“Adam gətir, pul qoy, qazan” – Azərbaycanda 140 min insanı necə aldadıblarbackend

“Adam gətir, pul qoy, qazan” – Azərbaycanda 140 min insanı necə aldadıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının sosial şəbəkələrin imkanlarından geniş istifadə edərək insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən daha bir mütəşəkkil dəstənin üzvlərini ifşa etmələri ilə bağlı məlumat yayıldı.

Məlumatda bildirilirdi ki, bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub. Araşdırma nəticəsində isə məlum olub ki, bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil ediblər və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər.

İndi isə gəlin bu məsələyə daha yaxından baxaq. Bu şirkət barədə əvvəllər də eşitmişdim. Hətta dəvət də almışdım. Dəvət zamanı həmin şirkət üzvləri açıq-aydın bildirirdilər ki, “bu riskdir. Qazana da bilərsən, itirə də”. Yəni seçimi sənin özünə buraxırdılar. Gəlir isə indiki dövr üçün çox cəlbedici idi. Məsələn, 100 dollar qoyursansa, 60 günün tamamında bu məbləğ 150 dollar olur. Əgər özünlə bərabər başqa üzvlər də gətirsən, bu zaman həmin şəxsin qoyduğu məbləğin 15 faizi və gündəlik olaraq cüzi də olsa, müəyyən məbləğdə pullar sənin balansına əlavə olunur. Yazdırdığın şəxlərin sayı ondursa, bu zaman sən “biznesmen” rütbəsi alərsan və səndən aşağıdakı bütün qollardan sənə müyyən faizlər gəlməyə başlayır. Yazdırdığın insanların və yatırılan pulların rəqəmləri artdıqca sənin rütbən və qazancın daha da artır.

Təbii ki, bu rəqəmlər, maaşa baxan, minumum əmək haqqı ilə ailəsini saxlamağa məcbur olan insanlar üçün göydəndüşmə hesab olunur. “İnsuccess” adı ilə fəaliyyət göstərən şirkətə 140 000 insanın üzv olduğu deyilir. Bu insanların hamısı təbii ki, savadsız, biliksiz, dünyadan xəbərsiz olan insanlar ola bilməz. Onların arasında vəzifə, söz sahibi, hətta iki universitet diplomuna sahib olan insanlar da var. Bu zaman bir sual yaranır: “Bəs bu insanlar riski bilə-bilə necə oldu ki, aldandılar”?

Düşünmürəm ki, bu şirkətə üzv olan 140 min insan sırf aldanaraq qoşulub. Qoşulan insanların əksəriyyəti çarəsizlikdən, ümidsizlikdən, borc bataqlığından qurtulmaq üçün bu üsüla əl atmalı olub. Necə deyərlər, “suda boğulan saman çöpündən yapışan” sayaq.

İndi isə ən çox əziyyət çəkənlər də məhz həmin insanlardır. Çarəsiz bir vəziyyətdə batan pullarının aqibətinin necə olacağını gözləyirlər. Şirkətin daha üst vəzifələrdə yer tutmuş işçiləri isə sanki yoxa çıxıblar.

Sonda qeyd edim ki, bu cür şirkətlərdə təbii ki, qazananlar da az deyil. Lakin onlara baxıb şirniklənməyin sonu bu gün evini, maşınını, pensiyasını, illərdir yığdığı “qara gün” pulunu bura yatıran və dədrlərini kimə deyəcəklərini bilməyən insanların aqibəti kimi ola bilər.

Leyla Mirzə, Bizimyol.info