“ACCESS BANK”DAN SUİ-İSTİFADƏ VƏ ABSURD TƏLƏB – EKSPERT MƏRKƏZİ BANKA ÇAĞIRIŞ ETDİbackend

“ACCESS BANK”DAN SUİ-İSTİFADƏ VƏ ABSURD TƏLƏB – EKSPERT MƏRKƏZİ BANKA ÇAĞIRIŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan bank sistemində elə qəribə və absurd hadisələr baş verir ki, qanunvericilik özü buna mat qalır. Ölkə bankları yalnız öz çıxarları və maraqları naminə iş prinsiplərini qurduğu üçün vətəndaşların əksər hallarda istəkləri nəzərə alınmır. Yəni əsas odur ki, bank qazansın, bank zərər etməsin, vətəndaşın hüquqları isə müxtəlif bəhanələrlə ayaqlar altına atılır.
Misal üçün ub günlərdə “Access Bank”ın müştəridən absurd tələbini göstərmək olar. TİA.Az xəbər verir ki, Araz Nəzər sosial şəbəkə hesabında problemini ictimailəşdirib. Onun sözlərinə görə, bank krediti vaxtından əvvəl bağlayarkən, növbəti iki ayın faizini də alır: “Bu göstərilən xidmət üçün mənfi haldır. Krediti tez bağlayan müştəri bir daha ordan kredit götürməz”.
Doğurdan da ağılasığmaz tələbdir. Müştəri məhz iki ay əvvəl bağlayır ki, faiz çıxılmasın, qabağa düşsün, bank isə bağlanmış borcun iki ay sonrakı faizlərini də alır. Onun bu paylaşını sosial şəbəkədə müzakirələrə yol açıb.


Əksəriyyət “Access Bank”in tələbini qanunsuz və saxtakarlıq adlandırıb. Vətəndaşlar hesab edirlər ki, bank müştərinin hüquqlarını pozur. Onlar bankın bu addımının yanlış olduğunu, belə bir davranışın lombarda xas olduğunu vurğulayıblar.
Bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə TİA.Az-a bildirib ki, sözügedən məsələ bizim qanunvericilikdə təəssüf ki, birmənalı öz əksini tapmayıb: “Ona görə də bəzi banklar bundan sui-istifadə edir. Amma ümumilikdə qanunvericiliyin ruhundan çıxış edərək vətəndaşlara yəni istehlakçıya qarşı bu müddəa məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Əgər kimsə gedib bankdan istehlak krediti götürür, vaxtından əvvəl qaytarırsa, bank ondan buna görə faiz hesablaya bilməz”.
Ə.Həsənoivun fikrincə, bu, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanundan və Mülki Məcəllənin ümumi prinsiplərindən gəlir: “Ancaq sahibkara bunu aid etmək olmaz. Sahibkara qarşı bank belə edirsə, qanun pozmur. Əgər hər hansı bir vətəndaş sözügedən halla üzləşibsə, məsləhət görürəm ki, Mərkəzi Banka şikayət etsin, ordan nəticə ala bilmədikdə isə məhkəməyə müraciət etsin”.

Aytac

TİA.Az