Tribuna İnformasiya Agentliyi

ABŞ təzyiq göstərdi: “Çirkli pulların cənnəti” qapılarını bağladı

21 Dekabr

Kipr bankları qapılarını burada pul yatırmaq istəyən rusiyalı iş adamlarının üzünə bağlayır.

Kiprdə 10 ildən çox müddətdə şirkət yaradıb iş quran Mixail adlı rus biznesmeni Almaniyanın “Frankfurter Rundschau” qəzetinin yazarı Herd Helerə indi yerli bankların onunla bütün münasibətləri kəsdiyini söyləyib.

“Kipr həmişə keçmiş SSRİ ölkələrindən gələn imkanlı adamların sevimli sığınıcağı olub. Onlar Aralıq dənizinin bu gözəl adasında vergi orqanlarından qaçırdıqları pullarını gizlədiblər. Lakin indi bu iş adamlarının başı üstündə qara buludlar gəzir. 2018-ci ilin ortalarında Kiprin Mərkəzi bankı bir gündə yaradılan bütün firmalara pul transferlərini yasaqlayıb”, – deyə müəllif qeyd edir.

Məqalədə Kiprin 2008-ci ildə Avropa Birliyinə üzv olduqdan sonra Rusiya pullarının adaya su kimi axdığına diqqət çəkilir. 2010-cu ildə Kipr banklarının ölkə iqtisadiyyatındakı payı birdən-birə 9 dəfə artıb. Maliyyə institutları öz müştərilərini pullarını əsasən Yunanıstanın olduqca gəlirli, lakin bir o qədər də riskli dövlət istiqrazlarına yatırmağa sövq ediblər. Bunun sayəsində Kiprin bank sistemi də 2012-ci ildə Yunanıstanın borc burulğanında batmaq təhlükəsi ilə üzləşib.

İndi isə Kiprin maliyyə naziri Harris Georgiades hər şeyi yerinə oturtmaq niyyətində olduqlarını bəyan edir.

Helerin fikrincə, bütün bunlar ABŞ-dan gələn təzyiqlərdən sonra mümkün olub. Rəsmi Vaşinqton 2015-ci ildən bu yana keçmiş MDB məkanından gələn çirkli pulların yuyulması ilə bağlı Kipr rəhbərliyini xəbərdar edir.

İnsayderlərin (işin içində olan ekspertlər) dəyərləndirməsinə görə, Kirpin cənub hissəsində Rusiya, Ukrayna və keçmiş SSRİ-nin digər dövlətlərinə məxsus vətəndaşların adına 100 minə yaxın firma var. Bu şirkətlərin hamısı korrupsiya yolu ilə əldə olunan milyardlarla vəsaitin “yuyulması” və offşor hesablara köçürülməsindən ötrü qurulub.

Burada Rusiya oliqarxlarının fəallığı xüsusilə diqqəti cəlb edir. Məsələn Rusiya prezident Vladimir Putinə yaxın iş adamlarından sayılan oliqarx Viktor Vekselberq “Bank of Cyprus”un mühüm səhmdarıdır.

Kiprin ikinci ən böyük maliyyə təşkilatı sayılan “Hellenic Bank”ın 25%-i belaruslu biznesmen Viktor Kislıya məxsusdur.

Lakin həmin səhmdarlar da Kipr banklarına ABŞ-ın təzyiqləri ilə müştərilərdən pul qəbul etməzdən qabaq onların mənbəyini yoxlamağa mane ola bilmirlər.

“Hellenic Bank”ın icraçı direktoru Yannis Matsisin sözlərinə görə, hələ keçən il bank 50 mindən çox şübhəli hesabı qapadıb.

“Bank of Cyprus” isə 8 min müştərisi ilə vidalaşmalı olub. Bunun sayəsində bankın 3,6 milyard avro pul itirdiyi deyilir.