ABŞ UKRAYNAYA NİYƏ HÜCUM SİLAHLARI VERMİR? – POLİTOLOQDAN FƏRQLİ ŞƏRHbackend

ABŞ UKRAYNAYA NİYƏ HÜCUM SİLAHLARI VERMİR? – POLİTOLOQDAN FƏRQLİ ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ və Qərb koalisiyası siyasi qətiyyət və iradə nümayiş etdirməkdə maraqlıdırlarsa, Ukrayna silahlı qüvvələrinə əks hücuma keçmək üçün lazımi silahlar verilməlidir”.
Bunu TİA.Az-a politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, hazırda Ukrayna silahlı qüvvələrinin say tərkibinin artırılmasına da böyük ehtiyac yaranıb: “Rusiya və Ukrayna arasında gedən müharibə artıq uzun müddətdir ki, davam edir. Fevral ayının 24-də başlayan müharibənin bu qədər uzun çəkməsi ilə bağlı heç bir ehtimal yox idi. Rusiya tərəfi qısamüddətli zaman kəsiyində öz hərbi planlarını reallaşdırmağı düşünsə də Ukrayna xalqının böyük müqaviməti ilə qarşılaşdılar.

Lakin hazırda Rusiya tərəfi Xerson və Mariopul istiqamətində əldə etdiyi uğurlardan sonra qeyri-müəyyən bir vəziyyət yaranıb. Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ-ın qəbul etdiyi “Lend-Liz” proqramı üzrə Ukraynaya bir sıra silahlar veriləcək və burada hücum silahları da yer alacaq. Bu günə qədər Ukrayna silahlı qüvvələrinin təchizatında əsasən müdafiə qabiliyyətli silahlar üstünlük təşkil edirdi. Hazırda hücum silahlarına böyük ehtiyac var. Vladimir Zelenski də öz çıxışında işğaldan azad olunma tarixi ilə bağlı fikirlərə toxunub və bildirib ki, biz xalqa bağlıyıq və hücum silahlarını gözləyirik. Ola bilsin ki, lend-liz proqramı ilə bağlı Ukraynanın böyük gözləntiləri var”.

Ekspert deyib ki, eyni zamanda logistika sahəsində də müəyyən problemlər yaşanır: “Lakin nəzərə almaq lazımdır ki, bu silahlar nəzərdə tutulduğu dövrdən gec verilərsə, bu Ukrayna üçün çox pis sonluqla nəticələnə bilər. Çünki Rusiya da güclü texnikasını cəlb etməkdə davam edir. Qısa müddət ərzində qarşıya böyük hədəflər qoyulmuşdur və Rusiya tərəfi artıq siyasi-diplomatik zəmində əldə etdiyi hərbi nailiyyətləri istifadə etməyə çalışır.

Bu ritorikanı biz Putin və Ərdoğan arasında keçirilən telefon danışığında da müşahidə etdik. Təbii ki, hərbi sahədə əldə olunan istənilən uğur siyasi sahəyə siraət edir və rəsmi Moskva da bundan məharətlə istifadə edir. Ona görə də Ukrayna cəbhəsində ABŞ və Qərb koalisiyası siyasi qətiyyət və iradə nümayiş etdirməkdə maraqlıdırlarsa, Ukrayna silahlı qüvvələrinə əks hücuma keçmək üçün lazımi silahlar verilməlidir. Ukrayna tərəfinin digər bir çətinliyi də insan resursları ilə bağlıdır. Müharibənin ilk günlərində bütün şəxslərə müdafiə üçün silahlar paylanılsa da hazırda insan resursları qıtlığı da nəzərə çarpır. Bu baxımdan Ukrayna silahlı qüvvələrinin say tərkibinin artırılmasına da böyük ehtiyac yaranıb”.

Aytac
TİA.Az