ABŞ Rusiya ilə bağlanmış daha bir sazişdən çəkilirbackend

ABŞ Rusiya ilə bağlanmış daha bir sazişdən çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya öhdəliklərini yerinə yetirənə qədər ilə Açıq Səma Sazişindən çəkiləcəyik”.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Qərarın bu gün Kremlə bildiriləcəyi deyilir.
“Rusiya ilə münasibətlərimiz çox yaxşıdır, lakin onlar bu sazişə riayət etmir. Moskva öhdəliklərini yerinə yetirənə qədər sazişdən çəkiləcəyik, ancaq bu, yeni bir razılaşma əldə etmək ya da elə bu sazişi yenidən qaydasına qoymaq üçün yaxşı fürsətdir. Biz bu sazişdən çəkildikdən sonra Rusiyanın geri qayıdacağını və yeni bir saziş bağlamaq istəyəcəyini düşünürəm”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Açıq Səma Sazişi 1992-ci ildə bağlanıb. Sənədi əksəriyyəti NATO üzvü olan 34 ölkə imzalayıb. Sazişə əsasən tərəflər bir-birlərinin hava məkanında silahsız müşahidə uçuşları həyata keçirə bilərdilər.
Bu qərar qəbul ediləcəyi təqdirdə Tramp administrasiyası ABŞ-ın Rusiya ilə bağladığı 3-cü sazişdən çəkilmiş olacaq. Belə ki, bu vaxta qədər Vaşinqtonla Moskvanın tərəf olduğu daha iki saziş ləğv edilib. Onlardan biri 2016-cı ildə İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın bağladığı nüvə sazişi idi ki, Tramp hakimiyyətə gəldikdən qısa müddət sonra müqavilədən geri çəkildiklərini elan etdi və İrana qarşı sərt sanksiyalar tətbiq edilməyə başlanıldı. Digəri isə 1987-ci ildə ABŞ-la Sovet İttifaqı arasında bağlanan, SSRİ-nin dağılmasından sonra isə Rusiyanın öhdəliklərini qəbul etdiyi Ortamənzilli Nüvə Gücü Sazişi idi. Tramp bu qərarında da Rusiyanın öz öhdəliklərini yerinə yetirməməsini əsas gətirmişdi. Hazırda ABŞ-la Rusiya arasında qalan yeganə saziş New START, yəni Strateji Silahların Azaldılmasına dair Yeni Müqavilədir. 10 il müddətinə bağlanan bu razılaşmanın vaxtı isə 2021-ci ildə bitir və görünən odur ki, Vaşinqton bu sazişin də müddətini uzatmaq niyyətində deyil.