləri yerləşən ərazi abadlaşdırılıb, asfalt yol çəkilib. Gecəqondu tipli mənzillərə gedən kələ-kötür torpaq yol isə yayın qızmar günləri belə keçilməzdir.

Hafiz Museyibov deyir ki, 2003-cü ildə ev tikərkən bələdiyyə də daxil olmaqla bir neçə təşkilatdan şifahi razılıq alıb. 15 ildir kommunal xərcləri ödəyir. “Həyat yoldaşım və övladlarımı zorla evdən çıxarılıblar. Evin bir otağını, damını söküblər. Yalnız səs-küydən sonra söküntünü yarımçıq saxlayıblar. Amma bir otaq, dam örtüyü sökülüb. İndi 6 və 15 yaşlı övladlaımla balaca bir otağa sığınmışıq, nə mətbəx, nə də hamam var”, -şikayətçi virtualaz.org saytına danışıb.

Adil Vəliyevin rayonunda ÖZBAŞINALIQ

Museyibov deyir ki, Bağırov küçəsində onun kimi qanunsuz ev tikən minlərlə sakin var. Amma villalar deyil, kasıb komada yaşayanlar qorxu altında saxlanılır. Museyibov deyir ki, söküntü üçün gələn mühafizə xidmətinin əməkdaşları evin qanunsuz olduğunu əsas gətiriblər: “Qanunsuz tikililərin sökülməsi üçün məhkəmənin qərarı olmalıdır. Əlil kimi ayda 140 manat pensiya alıram, günəmuzd fəhləlik edirəm. İndiyədək özümə bir mətbəx də tikə bilməmişəm. 15 yaşlı uşaq mənimlə bir otaqda yatır. Gecə-gündüz fikirləşirəm, axı o qədər qanunsuz tikilinin içində niyə məhz mənim komamı sökmək istəyirlər?”

Əmir Bağırov küçəsində bir tərəfdən söküntü getsə də, digər tərəfdə yeni evlər inşa edilir. Sakinlər deyirlər ki, yalnız tikinti zamanı deyil, heç olmasa 2-3 ildən bir söküntü üçün gələnlərlə dil tapmaq şərtdir. Onların haqqını verməsən tikinti aparmağa da qoymurlar.

Adil Vəliyevin rayonunda ÖZBAŞINALIQ

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, həmin ərazidə işlək quyuların yaxınlığında ev tikənlər də var. Hətta bəzi yerlərdə işlək quyuları hasarlayıblar.

“Evlərin tikintisinə o vaxt razılıq verilə bilər ki, geoloqlar orada neft olmadığını rəsmi təsdiqləsinlər. Bu halda ərazi şirkətin balansından çıxarılıb bələdiyyəyə verilə bilər. Məsələn, Qum Adası NQÇİ-yə məxsus torpaqlar inventarizasiya olunub . Çünki orada neftin olmadığı təsdiqlənib”, -hüquq müdafiəçisi deyib.

“Balaxanı Oil” şirkətinə məxsus torpaqlarda tikilən evlər isə köçürülməlidir. M.Qəhrəmanlı neftlə çirklənmiş ərazilərin sağlamlıq üçün təhlükəli olduğunu deyir. “Lakin bu o demək deyil ki, vətəndaşa xəbərdarlıq etmədən, məhkəmə qərarı olmadan evi sökülə bilər. Bunun üçün məhkəmənin qərarı olmalıdır. Oradakı evlərin söküntüsündən əvvəl proqram hazırlanmalı, adamlar evlə təmin edilməlidirlər. Nəzərə alaq ki, neftlə çirklənmiş ərazidə ev tikdirənlər kasıb, digər ərazilərdə ev almaq üçün imkanı olmayanlardır”, -Qəhrəmanlı əlavə edib.

Museyibov və yaxınlıqdakı gecəqonduların sakinlərinin yuxusu ərşə çəkilib, məhəlləyə yada dam gələn kimi evlərin sökülmə qorxusu ilə həyəcan keçirirlər. Virtualaz.org